BolgeXeber.Com » Gündəm » “Mən qardaşımın qanını yerdə qoyan deyiləm”

“Mən qardaşımın qanını yerdə qoyan deyiləm”

27-12-2014, 14:00
Oxunub: 2 997 Ölən məhkumun bacısının sözlərinə görə 14 saylı cəzaçəkmə müəssisəsi xüsusi təyinatlıların nəzarətinə keçib
14 saylı çəzaçəkmə müəssisəsində naməlum şəraitdə ölən məhkum Elşad Babayevin bacısı Qaradağ rayon Prokurorluğuna çağırılıb. Bu haqda “Yeni Müsavat”a açıqalma verən S.Babayeva deyib ki, prokurorluqdan qardaşının ölümü ilə bağlı məlumat almaq istəyib: “İstəyirdik ki, müstəntiq bizə qardaşımın kimlər tərəfindən öldürülməsini, bunun səbəbini desin. Müstəntiq dedi ki, istintaq gedir. Nə bilirsiz yazın təqdim edin. Yazdım, təqdim etdim”.

S.Babayeva onun iş üzrə zərərçəkən kimi tanınması haqda suala belə cavab verdi: “Dedilər ki, ifadənizi alırıq. Bu məsələ mətbuatda yazılıb, siz ölkə rəhbərliyinə müraciət etmisiniz. Biz bu məsələni araşdıracağıq. Onlara dedim ki, siz bu məsələni araşdırsaz da, araşdırmasaz da, mən qardaşımın qanını yerdə qoyan deyiləm”.

S.Babayeva bildirib ki, Qaradağ Rayon Prokurorluğunun səlahiyyətlilərinə Prezident Adminstrasiyasına, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə müraciətlər hazırladığını söyləyib: “İnanıram ki, onlar vicdanla hansasa dövlət məmurunun etdiyi özbaşınalığı sona qədər araşdırıb cəzalandırılmasını təmin edəcəklər”.

S.Babayeva deyib ki, qardaşının fotosunu özü çəkib və buna şübhə edənlərə səslənir: “Biz qardaşımın öldürülməsinin səbəbini öyrənmək istəyirik. Mənim qardaşım öldürülüb. Həmin şəkilləri də mən morqda çəkmişəm. Qardaşımın meyiti morqa aparılıb, morqda yarılıb, ekspertiza üçün müvafiq analizlər götürülüb. Bədəni üzərindəki xəsarətlər də aktlaşdırılıb. Qardaşım dövlətin cəzəçəkmə müəssisəsinə daxil olanda həmin xəsarətlər bədəni üzərində olmayıb. Bizim tələbimiz onun bədəni üzərində olan xəsarətləri kimin və ya kimlərin yetirilməsinin istintaq yolu ilə sübut olunmasıdır. Bundan başqa istintaqçılar da onun meyitinin fotosunu işə əlavə etmək üçün çəkiblər. Mən müstəntiqə demişəm - qardaşımı öldürüblər. Biz istintaqın marağı olardısa onun meyitini basdırmaya da bilərdik. Biz hazırda hansı dövrdə yaşayırıq ki, ekspertiza meyit üzərində olan xəsarətlərin hansı şəraitdə yetirilməsini, əmələ gəlməsini müəyyən edə bilməsin? Bu gün məhkəmə tibb ekspertləri mumiyaların hansı səbəbdən dünyasını dəyişdiklərini təyin edə bilirlər. Üstündən 10 il keçsə də ölümün səbəbini müəyyən edirlər. İstintaqın bu cinayəti araşdırması üçün bütün imkanları var. Biz sona qədər gedəcəyik”.

S.Babayevadan qardaşının həbsi haqda soruşduq. Dedi ki, Suraxanı Rayon Məhkəməsində iş üzrə 3 nəfər şahid olub: “Qardaşımın üzünə 2 polis nəfəri dayanmışdı. Bir də mülki şəxs vardı. Mülki şəxsin qolları, üzü kəsik-kəsik idi. Həmin şəxs ifadəsində dedi ki, guya qardaşımı yoldan keçəndə görüb. Həmin adamı sanki küçədən tapıb gətirmişdilər. O normal durumda deyildi. İçkili idi, alkoqol iyi gəlirdi. Qardaşımı belə həbs etmişdilər”.
S.Babayeva bildirdi ki, istintaqa hələ ki, inamı var: “İçəridə məhkumlara nə deyəcəklər, nə öyrədəcəklər bilmirəm. Mətbuatda qardaşıma qarşı Rahib adlı gizirin, Faiq adlı işçinin, Vüqar adlı kapitanın və digərilərinin qeyri-insani rəftar etdikləri haqda məlumat var. Mən istintaqın nəticəsini gözləyirəm”.

S.Babayeva anası ilə birgə 14 saylı cəzaçəkmə müəssisəsinə gedərək qardaşının öldürülməsi ilə bağlı məlumaq almağa çalışdıqlarını da söylədi:"Ora gedib müəssisə rəisi ilə görüş istədik. Bizim qarşımıza itlə xüsusi təyinatlılar çıxdı. Onlardan biri dedi ki, artıq rəis yoxdur və müəssisə ciddi rejimə keçib. Oranın işçilərini xüsusi təyinatlılarla əvəz ediblər. Ora hazırda da mühasirədədir. Məhkumlarla görüşə gələn qohumlarını geri qaytarırlar. Müəssisənin arxa hissəsində çoxlu xüsusi maşınlar var".

S.Babayeva deyir ki, prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya da müraciətlər edəcək.

14 saylı cəzaçəkmə müəssisəsində məhkumun ölümü ilə nəticələnən olayla bağlı 2 gün əvvəl Baş Prokurorluğa sorğu ünvanlamışıq. Cavab veriləcəyi təqdirdə onu təqdim edəcəyik.