BolgeXeber.Com » Gündəm » Qarabağ qazisindən Eldar Əzizovun işçisinə korrupsiya ittihamı

Qarabağ qazisindən Eldar Əzizovun işçisinə korrupsiya ittihamı

22-12-2014, 11:40
Oxunub: 3 398 Sumqayıt İcra Hakimiyyətində mənzil növbəsi pulla satılır?

Tia.az-ın redaksiyasına Qarabağ müharibəsi veteranı, II qrup əlilin Sumqayıt Şəhər İcra Hakimiyyətində üzləşməli olduğu müdhiş haqsızlıqlardan bəhs olunan şikayət ərizəsi daxil olub. Şikayətçi Mahmudov Faiq Cəmil oğlu 1963-cü ildə Gədəbəy rayonu Arıqıran kəndində anadan olduğunu bildirir: “1985-ci ildə hazırkı “Neft Akademiyası”nın energetika fakültəsini bitirmişəm. 1992-ci ildən məlum hadisələrlə əlaqədar olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ilk silaha sarılıb, onun müdafiəsini təşkil edib, erməni qəsbkarlarına qarşı döyüş əməliyyatlarında iştirak etmişəm.

Erməni qəsbkarlarına qarşı döyüşlərdə ilk dəfə yaralanmış və kontuziya almışam. Gədəbəy rayonu ərazisində gedən bütün əməliyyatlarda həmişə ön sıralarda getmişəm. “Başkənd” əməliyyatında daşnak yuvasının təmizlənməsində iştirak etmişəm və həmin əməliyyatda yaralanmışam. Eyni zamanda Kəlbəcərin yenidən alınması məqsədilə ilə aparılan döyüşlərdə iştirak etmişəm. Son hərbi xidmət yerim Füzuli rayonu olub və oradan da 1997-ci ildə ordu sıralarından təxris olunmuşam. Hal-hazırda ehtiyatda olan zabitəm. Xidmət illəri ərzində sağlamlığıma vurulmuş yaralar sonradan öz təsirini göstərməyə başladı. Ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığı diaqnozlarının daşıyıcısıyam. Məhz bu səbəbdən Gədəbəy rayonunun iqlimi əlverişli olmadığı səbəbidən məcburən Sumqayıt şəhərinə həkim məsləhəti ilə köçməli oldum və hal-hazırda Sumqayıt şəhərində himayəmdə atam, anam daxil olmaqla 7 ailə üzvü ilə kirayədə yaşayıram”.

F.Mahmudov 20.02.2008-ci il tarixindən Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzillərin Qeydiyyatı Bölüşdürülməsi və Dəyişdirilməsi şöbəsində II qrup Qarabağ müharibəsi əlili imtiyazına əsasən mənzil növbəsinə durduğunu bildirir: “2012-ci ildə iyun ayında şöbənin rəisi Əsədova Sədaqət məni çağırıb bildirdi ki, başçının göstərişidir, 5000 manat köməkdarlıq lazımdır. Mən bildirdim ki, o qədər pulu tapıb verə bilmərəm. Cavabında dedi ki, onda sən ev ala bilməyəcəksən. Mən çöllərdə qalmamaq xatirinə, ailədə nüfuz və şərəfimi qorumaq məcburiyyəti qarşısında qalıb razılaşdım və qısa müddətdə yüksək faizlə pulu tapıb Sədaqətə verdim. Ailəmin böyüklüyünə görə 3 otaqlı mənzil verilməsinə razılaşdıq. Bir neçə həftədən sonra Sədaqət məni bir də çağırıb 3 otaq mümkün deyil, 2 otaq olacaq, dedi və bildirdi ki, yeni tikilən mənzillər genişdir, yəni 2 otaqlı mənzil 86 kvadratmetrdir. Məcburən razılaşmalı oldum. Sədaqətdən şübhələndiyim üçün onun məndən pul istəməsi danışığını telefona yazmışam. 2012-ci ilin dekabr ayında, bölgü ərəfəsində Sədaqət məni yenidən çağırıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də 3000 manat verməlisən dedi. Həmin vaxt həyat yoldaşım ağır böyrək əməliyyatı olunmuşdu, böyrəyinin birini götürmüşdülər. Mən yalnız onun həyata qaytarılması üçün çalışırdım. Heç cürə pul verməyə imkanımın olmadığını Sədaqətə bildirdikdə o, cavabında dedi ki, mənlik deyil, mən sənədləri göndərəcəyəm, ancaq sənə mənzil verməyəcəklər. Elə də oldu. Mənə mənzil vermədilər. 2013-cü il yanvar ayının 10-dan sonra çətinliklə də olsa 5000 manatı geri aldım, ancaq 1500 manat ödədiyim faizi vermədi. Mən şikayət edəcəyəm deyəndə, bildirdi ki, o zaman səni növbədən çıxaracağam. Sonra elə də etdi. İlk şikayətimdəm sonra yazılı surətdə mənə cavab göndərdi ki, növbədən çıxarılmışam.

