BolgeXeber.Com » Gündəm » Ziya Məmmədovun adamları "Şamaxinka"da 12 bina ucaldır

Ziya Məmmədovun adamları "Şamaxinka"da 12 bina ucaldır

31-10-2014, 16:50
Oxunub: 4 449 Azərbaycanda yol və körpü çəkilişilə bağlı kifayət qədər ciddi nöqsanlar var


Tikinti işlərinə nazirə yaxınlığı ilə seçilən Rəsul adlı gənc rəhbərlik edir.Bu gün istər paytaxt Bakının, istərsə də ölkənin digər şəhər və rayonlarının əksər yolları bərbad vəziyyətdədir. Hansı şəhərə, hansı qəsəbəyə üz tutursansa, orada yolların qazıldığını, təmirə bağlanıldığını görmək mümkündür. Təbii ki, ilk baxışdan bu, təqdirəlayiq hadisə kimi qiymətləndirilsə də, əslində həqiqət tamam başqa cürdür. Belə ki, Nəqliyyat Nazirliyi, eləcə də "Azəryolservis" ASC tərəfindən görülən işlər beynəlxalq standartlara cavab vermədiyindən, o cümlədən körpü və yol tikintisi zamanı büdcədən ayrılan vəsaitlərin səmərəli xərclənməməsi səbəbindən yeni istifadəyə verilmiş yollar, körpülər qısa müddətdən sonra dağılır, çökür və nəticədə böyük çala-çuxurlar əmələ gəlir.

Heç şübhəsiz ki, yolların çəkilişinə ayrılan iri həcmli sərmayələrin qarşılığında çox zaman görülən işlər lazımi keyfiyyətdə olmur və qısa müddətdən sonra yenidən təmirə bağlanır. Ekspertlərin qənaətincə, yol tikintisilə məşğul olan şirkətlər yolların böyük bir hissəsini qüsurlu çəkdiyinə görə məsuliyyətə cəlb olunmalıdırlar. Həqiqətən də hazırda Azərbaycanda yol və körpü çəkilişilə bağlı kifayət qədər ciddi nöqsanlar var. Və bu da özünü həm paytaxtda, həm də bölgələrdə aparılan işlərdə aydın formada göstərir...

Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC işinə məsuliyyətlə yanaşmır

