BolgeXeber.Com » Gündəm » “Azəristiliktəchizat”a rüşvət verən sakinlər evdə paltoda gəzir - (Video)

“Azəristiliktəchizat”a rüşvət verən sakinlər evdə paltoda gəzir - (Video)

11-01-2015, 10:55
Oxunub: 3 341 İstilik sisteminə qoşulan binalardakı mənzillərin hər otağına görə 40 manat pul yığılıb

Bakıda cəmi iki gün şaxtalı hava oldu. Amma bu iki gün paytaxtın qışa hazır olmamasının üzə çıxması üçün kifayət etdi. Ən ciddi problemlər yol infrastruktunda və istilik sistemində üzə çıxdı.

Şaxtalı hava başlayan kimi Bakının əksər əraziləri istilikdən məhrum oldu. “Azəristiliktəchizat” ASC-nin “Qışa tam hazırıq” bəyanatlarına baxmayaraq reallıq başqa şeyi ortaya qoydu. Dövlət külli miqdarda vəsait ayırsa da bu qurum əhalinin fasiləsiz istiliklə təmin edilməsi üçün heç bir iş görməyib.

Yeni Yasamal-2 qəsəbəsində 6 və 7 saylı binaların sakinləri isə “Azəristilitəchizat”la bağlı daha bir faktı açıqlayıblar. Sakinlərin sosial şəbəkələrdə paylaşdığı məlumata görə, istilik sisteminə qoşulan binalardakı mənzillərin hər otağına görə bu il də 40 manat pul yığılıb. Bu pulun “Azəristiliktəchizat”a rüşvət kimi verildiyi bildirilir.

Bundan başqa, sakinlər “Azəristiliktəchizat”ın göndərdiyi usta briqadalarına evlərə qədər istilik sisteminin çəkilməsi üçün real qiymətlərdən dəfələrlə artıq pul ödəməli olublar. Nəzərə alsaq ki hər binada azı 180-200 mənzil var, söhbət kifayət qədər böyük məbləğdən gedir.