BolgeXeber.Com » Gündəm » "Azercell"dən növbəti xoşagəlməz addım

"Azercell"dən növbəti xoşagəlməz addım

1-11-2014, 12:10
Oxunub: 2 816 Şirkətin abunəçilərinə göndərdiyi sms-də Azərbaycan dili təhqir olunub

Mobil operatorun fəaliyyətinin Milli Məclisdə tənqid edilməsi aidiyyəti dövlət qurumlarını hərəkətə keçirib.Son günlər "Azercell Telecom" MMC-nin fəaliyyətindən şikayətlərin ardı-arası kəsilmir. Qəzetimizin dünənki sayında Milli Məclisin bəzi deputatlarının, o cümlədən vətəndaşların şirkət haqqında səsləndirdiyi tənqidi fikirləri dərc etmişdik. Qısaca xatırladaq ki, Milli Məclisin son plenar iclasında şirkətlərin elan xarakterli mesajlarının mobil telefonlar vasitəslə insanlara göndərilməsi yenidən gündəmə gəlib. Millət vəkili Elmira Axundova bu mövzuda çıxış edərək insanların aldadılmasından danışıb.

Deputat şəxsi telefonuna gələn reklam tipli mesaji da oxuyaraq şirkətlərin bu tipli elanlarının 70 yaşlı xanıma göndərilməsini gülünc adlandırıb: "Baku Medikal Mərkəzi" bu yaxınlarda mənə mesaj göndərib. Onu oxusam siz də gülərsiniz: "Diqqət, bizdə doğuş 800 manat, qeysəri doğuşu isə 1000 manatdır". Təsəvvür edin ki, bunu 70 yaşlı xanıma da, kişiyə də göndərirlər. Hesab edirəm ki, məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ciddi addım atmalıdır". Millət vəkili təklif edib ki, bu məsələ ilə bağlı işlərə başlanılsın və problem öz həllini tapsın. Qeyd edək ki, məsələnin Milli Məclisdə müzakirəyə çıxarılması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmilərini hərəkətə gətirib və onlar bu istiqamətdə mühüm tədbirlərə başlayıblar. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun müşaviri Müşviq Əmirovun verdiyi məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi abunəçilərin çoxsaylı müraciətlərini nəzərə alaraq sözügedən məsələ ilə bağlı "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlayıb: "Belə ki, telekommunikasiya şəbəkəsi üzərindən reklam və əyləncə xarakterli sms-lərin abunəçilərə avtomatik göndərilməsinin yalnız abunəçinin ilkin razılığı alındığı halda həyata keçirilməsi və bu məsələni əhatə edən digər maddələrin daxil edilməsi təklif olunub. Hazırda bu təkliflər baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib". Nazir müşaviri onu da bildirib ki, Milli Məclisdə qaldırılan şikayətlərlə bağlı nazirlik tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidməti ilə birgə araşdırmalar aparılıb: "Araşdırmalar nəticəsində reklam xarakterli kütləvi sms-lərin bir neçə növü müəyyənləşdirilib. Yeni tarif və ya məhsullar barədə operatorların abunəçilərə göndərdiyi məlumat xarakterli sms-lər, bank və mağazalar tərəfindən reklam xarakterli sms-lər. Mobil operatorlar tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilən məlumatlara əsasən bir çox hallarda istehlakçıların özləri tərəfindən şirkət, bank, mağazalara öz nömrələrini təhvil verməsi həmin abunəçilərə davamlı olaraq sms-lərin gəlməsinə şərait yaradır. Daxil olan sms-lərə görə abunəçilərin balansından pul tutulması isə yalnız abunəçilərin özləri tərəfindən təklif olunan xidmətin aktivləşdirilməsi nəticəsində mümkün olur. Mobil operatorlar istehlakçıların hüquqlarının müdafiəsinin sahibkarlıq fəaliyyətinin maneələr yarada biləcəyini, reklamların digər yayım vasitələrindən, məsələn televiziya və radioda olduğu kimi istehlakçıların iradəsindən asılı olmadığını vurğulasalar da, mobil abunəçilərin həmin reklamlardan imtina ilə bağlı müxtəlif vasitələrə malik olduqlarını qeyd edirlər. Məsələn, reklam daxil olan nömrəyə "stop" yazıb göndərməklə, və ya mobil operatorun müştəri xidmətlərinə müraciət etməklə abunəçi onun nömrəsinə göndərilən reklam xarakterli sms-ləri dayandıra bilər". Qeyd edək ki, "Azercell" mobil operatorunun istifadəçilərinə göndərdiyi bu mesajlarda insanları aldatmaq, onları oyunlara cəlb etmək məqsədi aydın şəkildə özünü büruzə verir. Ən dəhşətlisi isə odur ki, abunəçilər bu tip mesajları qəbul edəndə onların balansından pul silinir. Fikrimizcə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmilərinin məsələyə müdaxiləsi yerində atılmış addım oldu. Bəlkə nazirliyin müdaxiləsindən sonra "Azercell" və digər mobil operator şirkətləri vətəndaşları bezdirən sms-lərdən əl çəkərlər. Bu məsələ səngiməmiş "Azercell Telecom" MMC-nin adı növbəti xoşagəlməz olayda hallandırılıb. Belə ki, sosial şəbəkədə yayılan məlumatlara görə, şirkət Azərbaycan dilini təhqir edib. Şəkildən göründüyü kimi istifadəçiyə göndərilən sms-də "sükut" sözü "sikut" kimi yazılıb. Bu isə Azərbaycan dilinin normalarının pozulması deməkdir. "Azercell"in mətbuat xidmətindən isə bildirilib ki, abunəçilərə həmin sms-lər mobil operator şəbəkəsi vasitəsilə 3-cü şirkətlər - məzmun təminatçıları tərəfindən göndərilir və mətnə görə tam olaraq həmin şirkətlər cavabdeh olur: "Azərcell" bu zaman yalnız texniki dəstək göstərmiş olur". Şirkətdən verilən açıqlama əslində gülüncdür. Axı vətəndaşa göndərilən sms "Azercell"in adı ilə bağlıdır. Yəni bu kimi mesajlarda məzmun təminatçıları göstərilmir. Bəlkə sabah həmin məzmun təminatçıları abunəçilərə təhqir dolu sms göndərəcək, onda necə olacaq bəs? Bu baxımdan, "Azercell" şirkəti belə məsələlərə diqqət yetirməli, məsuliyyəti öz üzərindən atmamalıdır. Biz çox istərdik ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Telekommunikasiya haqqında" Qanuna dəyişikliklərlə bağlı hazırladığı təklif Milli Məclisdə qəbul edilsin və mobil operator şirkətlərinin sms biabırçılığına son qoyulsun.

Mövzu ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var.