Ümumiyyətlə, son zamanlar paytaxtın yol infrastrukturunda kifayət qədər tədbirlər görülməsinə baxmayaraq, yenə də nəqliyyat sistemində tıxac problemi həll olunmayıb. Dövlət büdcəsindən indiyədək məhz tıxacların aradan qaldırılması məqsədilə körpü və keçidlərin, nəqliyyatın hərəkətinin nizamlanmasına hesablanmış elektron idarəetmə sisteminin qurulmasına və s. layihələrə milyardlarla vəsait ayrılıb. Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, 1 kilometr yolun çəkilməsinə görə dünyada ən çox Azərbaycanda pul xərclənir. Belə ki, Rusiyada 1 kilometr yeni yolun çəkilməsi 17,6 milyon dollara, ABŞ-da eyni yol 5,9 milyon, Avropa Birliyi ölkələrində 6,9 milyon, Çində isə cəmi 2,2 milyon dollara başa gəldiyi halda ölkəmizdə isə 1 kilometr yol çəkmək üçün dövlət büdcəsindən təxminən, 18 milyon dollar xərclənir. Bəzi yerlərdə bu rəqəm hər kilometr üçün 24 milyon dolları da ötür. Məsələn, Əzizbəyov dairəsi-Beynəlxalq Hava Limanı yolun tikintisinə 250,3 milyon manat (yolun hər kilometri təxminən 17,8 milyon manata başa gəlib), Hava Limanı-Mərdəkan dairəsi Bilgəh avtomobil yolunun inşasına 70 milyon manat, "Bakı Dairəvi-1" yolunun tikintisinə 115 milyon manat vəsait sərf edilib. Son illərin ən bahalı layihələrindən biri olan Bakı-Quba-Rusiya dövlət sərhədi yolu tikintisinə ümumilikdə, 800 milyon manat (1 milyard dollar) xərclənib. Eyni zamanda, ötən illər ərzində yol təmirinə də küllü-miqdarda pul ayrılıb. Məsələn, Goran-Naftalan avtomobil yolunun əsaslı təmiri 14 milyon manat, Gəncə avtomobil yolunun əsaslı təmiri 20 milyon manat, Bakı-Ələt avtomobil yolunun 50-69 kilomterlik sahəsinin yenidən qurulması 44 milyon manat, Zığ dairəsi-Heydər Əliyev hava limanı avtomobil yolundan Qala stansiyasına və dəniz sahilinə gedən avtomobil yolunun tikinti işləri 38 milyon manat, Ziya Bünyadov prospektilə Əliyar Əliyev küçəsinin kəsişməsində yerləşən dəmir yolu xətti üzərində yol qovşağının reabilitasiya işlərinin aparılması 7 milyon manat, Kürdəmir-İmişli avtomobil yolunun əsaslı təmiri 7 miyon 600 min manat vəsait aparıb. Bu isə deməkdir ki, biz yollarımıza dünyanın superdövləti olan ABŞ-dan 3 dəfə, Avropadan 2.5 dəfə, Çindən isə 8 dəfə çox pul xərcləyirik. Amma keyfiyyətinə gəldikdə yollarımız adıçəkilən ölkələrin yollarından təəssüf ki, dəfələrlə aşağıda durur. Səbəbsə aydındır, ortada ciddi yeyinti və israf faktı var. Bunu ekspertlər də açıq şəkildə bəyan edir və konkret dəlillərlə sübuta yetirirlər...

Xülasə, qayıdaq tıxac məsələsinə. Maraqlıdır, görəsən, bu qədər yeni körpülər və yol qovşaqlarının inşa olunmasına baxmayaraq, yollarımızdakı tıxacların səbəbi nədir? Bunun səbəbini peşəkar mütəxəssislərin iş başında olmamasında görən nəqliyyat üzrə ekspert Zakir Rüstəmov paytaxtda tıxacların yaranmasını avtomobil sayının çoxluğu ilə əlaqələndirənlərin fikirlərinin tamamilə yanlış olduğunu vurğulayıb: "Avtomobiln sayının artması bəhanə olmamalıdır. Avtomobil artımı olacaq və bu, labüddür. Avropada hər 1000 nəfərə ən azı 500-600 avtomobil düşür. Yəni 2 nəfərə 1 və ya 1,2 avtomobil düşür. Biz bunları görüb gələcəyə hazır olmalıyıq. Niyə onlarda tıxaclar bizdəki qədər deyil? Çünki yol infrastrukuru orada düzgün qurulub ki, nəqliyyat vasitələri normal hərəkət edə bilsin. Yaxud, bizdə yolların salınması və təmiri məsələsinə diqqət edin. Küçələrin təmiri, avtomobil nəqliyyatının hərəkətinin təşkili, yol hərəkətinin qurulması bunlar hamısı şərtdir. Bizdə bir küçə açılmadan o biri küçənin təmirinə başlanılır. Təmir işlərinin belə qaydada aparılması düzgün deyil. Hansı təlimatla bunlar iş görür, hələ elmə də bunlar məlum deyil. Təmir işləri aparılan zaman nəqliyyatın maneəsiz hərəkəti üçün hər bir şərait yaradılmalıdır. Elə olur ki, birdən-birə 5 küçəni eyni vaxtda bağlayıb təmir edirlər. Axı eyni istiqamətə gedən yolları eyni vaxtda təmir üçün bağlamaq heç normal məntiqə də sığmır. Bizim nəqliyyatçılar təəssüf ki, yol çəkməyə və ya təmirinə heç olmazsa, məntiqi yanaşmanı da unudublar". Ekspert hesab edir ki, şəhərsalmada nəqliyyat vasitəsinin yerinin dəqiq müəyyənləşdirilməməsi də bu problemlərin aradan qaldrılmasına imkan vermir: "Əvvəla, bizdə nəqliyyat üçün dayanacaq yerləri minimum səviyyədədir. Taksilər, avtobuslar, yük avtomobilləri hamısı küçədədir ki, bunlar da yollarda problemin yaranmasına səbəb olur". Gördüyünüz kimi, bütün bunlar həm Nəqliyyat Nazirliyinin, həm də "Azəryolservis" ASC-nin işinə məsuliyyətlə yanaşmadığını, nəticədə isə yolların, körpülərin qısa müddətdə bərbad hala düşdüyünü, tıxacların sayının gündən-günə artdığını deməyə əsas verir.

