BolgeXeber.Com » Gündəm » Paytaxtdakı bahalı şadlıq sarayları hansı məmurlara məxsusdur?

Paytaxtdakı bahalı şadlıq sarayları hansı məmurlara məxsusdur?

5-11-2014, 11:40
Oxunub: 4 207 Qiymətlərin kəllə-çarxa qalxdığı restoranların bir çoxu vergidən yayınır

Elman Rüstəmov «Planet»i, icra başçılarından biri isə « Romance Palace» şadlıq sarayını himayə edir.Son günlər ən çox müzakirə olunan mövzulardan biri də paytaxtda fəaliyyət göstərən şadlıq saraylarındakı içrafçılığın aradan qaldırılması ilə bağlıdır. Məlum olduğu kimi, bu gün Bakıda yerləşən şadlıq evlərinin əksəriyyətində vətəndaşlara bahalı menyu təklif edilir. Bəzi restoranlarda menyunun qiyməti hətta 100-150 manat arası dəyişir ki, bu vətəndaşların bir çoxunun cibinə uyğun deyil. Təbii ki, belə məkanlarda toy etmək hər insana qismət olmur. Kimin maddi durumu yüksəkdirsə, yaxud arxasında adamı varsa bahalı şadlıq saraylarında toy məclisi keçirib cəmiyyətdə səs-küy yaradır. Aparılan araşdırmalar isə göstərir ki, Bakıdakı dəbdəbəli şadlıq saraylarının yetərli hissəsi müxtəlif vəzifələrdə çalışan məmurlara məxsusdur. Nə qədər qəribə səslənsə də, bu həqiqətdir. Qanunvericilik vəzifəli şəxslərin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan etsə də, bəzi məmurlar buna əhəmiyyət vermirlər. Belə ki, ayrı-ayrı vəzifələri tutan məmurların bir neçəsi yaxın qohumlarının adına müxtəlif obyektlər tikdirərək maliyyə imkanlarını daha da yaxşılaşdırır. Toy biznesindən yaxşı gəlirin əldə olunduğunu görən məmurların bir hissəsi bu sahədə əməlli-başlı monopoliya yaradıblar. Bəzi məmurların toy biznesi ilə məşğul olması barədə mətbuatda dəfələrlə məlumat verilib. «Gündəlik Bakı» qəzetində də bu məsələyə bir neçə dəfə toxunmuşuq. Lakin məmurlara məxsus şadlıq saraylarında vəziyyət düzəlmir ki, düzəlmir. Hələ üstəlik həmin şəxslər tutduqları vəzifələrdən sui-istifadə edərək vergi, sosial sığorta və digər məsələləri heç nəsiz yoluna qoyurlar. Başqa sözlə desək, müxtəlif məmurlar tərəfindən himayə olunan şadlıq sarayları dövlətə normal şəkildə vergi keçirmirlər və vergidən yayınırlar. Bu azmış kimi, onlar işə götürdükləri şəxslərlə əmək müqaviləsi bağlamırlar. Bu isə nəhayətdə əmək qanunvericiliyinin tələblərinin pozulmasına gətirib çıxarır. Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Bakının ən bərk gedən şadlıq saraylarının arasında «Neptun saray», «Oscar», «Ağ saray», «Planet», «Romance Palace», «Hollivud» kimi restoranlar xüsusi yer tutur. Ötən saylarımızdan məlum olduğu kimi, paytaxtın Nizami rayonunda yerləşən «Planet» şadlıq sarayı Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmovun biznesinə daxildir. Deyilənə görə, şadlıq evinə nəzarət funksiyasını bank sədrinin qardaşı Talıb Rüstəmov həyata keçirir. Xatırladaq ki, bir müddət əvvəl Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə şadlıq sarayını işlədən şəxslər arasında problem yaranmışdı. Belə ki, icra hakimiyyətinin rəsmiləri şadlıq evinin bir hissəsinin plana düşdüyündən söküləcəyini bildirmişdi. Amma sonradan Elman Rüstəmovun məsələyə müdaxilə etməsi «Planet»in üzərində dolaşan qara buludları dağıtmağı bacardı. Beləliklə, menyu qiymətlərinə görə baha olan şadlıq evi sökülmək təhlükəsindən sovuşdu. Onu da bildirmək istəyirik ki, sözügedən şadlıq evində mövcud olan problemlərdən biri də vergi məsələləri ilə bağlıdır. Bizdə olan məlumatlara görə, «Planet»də Ramazan və Məhərrəm ayları istisna olmaqda ilin yerdə qalan tarixlərində hər gün toy və nişan mərasimləri təşkil olunur. Şadlıq sarayının rəhbərliyi toy və nişan məclislərindən ay ərzində külli miqdarda gəlir götürsə də, dövlətə düz əməlli vergi keçirmir. İddialara görə, restoranın vergidən yayınmasında Elman Rüstəmov amili böyük rol oynayır. Məhz Elman Rüstəmovun himayəsinə arxalanan şadlıq sarayının rəhbərliyi bu sahədə müəyyən edilmiş standartlara da əhəmiyyət vermir. Bakının bahalı şadlıq saraylarından biri də « Romance Palace»dır. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, şadlıq evi paytaxtın icra başçılarından birinə məxsusdur. Mənbəmiz deyir ki, həmin məmur icra başçısı postuna təyinat alana kimi restoran biznesi ilə məşğul olub. İcra hakimi təyin olunandan sonra isə sahibi olduğu şadlıq evini yaxın dostlarından birinə bağışlayıb: «O dövlət vəzifəsində möhkəmləndikdən sonra möhtəşəm « Romance Palace» şadlıq sarayını tikdirdi. Burda ən ucuz menyu 60-70 manatdan başlayır. Müştərilərə 120 manatlıq menyu da təklif edilir. Belə bahalı şadlıq evində toy edən şəxslərin çoxu imkanlı insanlardır. Şadlıq evinin aylıq gəliri böyük pullara bərabər olsa da, dövlətin büdcəsinə cüzi miqdarda vergi keçirilir». Fikrimizcə, dövlət səviyyəsində şadlıq sarayları ilə bağlı ciddi islahatlar həyata keçirməyin vaxtı çatıb. Hesab edirik ki, ayrı-ayrı məmurlara məxsus olan şadlıq evlərinin fəaliyyətinə qadağa qoyulsa, bu sahədəki israfçılıq və bahalıq aradan qaldırılmış olar.

Qarşı tərəflərin də cavab haqqını tanıyırıq.
gundelik-baku