BolgeXeber.Com » Gündəm » İstefada olan polis Ramil Usubova müraciət ünvanlayıb-VİDEO

İstefada olan polis Ramil Usubova müraciət ünvanlayıb-VİDEO

8-01-2015, 13:20
Oxunub: 3 465 Dövlət nömrəsi almaq istəyir, lakin vermirlər; Çünki onları idarədə çox baha qiymətə başqalarına satırlar

BTV-yə (Bolgexeber.TV)müraciət edən istefada olan polis, Masallı rayonunun sakini, YAP-ın üzvü Balakişi Hüseynov növbəti dəfə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Onun sözlərinə görə, o, uzun müddət daxili işlər orqanlarında nöqsansız xidmət göstərərək pensiyaya çıxıb.

Keçmiş polis bildirir ki, əlində olan müəyyən imkanlar hesabına özünə avtomobil almaq istəyir. Ancaq əsas məsələ bu deyil. Belə ki, Hüseynov arzusunda olduğu avtomobilə "zerkalnı" nömrə almaq fikrində olduğunu vurğulayır.

"99-999" dövlət nömrə nişanına sahib olmaq arzusunda olan Balakişi Hüseynov yazır ki, bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə müraciət edib. Lakin Kamran Əliyev ona müsbət cavab verməyib: "Onun cavabından belə çıxdı ki, bu nömrələr dövlətçiliyə xidmət edənlərə deyil, ancaq oliqarxlara məxsusdur. Məgər mənim belə nömrə almaq hüququm yoxdurmu?"

Keçmiş polis əməkdaşı nazirə xitabən bildirir ki, vəziyyətin belə olması heç də onu sevindirmir: "Əksinə, mənə elə gəlir ki, gənc əməkdaşları artıq sözlə yox, praktiki olaraq formalaşdırmaq vaxtı çoxdan çatıb. Yəni gənc polislər praktiki olaraq görəndə ki, polis orqanlarında natəmiz əməllərlə işləyənlərin hər şeyi var və hər şeyə nail olurlar, lakin təmiz və dövlətçiliyə sədaqətli olan veteranların isə təqaüddən başqa heç bir şeyi yoxdur, onu heç yerdə eşitmirlər, o zaman gənc əməkdaşlar arasında hansı təlim-tövsiyyədən, hansı inamdan söhbət gedə bilər? Əgər hər hansı oliqarx qeyd etdiyim nömrə nişanını asanlıqla ala bilirsə və polis veteranı ala bilmirsə, hansı hüquqdan söhbət gedə bilər?".

O iddia edir ki, DYP rəhbərliyi "zerkalnı" nömrələri biznesə çevirib və bu nömrələr böyük məbləğdə imkanlı şəxslərə satılır. «Hətta əvvəllər belə nömrələr alan sıravi vətəndaşları da məcbur edirlər ki, nömrələri geri versinlər, əvəzində onlara adi nömrələr verilir. Sonra isə bu nömrələr baha qiymətə məmur və biznesmenlərin avtoş övladlarına satılır».

Generala üz tutan sabiq polis işçisi nazirdən qanunun aliliyini təmin etməyi, arzuladığı dövlət nömrə nişanının alınmasına yardımçı olmasını istəyib.

Qeyd edək ki, həqiqətən də DYP-də nömrə biznesi ən gəlirli işlərdən biri sayılır. Çünki cütrəqəmli və cütseriyalı dövlət nömrə nişanları həqiqətən də həddindən artıq baha qiymətə varlı adamlara satılır. Araşdırma zamanı belə məlum olub ki, hazırda seriyaları müxtəlif, rəqəmləri isə cüt olan nömrələr üçün başlanğıc qiymət 15 min manatdan başlayır. Bu qiymət 30-40 min manat aralığına qədər bahalaşa bilər. Artıma səbəb isə daha samballı nömrə almaq istəyənlərin sayının çox və ya az olmasına bağlıdır.

Seriyaları və rəqəmləri cüt olan dövlət nömrə nişanları isə həddindən artıq bahadır. Belə nömrələrin DYP-də 120 min manata qədər qiymətə minməsi mümkündür. Bununla bağlı daxil olan məlumatlarda vurğulanır ki, adətən belə nömrələr «yad adamlara» satılmır və bu əsasən varlı ailələrin, oliqarxların və məmurların yaxınlarına verilir. İlkin qiymətin isə 50 min manatdan başladığı vurğulanır.

Nəzərinizə çatdıraq ki, əslində, bu nömrələrin rəsmi qiyməti heç də qeyd olunan qədər deyil. Əksinə, bunun üçün 1000-2000 manat civarında qiymətlər müəyyənləşdirilib. Həmin vasitələri «bron» edən DYP rəsmiləri isə bununla daha çox pul qazanmağın yollarını tapıblar. İddia edilir ki, onlar hər il bu cür satışlardan orta hesabla bir neçə milyon manata yaxın pul qazanırlar.

Sonda onu da bildirək ki, Balakişi Hüseynovun cütrəqəmli nömrə sahibi olmasına əngəl olan başlıca faktor budur. Ortada külli miqdarda puldan söhbət getdiyindən keçmiş polisin istəyinə məhəl qoyulmur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.TV