BolgeXeber.Com » Gündəm » "Azərkimya"da maaş böhranı

"Azərkimya"da maaş böhranı

7-01-2015, 13:55
Oxunub: 5 569 Muxtar Babayevin tabeliyində çalışan işçilər neçə aydır ki, əməkhaqlarını ala bilmir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyində fəaliyyət göstərən müəssisələrin bir çoxunda xoşagəlməz durum yaşanmaqdadır. Bu haqda müxtəlif media orqanlarında dəfələrlə tənqidi yazılar getsə də, vəziyyət düzəlmir ki, düzəlmir. Problemlərin məngənəsində sıxılan qurumlardan biri də ARDNŞ-in tərkibində fəaliyyət göstərən "Azərikimya" İstehsalat Birliyidir (İB). Məlumat üçün qeyd edək ki, ölkə başçısının 2 aprel 2010-cu il tarixli sərəncamı ilə "Azərikimya" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyinə verilib. ARDNŞ-in tabeliyinə veriləndən sonra "Azərikimya" Dövlət Şirkətində struktur islahatları aparılıb və "Azərikimya" İstehsalat Birliyi təşkil olunub. İstehsalat Birliyinə isə ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev rəhbər təyin olunub.

Muxtar Babayev həm də Milli Məclisin deputatıdır. Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin 28 aprel tarixli 58 saylı daxili əmrinə əsasən, "Azərkimya" İstehsalat Birliyinin strukturu müəyyən edilib. Səthi Aktiv Maddələr, Üzvi sintez, Mexaniki Təmir zavodları və "Kimyaelmitədqiqatlayihə" İnstitutu yaradılıb. Əmrə əsasən, Sintezkauçuk Zavodu və Etilen-Polietilen Zavodunun maddi-texniki bazasında Etilen-Polietilen zavodu yaradılıb. Bu zavod da hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi "Azərkimya" İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərəcək. Bunlardan başqa əmrdə "Azərkimya" İstehsalat Birliyi tərkibində Təmir-tikinti İdarəsi, Nəqliyyat və xüsusi texnika İdarəsi və Anbar Təsərrüfatının yaradılması da əksini tapıb. Qurumda həyata keçirilən islahatlar və rəhbər dəyişikliyindən sonra çoxları "Azərkimya"ya tabe olan zavod və idarələrdə normal iş mühitinin yaradılacağını düşünürdü. Çünki müəssisənin keçmiş rəhbərliyinin dövründə işçilər olmazın zülmlərə və haqsızlıqlara məruz qalırdılar. Amma işçilərin yetərli hissəsi Muxtar Babayevdən gözlədiklərini ala bilməyiblər. Xatırladaq ki, hələ ötən ilin ortalarında İstehsalat Birliyinin bəzi zavod və idarələrində maaşların gecikdirilməsi, o cümlədən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı şikayətlər eşidilirdi. Dünən əldə etdiyimiz məlumatlara görə, "Azərkimya" İstehsalat Birliyinin Etilen-Polietilen və Üzvi sintez zavodlarında maaş böhranı yaşanmaqdadır. Bu haqda redaksiyamıza məlumat verən və adının çəkilməməsini xahiş edən şəxsin sözlərinə inansaq zavodun işçiləri son dörd ayın maaşını ala bilməyiblər: "Köhnə rəhbərliyin dövründən mövcud olan problem həll olunmayıb. Zavodda çalışan sıravi işçilərin demək olar ki, hamısı dörd aya yaxın müddətdir maaşlarını ala bilmir. Sex və şöbə rəisləri isə hər ay vaxtı-vaxtında əməkhaqlarını alırlar. Zavod rəhbərliyi maaşların gecikdirilməsini istehsal prosesinin və satışın aşağı olması ilə əlaqələndirir. Əgər istehsal və satış aşağıdırsa, sex və şöbə rəisləri də maaş almasın. Bəs necə olur onlar hər ay əməkhaqqı alır, amma işçilər yox. Bunların hamısı bəhanədir. Etilen-Polietilen zavodunda yüzlərlə insan çalışır. Həmin şəxslərin əlavə gəlir sahələri yoxdur. Bu insanlar zavoddan aldıqları maaşla ailələrini saxlayır. İşçilərin bir çoxu bayramı keçirə bilmədi. Bu gün, sabah deyə-deyə günü-günə satırlar. Maaşdan isə əsər-əlamət yoxdur". Məlumatda həmçinin sözügedən zavodlarda iş şəraitinin normal olmaması da vurğulanır: "Əmək qanunlarına görə, dövlət idarə və müəssisələrində iş vaxtı 8 saat müəyyən olunub. Bəzi özəl firma və şirkətləri çıxmaq şərtilə çox yerdə qanuna riayət olunur. Muxtar Babayevin nəzarətində olan zavodlarda isə bəzi hallarda 14 saatlıq iş rejimi tətbiq olunur. Bu, fiziki və psixoloji baxımdan işçilərə böyük zərbədir. Buna baxmayaraq, zavod rəhbərliyi işçilərə heç bir güzəştə getmir, onların haqqını tapdalayır. Bundan başqa, İstehsalat Birliyinin tərkibində olan zavod və idarələrin bir neçəsində bəzi işçilər əmək müqaviləsi olmadan, təhlükəsizlik qaydalarına riayət edilmədən işlədilirlər. Təəssüf ki, aidiyyəti dövlət qurumlarının rəsmiləri bu halları görməzdən gəlirlər". Məsələyə aydınlıq gətirmək üçün "Azərkimya" İB-in 521-25-19 nömrəli əlaqə telefonuna zəng vursaq da, dəstəyi qaldıran olmadı. Buna rəğmən, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Yəqin ki, İB rəhbərliyi yaranmış vəziyyətlə bağlı tezliklə öz münasibətini bildirəcək.gundelik-baku