BolgeXeber.Com » Gündəm » Şəmkir Maliyyə İdarəsinin rəisi ilə bağlı şok məlumatlar

Şəmkir Maliyyə İdarəsinin rəisi ilə bağlı şok məlumatlar

31-10-2014, 14:30
Oxunub: 7 883 Samir Şərifovun vəzifəyə qaytardığı Nazim Məlikov sahibkarlıqla məşğuldur

Yerli məmuru komitədə çalışan qohumu himayə edir

Maliyyə naziri Samir Şərifov vəzifədən uzaqlaşdırılan rəisi işə bərpa edib. Belə ki, bir müddət əvvəl müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılan Şəmkir rayonu Maliyyə İdarəsinin rəisi Nazim Məlikov yenidən öz vəzifəsinin icrasına başlayıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, Şəmkir rayonunda məişət zəminində baş vermiş hadisənin obyektiv araşdırılması üçün bu il avqustun 7-də Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılmışdı.

Qeyd edək ki, Şəmkir rayonunda məişət zəminində baş vermiş hadisənin obyektiv araşdırılması üçün nazir Samir Şərifov elə həmin gün müvafiq əmr vermişdi. Həmin göstərişə əsasən Maliyyə Nazirliyinin Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi Nazim Məlikov müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılmışdı. Bildirilirdi ki, aidiyyəti orqanların həyata keçirəcəyi araşdırmaların nəticəsindən asılı olaraq Nazim Məlikovun əmək fəaliyyəti ilə bağlı qərar veriləcək. Qərar bir neçə gün əvvəl - oktyabrın 29-da verildi. Amma Naliyyə İdarəsi rəisinin xeyrinə.

Nazim Məlikovun oktyabrın 29-da nazir Samir Şərifovun müvafiq əmri ilə vəzifəsinə bərpa olunmasının bir sıra amillərlə bağlı olduğu bildirilir. Maliyyə Nazirliyindən verilən xəbərdə qeyd olunur ki, Şəmkir rayon Prokurorluğunun həyata keçirdiyi araşdırmalar nəticəsində sözügedən işdə cinayət tərkibi müəyyən edilməyib. "Beləliklə də, Nazim Məlikovun vəzifəsindən azad edilməsi üçün səbəb qalmayıb" - deyə mətbuat xidmətindən deyilir. Qeyd edək ki, avqust ayının 5-də Şəmkirdə Maliyyə İdarəsinin rəisi tərəfindən torədilmiş qanlı olayın təfərrüatı ilə bağlı yeni məlumatlar əldə etmişik. Aydınlatma üçün qısaca olaraq vurğulayaq ki, qəzetimizin avqust ayında işıq üzü görən saylarında, Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikovun şəxsi münasibətlər zəminində rayonun Düyərli kənd bələdiyyə sədrinin müavini, 1953-cü il təvəllüdlü Zakir Tağıyevə bıçaqla xəsarət yetirməsi haqda xəbər vermişdik. Yaralı dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açıldı, araşdırma aparıldı. Rayondakı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, bıçaqlanan Zakir Tağıyev Nazim Məlikovun uşaqlıq dostudur və bələdiyyənin keçmiş sədridir. Lakin münaqişə heç də Nazim Məlikovla Zakir Tağıyev arasında baş verməyib. Hadisənin təfərrüatı ilə bağlı qəzetimizi məlumatlandıran şəxs iddia edir ki, keçmiş idarə rəisi hazırda bələdiyyə sədri olan, qaynı Cəfərov Rafiq Məhəmməd oğlunu bıçaqlamaq istəyib. Zakir Tağıyev onu saxlamağa çalışsa da, nəticədə bıçaq ona dəyib. Rafiq Cəfərov isə hadisə yerindən uzaqlaşıb. Cinayət əməlinə səbəb isə Nazim Məlikovla bələdiyyə sədri Rafiq Cəfərov arasında yaranmış mübahisə olub. Belə ki, uzun illərdir qeyri-rəsmi olaraq ortaq kimi çalışan şəxslər qəfildən düşmənə çevriliblər. Məlumatlı mənbələr iddia edirlər ki, Nazim Məlikov maliyyə idarəsinin rəisi olduğu vaxtlarda öz şəxsi biznesini də qurub və hətta iş adamlarına müxtəlif məbləğlərdə borc pul verir. Pulun qaytarılma vaxtı əvvəlcədən razılaşdırılsa da, Nazim Məlikov qısa müddətdən sonra pullarını geri istəyirmiş. İş adamları, təsərrüfatçılar pulu qaytara bilmədikdə Nazim Məlikov onlara məxsus torpaq sahələri və istilik komplekslərini mənimsəyirmiş. Onun mənimsədiyi istilik komplekslərindən birinin qiymətinin çox baha olduğu bildirilir. Konkret olaraq Rafiq Cəfərovla münaqişəyə gəldikdə, Şəmkirdəki mənbəmiz deyir ki, Nazim Məlikov Rafiqlə şərik imiş. Həm də onun bir vaxtlar bələdiyyə sədri seçilməsində sözügedən şəxsin böyük rolu olub. Aralarındakı münaqişənin səbəbi isə "Düyərlipetrol" yanacaqdoldurma məntəqəsi ilə əlaqədar imiş. Deyilənə görə, yanacaqdoldurma məntəqəsinin sahibi Rafiq Cəfərov olsa da, onun gəlirinə Nazim Məlikovla şərik imiş. Lakin bununla kifayətlənməyən Nazim Məlikov şərikindən tələb edib ki, "Düyərlipetrol"u ona versin. Rafiq Cəfərov isə bununla razılaşmayıb və özünə məxsus obyekti kiməsə verməyəcəyini bildirib. Bundan əsəbləşən Nazim Məlikov Rafiq Cəfərovla söhbətə gedib və elə oradaca qaynını təhqir edib, onun ünvanına ağır ifadələr işlədib. Nazim Məlikov Rafiqə onu bələdiyyə sədri seçdirdiyini, ona gün-güzəran yaratdığını deyib. O, işlətdiyi ağır ifadələrin qarşılığını alanda isə bıçağı çıxarıb Rafiqin üzərinə yeriyib. Lakin onları sakitləşdirməyə çalışan keçmiş bələdiyyə sədri Zakir xəsarət alıb. Qəzetimizi bilgiləndirən mənbə bildirib ki, yaralı hansısa səbəblərdən vaxtından əvvəl xəstəxanadan çıxarılıb. Hadisə günü polis tərəfindən saxlanılan Nazim Məlikov isə sonradan sərbəst buraxılıb. Məlumata görə, Nazim Məlikov Rafiq Cəfərovu yenə də müxtəlif hədələrə məruz qoyub. Mənbəmiz Nazim Məlikovun sərbəst buraxılmasının səbəbi kimi onun dövlət komitələrindən birində çalışan qudasının işə qarışmasını göstərir. Görünür, Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi Nazim Məlikov müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılsa da, onun əvvəlki vəzifəsinə qayıtmasının səbəbləri idarə rəhbərinin himayədarları ilə əlaqədardır.