"Ayıq sürücü" xidməti nəqliyyat nazirinin kurasiyasındadır

Hamıya bəllidir ki, ölkənin nəqliyyat sektoruna, körpü və yolların təmirinə, eləcə də tikintisinə birbaşa cavabdeh olan qurum Nəqliyyat Nazirliyidir. Adıçəkilən qurumun başında duran şəxs isə Ziya Məmmədovdur. Onun adı isə indiyədək bir sıra maraqlı məqamlarda hallandırılıb. Məsələn, mətbuatda yer alan bilgilərdə qeyd olunur ki, "Spirtli içki qəbul etmisiniz? Sükan arxasındasınız? Risk etməyə dəyməz, bizə zəng edin. Professional sürücülərimizlə 24 saat xidmətinizdəyik" reklam yazısı ilə müştəri ovuna çıxan "Ayıq sürücü" xidməti məhz nəqliyyat nazirinin kurasiyasındadır. Məlumat üçün bildirək ki, bu xidmətin qiyməti 10-25 manat civarında dəyişir. Reklam vərəqələrində "Ayıq sürücü" xidmətinin hansı ərazini əhatə etməsi aydın göstərilməsə də, bu xidmət haqlarının yalnız şəhər daxilində məsafəyə görə müəyyən edildiyi güman olunur. Beləliklə, araşdırmalar zamanı "Ayıq sürücü" xidmətinin nəqliyyat nazirinin adamları tərəfindən təşkil olunduğu bəlli olub. Düzdür, bu işə digər adamlar da baş vurmaq istəsələr də, Ziya Məmmədov bu sahənin nəqliyyat sektoruna aid olduğunu bildirərək onu öz inhisarına ala bilib. O da bəlli oldu ki, xidmətin sürücülərinin avtomobili idarə etdiyi müddətdə onu qəzaya salacağı təqdirdə hüquqi məsuliyyəti müəyyən edilməyib. Bundan başqa, həmin sürücülərin peşəkarlıq səviyyəsi, təcrübəsi haqda məlumat verilmir...

Yolların, körpülərin tikintisinə, asfaltlanmasına ayrılan vəsaitlər hesabına ucaldılan binalar

