BolgeXeber.Com » Gündəm » Lənkəran DYP-nin əməkdaşı:«Yeni İl gəlib, şirinlik ver»

Lənkəran DYP-nin əməkdaşı:«Yeni İl gəlib, şirinlik ver»

6-01-2015, 10:20
Oxunub: 4 528 İnspektor istədiyi sürücüyə pul verməsə ağlına gələn bütün cəriməni yaza bilir

Lənkəran Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının özbaşınalıqla məşğul olduğuna dair şikayətlərin sayı artmağa başlayıb. Buna səbəb kimi isə inspektor və DYP işçilərinin qanunsuzluqla məşğul olması və sürücüləri yerli-yersiz incitmələridir.

Bolgexeber.com bildirir ki, Jam.az-a müraciət edən Masallı rayon sakini Emin Əsgər oğlu Rəhmətov bildirir ki, yanvarın 2-də saat 5-6 radələrində Lənkəranda yaxın qohumlarının yas məclisindən geri dönərkən, yerli DYP-nin əməkdaşı Xalid Əliyev və onunla bərabər olan daha iki DYP işçisinin qanunsuz hərəkəti ilə üzləşib. Onun bildirdiyinə görə, döş nişan nömrələri 1436 və 1437 olan DYP əməkdaşları onun 99 CN 744 dövlət nömrə nişanlı «Toyota Prado» markalı maşınını saxlayıblar.

Emin Rəhmətovun dediyinə görə, avtomobilini saxlayan DYP əməkdaşı Xalid Əliyev ondan «Yeni İl gəlib, şirinlik ver» adı altında 20 manat pul tələb edib. Lakin sürücü heç bir qayda pozmadığı üçün həmin pulu verməkdən imtina edib. Elə narazılıq da bundan sonra başlayıb. «Yağışlı havaydı. Məndən pul ala bilməyəcəyini görən Xalid Əliyev əvvəlcə israr etsə də, sonra protokol tərtib etməyə başladı. Yazılan protokolda isə göstərilir ki, guya, maşınımın dövlət nömrə nişanı çirklidir. Halbuki yağışlı havada dövlət nömrə nişanının tam çirkli, yəni, görünməz halda olması mümkün deyil. Hətta belə hal mümkün olarsa, DYP əməkdaşı ilkin olaraq xəbərdarlıq etməlidir. Amma Xalid Əliyev bütün qanunları bir kənara qoyaraq, bildiyini edib».

Sürücü qeyd edir ki, Xalid Əliyevin qanunsuz hərəkətindən dolayı protokola özünün etirazını yazıb. «Protokola etirazımı bildirib, məsələyə baxılmasını istəmişəm. Lakin inspektor Əliyev məsələnin DYP Bölməsində araşdırılmasını təmin etmədən protokolun bir nüxsəsini mənə verərək, cəriməmi ödəməyimi tələb etdi».

Rəhmətov deyir ki, hadisə baş verən zaman 102 saylı Xidmətə zəng edərək, olanları izah edib. «Lakin oradan mənə bildirdilər ki, 902 saylı «Qaynar Xəttə» zəng vurmalıyam. 902 xətti ilə əlaqə saxladıqda, DİN əməkdaşı Namiq bildirdi ki, «qaynar xətt» telefonla şikayət qəbul etmir və bunun üçün yazılı müraciət etməyim lazımdır. Bu tam qanunsuzluqdur».

Xalid Əliyevin belə işləri çoxdur və onun artıq rayonda kimsəni saymadığı deyilir. Hətta Lənkəran DYP-nin rəisi özü də etiraf edib ki, o, Xalid Əliyevlə bacara bilmir.

Məlumatlarda vurğulanır ki, Xalid Əliyev mütəmadi olaraq Lənkəran şəhərində reydlər təşkil edir və sürücülərdən pul qoparmağa çalışır. Bu alınmadıqda isə sürücüyə müxtəlif bəhanələrlə cərimələr yazır və protokol tərtib edir.

Qarşı tərəfi də dinləməyə hazırıq.