BolgeXeber.Com » Gündəm » BŞBDYPİ-nin rəisi nə işlə məşğuldur?

BŞBDYPİ-nin rəisi nə işlə məşğuldur?

7-11-2014, 12:20
Oxunub: 3 029 İdarə rəisinin işçilərinin hərəkətlərinə nəzarət etmək gücünü itirib, DYP-də isə özbaşınalıqlar baş alıb gedir

Son günlər Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) əməkdaşlarının «mədəni» səviyyəsini, hərəkətlərini və işə hansı səviyyədə peşəkar yanaşdıqlarını əks etdirən videolar mətbuatda və sosial şəbəkələrdə geniş yer almaqdadır. Jam.az xəbər verir ki, Nuşirəvan Səfərovun rəhbəri olduğu idarədə çalışanların hərəkətləri o qədər həddini aşıb ki, ciddi qınaqla üzləşməkdədir.

Qeyd edək ki, ümumiyyətlə, BŞBDYPİ-nin biabırçı durumda olduğu elə əvvəldən də məlum idi. Yerli şöbələri, xüsusən də Alayın əməkdaşlarının rüşvətxorluğu, yeri gəldi-gəlmədi sürücüləri saxlayıb pul almaları, kobud rəftarları ölkədə belə ad çıxarmışdı. Amma son bir neçə gündə yayımlanan videolar daha ciddi və narahatedicidir.

Məsələn, DYP əməkdaşının maşınından düşərək vətəndaşa siqnal verdiyi üçün hücum çəkməsi, onu ağır formada təhqir etməsi sıradan bir olay olaraq görülməməlidir. Dövlətin rəsmi nümayəndəsinin, özü də xidməti formada vətəndaşla bu şəkildə davranması bu sahədə idarəetmənin artıq nəzarətdən çıxdığı, özbaşınalıq və qanunsuzluğun hökm sürdüyündən xəbər verir. Eyni zamanda, bu DYP-yə təsadüfi adamların işə götürülməsinin bariz nümunəsidir.

Elə təsadüfi adamların işə götürülməsi səbəbindəndir ki, dünən Keykab Səfərəliyeva küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş verən qəzanın səbəbkarı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Zaur Rzayev olub. Nəticədə, 4 nəfər xəsarət alıb.

Söhbət DYP əməkdaşlarının avtomobillərini idarə edə bilməməsindən gedirsə, bunun bir əyani sübutu da dünən «Göy Məscidin» yanında baş vermiş olaydır. JAM.AZ xəbər verir ki, vətəndaşlardan biri polis işçisinin idarə etdiyi xidməti maşını təcili olaraq məhəllələrdən birində gizlətdiyi, onun dövlət nömrə nişanlarını açdığını görüb. Vətəndaş şübhələnib ki, DYP əməkdaşı yəqin, adam vurub və gizlənməyə çalışıb. Məsələ ilə DİN araşdırma aparır. Amma yekun nəticənin nədən ibarət olacağı məlum deyil.

Nuşirəvan Səfrovun «peşəkar» işçilərinin «sehirbaz»lığı da var. Məsələn, BŞBDYP-nin işçisi jurnalist İradə Cəlili saxlayaraq, ona cərimə yazıb. Təbii ki, yol hərəkətini pozmuş jurnalistə cərimə yazmaq qeyri-qanuni deyil. Amma burada «orjinal» olan cəhət odur ki, İradə xanıma əvvəlcə boş protokola qol çəkdirilib, sonra da cərimə yazılıb. Bu isə artıq qeyri-qanuni hərəkətdir. Çünki vətəndaşın etiraz etmək hüququ əlindən alınıb.

Bir başqa misal kimi, «5 Mərtəbə» kimi tanınan dairədə «keşik» çəkən DYP əməkdaşı Timur Dadaşovu göstərmək olar. Nuşirəvan Səfərovun bu «gülməşəkər» əməkdaşı həmin dairəni düzgün keçən sürücüləri belə saxlayıb, onlara protokol tərtib edir. Özü də maraqlı bir formada. Belə ki, Dadaşov yolun bir qırağında durub gözləyir. Sürücü dairəyə girən kimi sürətlə xidməti maşınını onun üzərinə sürüb, qəza vəziyyəti yaradır. Və həmin sürücüəyə qəza vəziyyəti yaratdığına və ən əsası xidmət vəzifəsini yerinə yetirən DYP əməkdaşına yol vermədiyinə görə, cərimələri üst-üstə qalaqlayır.

Ondan edilən şikayətlərə isə ya baxılmır, ya da birmənalı şəkildə haqlı çıxarılır. Adı mətbuatda getdiyi təqdirdə isə bütün idarənin rəis heyəti minnətçi, xahişçi düşürlər.

Amma elə zənn etməyin ki, «sehrbazlıq» işlərini ancaq serjant heyəti görür. Xeyir, həm də BŞBDYPİ-nin rəis heyətinin də «sehirli» hərəkətləri var. Məsələn, idarənin aparıcı rəislərindən olan Malik İbrahimov «avtoş»ların qənimi kimi tanınmaqla yanaşı, həm də çoxahəngli siqnalları ölkədən çıxarıb, qonşu Gürcüstanda satdırmaq sahəsində də ad çıxarıb. Onun «sehiri» sayəsində maşınlardan aşkarlanmış siqnallar «uçaraq» Tiflisdəki bazarlara gedir və orada Azərbaycan vətəndaşlarının qarşısına çıxır. Bu barədə ayrıca bir araşdırmamızı təqdim edəcəyik.

Bütün bunlar baş verən qanunsuzluqların, özbaşınalıqların sadəcə, bir neçəsidir. Bizi narahat edən ən başlıca məqam isə odur ki, BŞBDYPİ-nin rəisi Nuşirəvan Səfərovun nə işlə məşğul olmasıdır. Qeyd alınan neqativ halların səviyyəsi belə deməyə əsas verir ki, Səfərov cənabları faktiki olaraq idarəyə rəhbərlik imkanlarını itirib. Onun işdə idarəetmə ilə məşğul olduğu və ya «armud topladığ» məlum deyil. Əgər işinin başında olsaydı, bunca qeyri-peşəkarlıqlar, qanunsuzluqlar, şikayətlər, haqsızlıqlar, hətta DYP əməkdaşlarının tərbiyyəsizlikləri ortaya çıxmazdı. Əgər çıxıbsa və çıxmaqda davam edirsə, deməli, cənab Səfərov yerində deyil. Qarşısı alınmırsa, o zaman Səfərovun artıq bui şin öhəsindən gəlmədiyi anlaşılır və vəzifəsindən getməsinin daha məqsədəmüvafiqdir.

Qarşı tərəfi də dinləməyə hazırıq.