Təkrar Prezidentə şikayət ərizəmdən sonra məni yenidən 2012-ci ilin siyahısına daxil edib, sıralama sayı üzrə 121-ci şəxs olduğumu bildirdi. Hörmətli redaksiya, 2008-ci ildən 2012-ci ilə qədər məndən eyni sənədləri təkrar alıblar. Bu müddətdə heç kim mənə qeyri-qanuni növbəyə durduğumu deməyib. Hətta 2012-ci ildə məndən Sədaqət özü sənədləri alıb və mənə heç nə deməyib. Necə oldu ki, mən pulumu geri alandan sonra qeyri-qanuni növbəyə durmuş oldum?” Şikayətçi çətinliklə də olsa Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəbuluna düşdüyünü bildirir: “Olmuş hadisəni ona danışdım. Başçı bərk əsəbləşdi və Sədaqətin bu özbaşınalığını və rüşvətxorluğunu dərhal sənədləşdirib prokurorluğa, korrupsiya ilə mübarizə idarəsinə və MTN-ə göndərilməsini tapşırdı. Lakin hansı səbəbdənsə İcra Aparatının bəzi əməkdaşları həmin göndəriş məktubunu Sumqayıt polis şöbəsinə göndərdilər. Müstəntiq Mətləb müəllim məni çağırıb izahat və səs yazılmış diski də alıb sənədə tikdi və məni rəislərinin qəbuluna apardı. Rəis mənimlə söhbət edib bildirdi ki, sənin 2008-ci ildəki növbəliyini bərpa edəcəyəm, ancaq 1500 manat faizi bağışla. Mən də razılaşdım. Ancaq o, Sədaqətlə söhbətdən sonra heç nə etmədi. Belə ki, müstəntiq bildirdi ki, icra hakimiyyətinə cavab yazmışıq, bizlik deyil. Heç bir nəticə olmadı. Bundan sonra mən Milli Məclisə və Sumqayıt prokurorluğuna şikayət ərizəsi verdim. MM-dən ərizəmi prokurorluğa göndərdilər. Sumqayıt şəhər prokurorluğu səthi yanaşaraq, yəni mənə dəymiş ziyanın ödənilməsinin üstündən keçərək, qərar yazdı ki, mən qeyri-qanunu çıxarılmışam.

Və bu barədə məhkəməyə müraciət edim. Mən həmin qərarı təkrar icra hakimiyyətinə göndərdim. Cavab yazdılar ki, məni sıralama sayı ilə 121-dən 75-ci şəxs ediblər, ancaq 2012-ci ilin siyahısında saxlayıblar. Mən hal-hazırda kirayədə yaşayıram, həyat yoldaşım və özüm xəstəyəm, aldığım pensiya ancaq dərmanlarımıza çatır. Odur ki, mənə mənzil verilməsində köməklik göstərməyinizi sizdən artıq dərəcədə xahiş edirəm”. Şikayətçi bildirir ki, 2008-ci ildən növbədə olduğu halda 2012-ci il sıralama sayı üzrə 54-cü olub: “2012-ci ildə isə 96 mənzil paylanıb. Bu zaman mən sıralama sayı üzrə necənci şəxs olmalıyam? Bütün bunları nəzərə alaraq sizdən xahiş edirəm ki, mənə dəymiş 1500 manat ziyanın ödənilməsinə, növbəmin təmin olunmasına, bu harınlamış rüşvətxor Sədaqətin və ona havadarlıq edən məmurların ifşa olunmasında köməklik göstərəsiniz”.

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.



Bolgexeber.com