BolgeXeber.Com » Gündəm » Fermerləri Yasamal yarmarkasına buraxmırlar - VİDEO

Fermerləri Yasamal yarmarkasına buraxmırlar - VİDEO

10-01-2015, 10:25
Oxunub: 2 822 Bakının Yasamal rayonunda həftə sonları təşkil olunan kənd təsərrüfatları məhsullarının yarmarkasına öz məhsullarını gətirən fermerlər şikayət edirlər.

Onların səs-küy yaratmasının səbəbi isə bu gün və sabah təşkil olunan yarmarkaya məhsullarını çıxarmağa icazənin verilməməsidir. Fermerlər deyir ki, səhər saat 10-dan yarmarkanın qapısının önünü kəsdiriblər. Amma nə faydası?! Onlara ancaq darvazanın önündə soyuqdan donmaq qalıb.
Fermer Sultan Səlimov deyir ki, bura toplaşan hər biri əziyyət çəkir: "Gürcüstanlını yarmarkaya buraxır, onlar burda ölü quş satır, amma bizə diri quş satmağa icazə yoxdur".
Fermerlər deyir ki, aidiyyəti rayonlardan onlara satışa görə xüsusi icazə kağızı verilib. Hətta bu icazə sənədləri yığılıb. Gəl ki, onlara məhsullarını yerləşdirməyə icazə verilmir.

Maraq doğuran bir məqam da var idi. Belə ki, fermerlərdən biri əlindəki arayışa əsasən satışa icazə verilmiş 4 rayonun siyahısına daxil olmayan Cəlillabaddan Yasamal rayonu yarmarkasına yönləndirilib. Hətta bu arayışda möhürün olması da diqqət çəkir.
Məsələyə aydınlıq gətirmək üçün ANS əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrəddin Eminova müraciət edib. Onun sözlərinə görə, fermerlər tərtib olunmuş siyahıya əsasən, yarmarkada yerləşdirilir. Yasamal rayonunda məhsullarını satmağa icazə yalnız bu siyahıda olan Qusar, Astara, Şabran və Salyandan olan fermerlərədir.

KTN nümayəndəsi xüsusi olaraq quş ətinin satışına toxundu.
“Fermerləri, sahibkarları, ailə təsərrüfatında öz məhsullarını gətirən şəxsləri yerləşdirməklə məşğuluq. O ki qaldı diri quş məsələsinə, kənd təsərrüfatı məhsulları satış yarmarkasına diri quşun satılması üçün Yasamal rayonunda belə bir şəraitimiz yoxdur. Hazırda belə bir şərait düzəldə bilməmişik. Ona görə də biz onlardan xahiş etmişik, tapşırmışıq ki, diri quş gətirməsinlər. Diri quşları kəsib gətirib yarmarkada satsınlar” – deyə kənd təsərrüfatı nazirliyinin nümayəndəsi Fəxrəddin Eminov bəyan edib.
Hər halda nazirlik nümayəndəsi yarmarkaya siyahıya əsasən fermerlərin yoxlanılıb buraxılacağını deyir.