BolgeXeber.Com » Gündəm » Bakı Mədəniyyət və Turizm İdarəsində biabırçı vəziyyət

Bakı Mədəniyyət və Turizm İdarəsində biabırçı vəziyyət

30-12-2014, 15:40
Oxunub: 2 483 İdarənin rəisi Əlikram Əliyev bilet satdırmaqla, qohumu Təranə Həsənova bir ədəd şokolad almaqla, Rəşadət Həşimov isə gəlir yerlərini müəyyənləşdirməklə məşğuldur

Bakı Mədəniyyət və Turizm İdarəsində vəziyyətin dözülməz həddədir. Bu barədə Jam.az-a idarənin işçiləri məlumat veriblər.

Onlar bildiriblər ki, qarşıdan gələn yeni il tədbirləri ilə əlaqədar idarənin rəhbəri Əlikram Əliyev pul yığmağa başlayıb. Belə ki, idarənin mədəni tədbirlərin təşkili və yaradıcı kənclərlə iş üzrə mərkəzin direktoru (Əvvəlki Vahid Poeziya Evi) Rəşadət Həşimovun vasitəsi ilə «Günəş» Şadlıq Sarayında keçiriləcək bayram şənliyinə bilet satdırmaqla məşğuldur. «Həmin biletlər Rəşadətin rəşhbərlik etdiyi Mərkəzdə çap edilir. Bütün musiqi məktəbləri, kitabxana, mədəniyyət evləri və muzeylərə həmin biletlər məcburi qaydada satdırılır. Bir biletin qiyməti 8 manatdır və indiyə qədər təqribən 400-ə yaxın işçiyə məcburi qaydada satılıb. Almaqdan imtina etmək isə qadağandır».

Şəhər Mədəniyyət və Turizm İdarsində baş verənlərlə bağlı danışan işçilər qeyd edirlər ki, Əlikram Əliyevin yaxın qohumu olan idarənin kadrlar şöbəsinin müdiri Təranə Həsənova özünün kobud davranışları ilə seçilir. Onların iddiasına görə, xanım Həsənovanın bu davranışları yaşlı və cavan mədəniyyət işçilərinin hamısını bezdirib. «Rəisin yaxın qohumu olması səbəbindən kimsə ona bir şey demir. 30 yaşlı bu cavan xanımın əsas işi əhəmiyyətsiz bir məsələ üçün insanları get-gələ salmaqdır. Həmin süründürməçilikdən caman qurtarmağın asan yolu ilə Təranə Həsənovaya 80 qəpiklik bir şokolad alınmasıdır. Bunu edənləri hətta qapıya qədər yola salır».

İşçilər deyirlər ki, idarədə problemlər bununla yekunlaşmır. Onların verdiyi məlumata görə, idarənin tərkibində olan müəssisələrin maliyyələşməsi 1 və 2 saylı Maliyyə və İqtisad Regional Bölməsi tərəfindən həyata keçirilir. «Dəfələrlə yazılıb ki, bu Regional Bölmələr Əlikram Əliyev üçün büdcədən pul silməklə məşğuldurlar. Buna sübut kimi onu demək olar ki, il ərzində, maliyyə açılan dövrlərdə, yəni, ildə iki dəfə həmin maliyyə bölmələrinin rəhbərlərini əllərində politelin torba dolu pullarla İdarə rəisinin yanında görmək olar. Elə buna görədir ki, Əlikram Əliyev son illərdə ölçüsüz varidata yiyələnib. Bir çox məclislərdə fəxrlə dediyi kimi, yaşadığı Mərdəkan qəsəbəsinin girişindən başlayan ticarət obyektləri, mebel mağazaları, çay, bilyard salonları, öz istifadəsində olan və yaxınlarına hədiyyə etdiyi sonu 047 ilə bitən avtomobillərin və digər nemətlərin sahibinə çevrilib. Təbii ki, o bunları inkar edəcək. Çünki bu obyektlər onun yaxın qohumlarının və tanışlarının adına rəsmiləşdirilib».

Şikayətçilər sual edirlər ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə nə üçün 1983-1986-cı illərdə məhkumluq həyatı yaşamış biri rəhbərlik edir? «Əlikram Əliyev bu dərəcədəmi əvəzedilməz insandır?!»

İdarənin işçiləri sonda daha bir maraqlı məsələyə toxunublar. Onlar bildiriblər ki, Bakı şəhərində yerləşən incəsənət və musiqi məktəblərinin direktorlari ilə Əlikram Əliyevin arasında münasibətlər çox kritik həddədir. «Artıq heç bir direktor onunla işləmək niyyətində deyil».

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.