BolgeXeber.Com » Gündəm » Şəmkirdə müəmmalı məmur oyununun sirri AÇILMIR

Şəmkirdə müəmmalı məmur oyununun sirri AÇILMIR

8-01-2015, 17:35
Oxunub: 2 066 Cinayət törətmiş və barəsində cinayət işi qaldırılmış şəxsin vəzifə tutması qanunla qadağan edilir. Amma təəssüflər olsun ki, bu, bəzən ölkəmizdə keçərli olmur. Ona görə ki, vəzifəli şəxs səlahiyyətindən istifadə edərək törətdiyi hansısa cinayət hadisəsini sözün əsl mənasında ya bağlamağa, ya da başqa birisinin üzərinə atmağa müvəffəq olur. Bizlər bu faktlarla çox rastlaşmışıq. Elə Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikovun da əməlləri bu xüsusdandır.

Belə ki, ötən il avqust ayının 5-də Şəmkirdə Maliyyə İdarəsinin rəisi tərəfindən törədilmiş qanlı olayın təfərrüatı ilə bağlı bəzi məlumatlar mətbuatda yayılıb. Aydınlatma üçün qısaca olaraq vurğulayaq ki, Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikovun şəxsi münasibətlər zəminində rayonun Düyərli kənd bələdiyyə sədrinin müavini, 1953-cü il təvəllüdlü Zakir Tağıyevə bıçaqla xəsarət yetirib. Yaralı dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açıldı, araşdırma aparıldı. Rayondakı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, bıçaqlanan Zakir Tağıyev Nazim Məlikovun uşaqlıq dostudur və bələdiyyənin keçmiş sədridir. Lakin münaqişə heç də Nazim Məlikovla Zakir Tağıyev arasında baş verməyib. Hadisənin təfərrüatı ilə bağlı qəzetimizi məlumatlandıran şəxs iddia edir ki, keçmiş idarə rəisi hazırda bələdiyyə sədri olan, qaynı Cəfərov Rafiq Məhəmməd oğlunu bıçaqlamaq istəyib. Zakir Tağıyev onu saxlamağa çalışsa da, nəticədə bıçaq ona dəyib. Rafiq Cəfərov isə hadisə yerindən uzaqlaşıb. Cinayət əməlinə səbəb isə Nazim Məlikovla bələdiyyə sədri Rafiq Cəfərov arasında yaranmış mübahisə olub. Belə ki, uzun illərdir qeyri-rəsmi olaraq ortaq kimi çalışan şəxslər qəfildən düşmənə çevriliblər. Məlumatlı mənbələr iddia edirlər ki, Nazim Məlikov maliyyə idarəsinin rəisi olduğu vaxtlarda öz şəxsi biznesini də qurub və hətta iş adamlarına müxtəlif məbləğlərdə borc pul verir. Pulun qaytarılma vaxtı əvvəlcədən razılaşdırılsa da, Nazim Məlikov qısa müddətdən sonra pullarını geri istəyirmiş. İş adamları, təsərrüfatçılar pulu qaytara bilmədikdə Nazim Məlikov onlara məxsus torpaq sahələri və istilik komplekslərini mənimsəyirmiş. Onun mənimsədiyi istilik komplekslərindən birinin qiymətinin çox baha olduğu bildirilir. Konkret olaraq Rafiq Cəfərovla münaqişəyə gəldikdə, Şəmkirdəki mənbəmiz deyir ki, Nazim Məlikov Rafiqlə şərik imiş. Həm də onun bir vaxtlar bələdiyyə sədri seçilməsində sözügedən şəxsin böyük rolu olub. Aralarındakı münaqişənin səbəbi isə "Düyərlipetrol" yanacaqdoldurma məntəqəsi ilə əlaqədar imiş. Deyilənə görə, yanacaqdoldurma məntəqəsinin sahibi Rafiq Cəfərov olsa da, onun gəlirinə Nazim Məlikovla şərik imiş. Lakin bununla kifayətlənməyən Nazim Məlikov şərikindən tələb edib ki, "Düyərlipetrol"u ona versin. Rafiq Cəfərov isə bununla razılaşmayıb və özünə məxsus obyekti kiməsə verməyəcəyini bildirib. Bundan əsəbləşən Nazim Məlikov Rafiq Cəfərovla söhbətə gedib və elə oradaca qaynını təhqir edib, onun ünvanına ağır ifadələr işlədib. Nazim Məlikov Rafiqə onu bələdiyyə sədri seçdirdiyini, ona gün-güzəran yaratdığını deyib. O, işlətdiyi ağır ifadələrin qarşılığını alanda isə bıçağı çıxarıb Rafiqin üzərinə yeriyib. Lakin onları sakitləşdirməyə çalışan keçmiş bələdiyyə sədri Zakir xəsarət alıb. Qəzetimizi bilgiləndirən mənbə bildirib ki, yaralı hansısa səbəblərdən vaxtından əvvəl xəstəxanadan çıxarılıb. Hadisə günü polis tərəfindən saxlanılan Nazim Məlikov isə sonradan sərbəst buraxılıb. Məlumata görə, Nazim Məlikov Rafiq Cəfərovu yenə də müxtəlif hədələrə məruz qoyub. Mənbəmiz Nazim Məlikovun sərbəst buraxılmasının səbəbi kimi onun dövlət komitələrindən birində çalışan qudasının işə qarışmasını göstərir.

Amma bu gün Nazim Məlikovun vəzifədə olması onu göstərir ki, hansı cinayət törətməsindən asılı olmayaraq vəzifə sahibisənsə, sənə gözün üstə qaşın var deyən olmayacaq. GünBakı