Nəqliyyat nazirilə bağlı digər maraqlı bir informasiyada isə qeyd olunur ki, Ziya Məmmədovun adamları Bakıda bina tikintisilə məşğul olurlar. Paytaxt sakinləri iddia edirlər ki, dövlət büdcəsindən yolların, körpülərin tikintisinə, asfaltlanmasına ayrılan vəsaitlər hesabına nəqliyyat nazirinə yaxınlığı ilə seçilən Rəsul adlı gənc Yasamal rayonu ərazisində, "Şamaxinka"da 12 bina ucaldır. Bu arada, onu da nəzərinizə çatdıraq ki, bir müddət əvvəl azadliq.info-da yayımlanmış məlumatda bildirilirdi ki, Yeni Yasamal-2 qəsəbəsindəki 1 saylı binanın sakinləri sözügedən ərazidə tikinti işlərinə etiraz edərək, hasarı söküblər. Vətəndaşlar deyirlər ki, ərazidə beş mərtəbəli binanın inşası nəzərdə tutulur. Tikinti zamanı ərazidəki ağaclar "soyqırıma" məruz qalıb. Çünki binanın bloku ilə yeni inşa edilən tikilinin arasında cəmi 6 metr məsafə var. Sakinlər iddia edirlər ki, hasara alınan yerə görə hərəkət etmək mümkün deyil, bina tikildikdən sonra isə vəziyyət daha da dözülməz olacaq. Məlumatlara görə, tikinti işlərini nəqliyyat naziri Ziya Məmmədova yaxın olan bir şəxs həyata keçirir. "Ziya Məmmədovun qohumu tikir. Bizə deyirlər ki, səsinizi çıxarmayın, onsuz da Ziya Məmmədova bata bilməyəcəksiz. Azad Azərbaycanda yaşamırıq? Belə şey olar? Kim nə istəyir edə bilər? Kimin pulu varsa, o getməlidir qabağa, camaat ölməlidir? İnsanların gediş-gəlişinin qarşısını alırlar. Kommunal xətlər buradan keçir, birdən qəza olsa, nə edəcəyik? Buna bir əlac tapılmalıdır" deyə etiraz edən vətəndaşlar bildirib.

Nəqliyyat naziri sənaye ilində sənayeçilərə əlavə problemlər yaradır

Bu arada, artıq ölkənin bentonit istehsalçılarının da tam olaraq nəqliyyat nazirinin "himayəsi" altına keçdiklərini vurğulayan gundemxeber.az-ın məlumatında bildirilir ki, ölkədəki kiçik bentonit istehsalçıları tam olaraq sıradan çıxarılır. Belə ki, Ziya Məmmədov bentonitin daşınması ilə bağlı tariflərin artırılmasına dair göstərişlərin əldə edilməsinə nail ola bilib. Bununla da ölkənin regionlarından daşınma xərcləri bahalaşdığından faktiki olaraq yerlərdəki bentonit istehsalçıları iflasla üz-üzə qalıblar.

Dəmir yolunda ixrac tariflərinin artması nəticəsində bentonit gili hasilatı və emalı müəssisələrini rentabelsiz edib. Buna qədər də şirkətlərin mənfəəti xeyli zəifləyib. Qeyd edək ki, 2013-cü ilin sonunda "Azərbaycan Dəmir Yolları" heç bir əsas olmadan ölkə xaricində daşıma xidmətini üçdə bir artırıb. Nəticədə 1 ton bentonitin daşınma xərci 15-dən 22 manata qalxıb. Nəqliyyat xərcləri maya dəyərində 15 fazi keçib, deyə "AzRosPromİnvest" Direktorlar Şurasının sədr müavini, "Daş Salahlı Bentonit" ASC-nin İdarə Heyətinin sədri Arif Rəhimov bildirib: "İndiyədək ixracdan mənfəət 1 ton üçün 5 manat idisə, indi 1,8 manata azalıb. Başqa xərclər də nəzərə alınanda iş ziyanlı olub". Nəzərinizə çatdıraq ki, bentonitdən tikinti, kosmetologiya və s. sahələrdə istifadə edilir. Onu əsasən Rusiyaya ixrac edirlər. Dünya bazarında Yunanıstan və Hindistan benoniti üstünlük təşkil edir. "Xərclər artandan və rublun qiyməti düşəndən sonra Azərbaycan bentoniti rəqabət qabiliyyətini itirib", deyə Arif Rəhimov qeyd edib. Söz yox ki, bütün bunlar onu deməyə əsas verir ki, nəqliyyat naziri sənaye ilində sənayeçilərə əlavə problemlər yaradır...

Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.
gundelik-baku