Maliyyə Nazirliyinin rəhbərliyi Nazim Məlikovun tutduğu vəzifədən kənarlaşdırılsa da, onun əvvəlki vəzifəsinə qayıtmasının səbəblərini Şəmkir rayon Prokurorluğunun həyata keçirdiyi araşdırmalar nəticəsində sözügedən işdə cinayət tərkibi müəyyən edilməməsi ilə əlaqələndirir. Halbuki xəstəxanaya aparılmış Zakir Tağıyevə tibbi yardım göstərilmişdi. Onun vəziyyəti normal olduğundan sonradan evə buraxılıb. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılıb. Şəmkir rayon Prokurorluğu həyata keçirdiyi araşdırmalar nəticəsində sözügedən işdə cinayət tərkibinin müəyyən edilmədiyini açıqlayıb. Halbuki qarşıdurmada və Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi Nazim Məlikov tərəfindən keçmiş bələdiyyə sədri Zakir xəsarət almışdı. Qəzetimizə verilən xəbərlərdə vurğulanır ki, Nazim Məlikov Şəmkir rayon Prokurorluğunda əməlli-başlı "əziyyət"lə üzləşib. Əldə etdiyimiz xəbərlərə görə, himayədarı Nazim Məlikovu bu sınaqdan da çıxara bilib. Qəribədir, Şəmkir rayon Prokurorluğu iki nəfər arasında baş verən qarşıdurma nəticəsində bir nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirilməsində cinayət tərkibinin olmadığını bildirib. Rayon prokurorluğu rəhbərliyinin bunu hansı qanuna əsaslandırdığı təəccüblü görünür.

Nazim Məlikovun indiki karyerasına gəlincə isə, bildirilir ki, Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi heç kimdən çəkinməyərək rayondakı biznesini hələ davam etdirir. O, dövlət komitələrindən birində çalışan qohumuna arxalanaraq obyektlərini işlədir. "Düyərlipetrol" yanacaqdoldurma məntəqəsinin gəlirləri büsbütün Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisinin əlindədir. Nazim Məlikovun hal-hazırda rayon sakinlərinə borc pul verdiyi də vurğulanır. Hal-hazırda Şəmkirdə ona məxsus iri torpaq sahələrinin və istilik komplekslərinin olduğu vurğulanır.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.