BolgeXeber.Com » Gündəm » "AS Petrol" yanacaqdoldurma məntəqəsinin reklam fırıldağı

"AS Petrol" yanacaqdoldurma məntəqəsinin reklam fırıldağı

10-01-2015, 12:00
Oxunub: 2 558 Reklamda "Mercedes" göstərilsə də, "Niva" ortaya qoyuldu, oyunun vaxt məsələsi isə narazılığa səbəb oldu

Yanacaqdoldurma məntəqələrində sürücülərin aldadılmasının dəfələrlə şahidi olmuşuq. İstər ödənilən pulun dəyərində yanacağın verilməməsi, istərsə də şirnikləşdirici reklamlar bir çox hallarda narazılığa səbəb olur. "Bu fürsəti əldən qaçırmayın", "Benzin alın maşın sahibi olun" və sair kimi reklam şüarları hamıya yaxşı tanışdır. İstər Kütləvi İnformasiya Vasitələrində (daha çox telekanallarda) olsun, istərsə küçə reklamlarında, istərsə də yanacaqdoldurma məntəqələrində belə şirnikləşdirici reklamlara demək olar ki, hər addımbaşı rast gəlirik.

Fərqində olmasaq da, bizi cəlb edən bu reklamlara inanıb həmin ünvanlara üz tuturuq. Sonda əksər reklam çarxlarının müştərilər üçün tələ olduğunu anlayırıq. Digər tərəfdən elə ki, qiymət və keyfiyyətin artmasına baxmayaraq, hələ də aşağı keyfiyyətli benzin satan məntəqələr mövcuddur. Bundan başqa, sayğacda göstərilən həcmdən az vurulma hallarına da rast gəlinir. Hətta bəzən də şahidi olmuşuq ki, bəzi yanacaqdoldurma məntəqələrinin adı cinayət hadisələrində hallanır. Belələrindən biri də Bakı-Sumqayıt şossesində yerləşən "AS Petrol"dur ki, orada bir neçə il öncə insan ölümü ilə nəticələnən kriminal hadisə baş vermişdi. Həmin vaxt yanacaqdoldurma məntəqəsinin sahibinə yaxın olan şəxslər Şərur rayon sakinləri Ədalət Əsədov və onun qardaşı Malik Əsədovu bıçaqlamışdılar. Nəticədə Malik Əsədov xəstəxanaya aparılarkən yolda həlak olmuşdu, qardaşı Ədalət Əsədov isə müxtəlif dərəcəli ağır bədən xəsarəti almışdı. Hazırda da adıçəkilən yanacaqdolduma məntəqəsi ilə bağlı xoşagəlməz informasiya yayılmaqdadır. Verilən məlumata görə, Xırdalan qəbiristanlığı ilə üzbəüz yerləşən "AS Petrol" yanacaqdoldurma məntəqəsi 2014-cü il dekabrın 28-də müştərilərilər arasında lotereya oyunu keçirməli idi. Qeyd edək ki, lotereyanın keçirilməsi ilə bağlı reklam hələ keçən ilin iyun ayından təşkil olunmuşdu. Uduşlar arasında avtomobil də qoyulmuşdu. Üstəlik, reklam bukletlərində avtomobilin "Mercedes" markalı olacağı göstərilmişdi. Amma uduş tirajına az qalmış məntəqəyə "Niva" markalı avtomobil gətirib qalibə bu avtomobili verəcəklərini söyləyiblər. Səbəbini soruşanlara isə, "camaat köhnə "Mercedes" avtomobili istəmədi, ona görə təzə "Niva" gətirdik" deyiblər. Təbii ki, bu zaman uduşda iştirak etməli olan vətəndaşların hüquqları kobud şəkildə pozulub. Hətta bu, reklam haqqında qanuna da ziddir.

Digər tərəfdən isə, "AS Petrol" rəhbərliyinin cavablarından narazı qalan vətəndaşlar "axı bukletlərdə "Mercedes"in köhnə olması göstərilməmişdi" sualını versələr də, onlar cavabsız qalıb.

Nəhayət, dekabrın 28-də saat 15:00-da lotereyada iştirak etmək məqsədilə yanacaqdoldurma məntəqəsinə gedən vətəndaşlar əməlli-başlı sürprizlə rastlaşıblar. Və məntəqədə gördükləri elan onları çaş-baş salıb. Belə ki, elanda yazılıb ki, "Lotereya oyunu 2015-ci il martın 22-nə keçirilmişdir".

Əlbəttə ki, bütün bunlar vətəndaşların aldadılmasını ortaya çıxarır. Ona görə də, müştərilərin hüquqlarının qorunması baxımından nəzarətin güclənməsinə ehtiyac var. Dövlət qurumları tərəfindən bu halların yoxlanılması çətin bir iş deyil. Müvafiq qurumlar bu prosesi həyata keçirmək imkanlarına malikdirlər. Burada həm də yanacaqdoldurma məntəqələrinə olan inamdan sui-istifadə halları var. Adətən müştəri yanacaqdoldurma məntəqəsinin rəhbərliyinin bu cür addımlarını yoxlaması praktiki olaraq çətindir. Ona görə də bunun yoxlanılmasını dövlət qurumları həyata keçirməlidir. Vətəndaş gördüyü reklamın dalınca qaçır, ona inanır. Yəni bunun düz və yaxud yalan olduğunu müəyyən edə bilmir. Bu baxımdan bu işdə məsuliyyət birmənalı olaraq dövlət qurumlarının üzərinə düşür. Burada daha ağır cəza tədbirlərinin müəyyənləşdirilməsinə ehtiyac var. Birinci mərhələdə ağır cərimələr, sonrakı mərhələdə isə hətta yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılmasına qədər ciddi qərarların qəbul edilməsinə ehtiyac var. Çünki aldadılanlar azsaylı müştəri deyil. Yəni qanunverciliyə dəyişikliyin edilməsinə, həm də nəzarətin gücləndirilməsinə ehtiyac var". Əlaqədar qurumların bu məsələyə diqqət etməsi vacibdir.gundelik-baku

Qarşı tərəfi dinləməyə hazırıq.