BolgeXeber.Com » Gündəm » Daha bir təhsil ocağına rüşvət ittihamı

Daha bir təhsil ocağına rüşvət ittihamı

7-01-2015, 10:55
Oxunub: 3 292 Redaksiyamıza daxil olan məlumatlarda yenə də Bakı Neft-Energetika Kollecində yer almış çeşidli qanun pozuntularına, müxtəlif korrupsiya hallarına dair açıqlamalar yer almaqdadır. Xatırlayırsınızsa qəzetimizin ötən saylarında biz artıq bu təhsil müəssisəsində təhsilin keyfiyyətini aşağı salan neqativ hallar barədə aldığımız məlumatlar əsasında hazırlanmış bir neçə tənqidi material dərc etmişdik. Həmin materiallarda da qeyd olunduğu kimi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Neft-Energetika Kollecində mühasibat uçotu, menecment, gömrük işi, neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı, neft və qaz yataqlarının istismarı, neft və qaz emalı, elektrik stansiyalarının və yarımstansiyaların elektrik avadanlıqlarının quraşdırılması, elektrik təchizatı, elektrik maşınlar və avadanlıqları, istilik energetik qurğuları, yol hərəkətinin təşkili, avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasları tədris olunur. Yeni aldığımız məlumatlara görə, dekabr ayının 29-dan başlamış və yanvarın 18-nə qədər davam edəcək növbəti sessiya imtahanları dövrünün də kollecin direktoru Mehman Abduləzizov üçün olduqca “uğurlu” keçəcəyi gözlənilir. Ötən materialda da biz qeyd etmişdik ki, kollecdə olan mənbələr bu təhsil müəssisəsindəki vəziyyətin ümumiyyətlə son dərəcə gərgin olduğunu önə çəkirlər: “Burada tələbələrin və müəllimlərin psixologiyasına oxumaq və təhsil vermək yaddır. Tələbələrin təhsil almaq həvəsləri məqsədyönlü şəkildə boğulur. Hər imtahanqabağı əsasən xanım pedaqoqlardan ibarət olan ixtisas rəhbərləri onları öz otaqlarına yığır və deyirlər ki, filan imtahanın qiyməti bu qədərdir. Tələbə məcburdur, borc-xərc edib imtahanların pulunu tapsın. Pulsuz imtahana gəlmək, avtomatik kəsilmək deməkdir.” Qeyd olunur ki, bir imtahana görə müəyyənləşdirilmiş məbləğ 50 manatdır. Daha sonra məlumatlarda vurğulanır ki, Mehman Abduləzizovun yol verdiyi özbaşnalıqlar və qanun pozuntuları hətta Təhsil Nazirliyinin diqqətindən də böyük məharətlə yayındırılır. Direktor kolleci dövlətin yox, sanki özünün yazılmamış qanunları ilə idarə edir. Məsələn, kollecə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılsa da, direktorun qeyri-qanuni əməlləri sayəsində hər il 50-yə yaxın tələbə bura testdən kənar daxil olur. Komissiyanın siyahısı ilə kollecə daxil olanların adları tutuşdurulsa, bu qanunsuzluqlar üzə çıxacaq. Belə olan halda isə həmin tələbələrə verilən diplomlar da saxta sayılır. Məlumatlarda həmçinin qeyd olunur ki, Bakı Neft-Energetika Kolleci 2012-ci ildə Təhsil Nazirliyinin Akkreditasiya Şurasından keçə bilməmişdi. Buna səbəb kimi isə kollecdə yer almış özbaşınalıqlar və korrupsiya halları göstərilirdi.Qəzetimizin ötən saylarında biz dəfələrlə şəhər və rayonlarımızda fəaliyyət göstərən kolleclərin bir çoxunda kök salmış neqativ hallardan bəhs edən tənqidi məqalələr dərc etmişik. Həmin yazılarda biz hər dəfə belə bir fikri də xüsusi olaraq vurğulamışıq ki, kollec sistemi təhsil sahəsinin ayrılmaz və çox önəmli bir hissəsidir. Məhz elə bu səbəbdən də bu gün olkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Bununla belə hələ də bu tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara tez-tez rast gəlmək olur. bizimdovr.az