BolgeXeber.Com » Gündəm » Nərimanov rayonunda uşaqlar üçün bayram şənliyi keçirildi-FOTO

Nərimanov rayonunda uşaqlar üçün bayram şənliyi keçirildi-FOTO

26-12-2014, 16:00
Oxunub: 3 333 Şənlikdə iştirak edənlər fiziki məhdudiyyətləri olan bu körpələrin istedad və bacarıqlarına heyran qalmışlar

26 dekabr 2014-cü il tarixdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə rayon ərazisində yerləşən Psixonevroloji Uşaq Evində müalicə alan fiziki və əqli qüsuru olan uşaqlar üçün bayram tədbiri təşkil olunub.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, tibb müəssisənin kollektivi, valideynlər və uşaq evi ilə əmakdaşlıq edən xarici təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə Psixonevroloji Mərkəzdə müalicə olunan uşaqlar maraqlı ədəbi-bədii kompozisiya, səhnəciklər nümayiş etdirmiş, şən mahnılar söyləmiş və rəqs etmişlər. Hətta uşaqlar müxtəlif dillərdə şeyirlər söyləyərək, mahnı ifa edərək öz bacarıqlarını ifadə etmişlər. Şənlikdə iştirak edənlər fiziki məhdudiyyətləri olan bu körpələrin istedad və bacarıqlarına heyran qalmışlar.
Səhnəciklər nümayiş olunduqdan sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova uşaqları və valideynləri, uşaq evinin kollektivini bayram münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. İ.Mahmudova həmçinin uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışmış, ölkə prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusilə müəyyən əqli və fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulamışdır.
Psixonevroloji Uşaq Evinin rəhbərliyi və əməkdaşları onları belə bir gündə yad edərək görüşə gəldiklərinə görə, Rayon İcra Hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib və burada aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şəraitin yaradıldığını qeyd edib.
Çıxış üçün söz alan valideynlər bu mərkəzin tikilməsində əməyi olan Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, uşaqlara göstərdikləri qayğıya, onların sağlamlığı uğrunda sərf etdiyi əməyə görə mərkəzin rəhbərliyi və əməkdaşlarına təşəkkür etmişlər. Vurğulanıb ki, fiziki və əqli qüsuru olan uşaqların maddi təminatla yanaşı, daha çox mənəvi dəstəyə ehtiyacları var. Onların da məhz belə bir ehtiyacını bu cür qarşılayan xeyirxah insanların əməllərinin yüksək qiymətə layiq olduğunu bildirən səhiyyə ocağının rəhbəri dövlətimiz tərəfindən davamlı şəkildə onlara bu cür qayğıların göstərildiyini də diqqətə çatdırıb.
Maraqlı konsert proqramı il başa çatan görüş uşaqların böyük sevincinə səbəb olub.
Bolgexeber.com