BolgeXeber.Com » Gündəm » Yol layihələri Ziya Məmmədovdan alınır

Yol layihələri Ziya Məmmədovdan alınır

6-11-2014, 08:45
Oxunub: 2 780 Nəqliyyat naziri əsas “korrupsiya maşını”ndan məhrum edilir

Nazirlikdə həyata keçirilən şok maxinasiyalar haqda ölkə rəhbərliyinə müfəssəl məlumat verilib; saxta şirkətlər üzərindən “yeyilən” milyardların hesabı sorulub; yol çəkilişləri icra hakimiyyətlərinə verilir...

Nəqliyyat Nazirliyi (NN) dövlət büdcəsindən ən çox pay alan strukturdur. Məsələn, 2014-cü il üçün NN-ə büdcədən 1,3 milyard manat vəsait ayrılıb. Paralel olaraq bu qurumun gördüyü işlər daha yarıtmaz və keyfiyyətsizdir. Ölkə boyu çəkilən yolların, dəmir yol xətlərinin durumu buna əyani sübutdur. İnsanların ən çox şikayət etdiyi problemlərdən biri də yolların yöndəmsiz inşa olunması, qısa müddətdə sıradan çıxması ilə bağlıdır.


Təbii ki, gözgörəsi şəkildə həyata keçirilən bu korrupsiya əməliyyatlarının bir sonu olmalıdır. “Yeni Müsavat”a verilən məlumata görə, artıq nəqliyyat naziri Ziya Məmmədovun “yol korrupsiyası”nın ciddi şəkildə təftişinə başlanılıb. Daha dəqiqi, bu yöndə aparılan araşdırmalar öz nəticəsini verib.

Mənbəmizin bildirdiyinə görə, yol çəkilişləri faktiki surətdə Nəqliyyat Nazirliyindən alınır: “Ölkə rəhbərliyi son bir neçə ayda Ziya Məmmədovun gördüyü işlərlə bağlı fərqli mənbələrdən məlumatlar toplayıb və nəqliyyat nazirinin sözün əsl mənasında ”ağ etdiyi" qənaətinə gəlinib. Bəlli olub ki, nazirlik xüsusi ilə bölgələrdə yol çəkilişləri zamanı kağız üzərində nəzərdə tutulan vəsaitin təxminən 70 faizini mənimsəyir.



Belə faktlar Ucarda, Ağsuda, Şamaxıda, Göyçayda, Ağdaşda son iki il ərzində həyata keçirilən yol çəkilişləri prosesində özünü daha qabarıq şəkildə büruzə verib. Fakt bundan ibarətdir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC vasitəsilə rayonlarda yol çəkilişləri üçün elan edilən tenderləri saxta, adı olub özü olmayan, de-fakto özlərinə məxsus şirkətlərə verir. İlk əldə pullar mənimsənilir, daha sonra isə ya hansısa podratçı şirkətə, yaxud “Azəryolservis”in və Nəqliyyat Nazirliyinin texnikasını cəlb etməklə müəyyən təmir-tikinti briqadalarına bu işləri gördürürlər. Nəticədə yollar illərlə yekunlaşmamış qalır. Məsələn, 2011-ci ildən Göyçayda, Şamaxıda başlayan yol çəkilişləri, həmçinin xeyli öncələr tikintisi başlayan Bakı-Astara yolu hələ də bitməyib".

Burada bir məqamı da qeyd edək ki, bu ilin may ayında Hesablama Palatası NN-in yol verdiyi korrupsiya faktları barədə açıqlama vermişdi. Qurumun auditi zamanı bir sıra avtomobil yollarının üzərində tikilən körpülərin tikintisində ciddi qanun pozuntuları aşkarlanmışdı. Belə ki, nazirliyin “Azəryolservis” ASC-yə Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən və qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulmasına, habelə Siyəzən və Qusar istismar idarələrinə ayrılan vəsaitin auditi aparılıb.

Sözügedən körpünün təmirinə 4 milyon manat investisiya nəzərdə tutulubmuş. Yoxlamalar zamanı həmin vəsaitin ASC-nin nizamnamə kapitalına daxil edilmədiyi və görüləcək işlərin siyahısı tutulmadan podratçı şirkətlərə pul ayrıldığı üzə çıxıb. Bununla dövlət büdcəsinə dəyən zərərin 120 min manata yaxın olduğu müəyyənləşib.



“Azəryolservis”in Siyəzən 4 saylı Yol İstismar İdarəsinə və Qusar 7 saylı Yol İstismar İdarəsinə avtomobil yollarının cari təmiri üçün nəzərdə tutulan 32,8 min manat vəsait də mənimsənilib. NN-in tabeliyindəki “Azərbaycan Dəmir Yolları” QSC-nin icrasını həyata keçirdiyi Saloğlu-Poylu mənzilinin 73-cü kilometrliyində Kür çayı üzərində II dəmir yolu körpüsünün tikintisi, Biləcəri stansiyası ərazisindən suötürücü qurğuların rekonstruksiyası və lokomotivlərin təmiri, dəmir yolunun Sarvan-Çarxı mənzilində Vəlvələ çayı üzərindəki qəza vəziyyətində olan körpüdə əsaslı təmir işləri üçün ayrılan vəsaitlərin istifadəsinin auditi aparılıb. O da məlum olub ki, layihələr üzə tender keçirilməyib, layihə-smeta sənədləri qanunsuz olaraq podratçı təşkilatlar tərəfindən hazırlanıb və layihənin dəyəri şişirdilib.



Qaynağımız bildirir ki, nəqliyyat nazirinin yol çəkilişləri zamanı hansı mexanizmlə və tender “qalibi” olan hansı şirkətlər vasitəsilə pulları göyə sovurmasının ölkə rəhbərliyinə çatmasında Ziya Məmmədovla münasibətləri korlanmış iş adamı Hafiz Məmmədovun da böyük rolu olub: “Nəticədə belə qənaətə gəlinib ki, yol çəkilişlərini Ziya Məmmədovun monopoliyasından almaq lazımdır. Hazırda yol çəkilişlərinin rayon icra hakimiyyətlərinə verilməsi üçün mexanizm hazırlanır. Mövcud hüququ bazaya görə, yalnız respublika əhəmiyyətli yolların, şosselərin çəkilişini NN-dən alıb icra hakimiyyətinə vermək mümkün deyil. Bu yolların çəkilişi zamanı mənimsəmələrin qarşısını almaq üçün ya ”Azəryolservis" ASC-nin rəhbərini dəyişdirib Ziya Məmmədova yaxın olmayan bir şəxsi bura təyin etmək lazımdır, ya da tenderlərə birbaşa Nazirlər Kabinetinin müvafiq şöbəsi nəzarət etməlidir. Güman ki, qısa müddətdə bunun da mexanizmi müəyyənləşəcək".

Qeyd edək ki, Bakı şəhərində yol çəkilişləri bir müddət öncə NN-dən alınıb. Şəhərdaxili yolların çəkilişi BŞİH-in sərəncamına verilib. Bu prosesin ölkə boyunca tətbiq edilməsi Ziya Məmmədovu faktiki olaraq əsas “korrupsiya maşını”ndan məhrum etməkdir.