BolgeXeber.Com » Gündəm » “Azərsun”unda fəhlələrlə qul kimi davranırlar

“Azərsun”unda fəhlələrlə qul kimi davranırlar

12-01-2015, 13:00
Oxunub: 4 282 "Zavoda demək olar ki, hər ay “qara fəhlələr” gəlir və haqsızlıqla qarşılaşıb gedir"

“Azərsun Holdinq”in İmişlidəki Şəkər Zavodunda işdən çıxarılmış 8 fəhləsinin yanvarın 12-də şirkətin baş ofisi qarşısında kütləvi şəkildə intihar edəcəkləri ilə bağlı müraciəti iki gün əvvəl yayılmışdı.

Fəhlələrdən 5 nəfəri virtualaz.org saytına şəkər zavodunda işlədikləri zaman qarşılaşdıqları məşəqqətlərdən danışmışdı.

İntihar anonsu verən fəhlələrdən biri - İmişli sakini Elnur Uluxanov açıqlamasında fəhlələrin nədən belə radikal addım atmaq qərarına gəldiyini açıqlayıb.

E.Uluxanovun deməsinə görə, 2008-ci ildə zavoda işə düzəlib. Ancaq bir müddətdən sonra işdən çıxarılıb. Sonrakı vaxtlarda zavodda əmək müqaviləsi olmadan - “qara işçi” kimi çalışıb.

E.Uluxanov deyir ki, yerli sakinlər bu zavodda məcburiyyətdən, yəni acından ölməmək üçün işləyir. Ağır iş şəraitinə, 16-18 saatlıq iş saatına, istismara dözməli olurlar:

- Məni o vaxt böhtanla işdən çıxartdılar. 6-7 ay get-gəl elədim. Ailə vəziyyətimiz ağır idi. Atam, anam xəstə idi. Dərmana, çörəyə pul tapmırdıq. Rayonda iş yerləri yoxdur. Ona görə də özünə iş tapan adama ən xoşbəxt adam kimi baxırlar. Mən o vaxt çoxlu get-gəldən sonra zavoda işə qaytardılar. Ancaq qara işçi qüvvəsi kimi... Ştata salmadılar. Məni yem zavoduna təmizlikçi işinə götürmüşdülər. Orada ən ağır işə görə saatına təqribən 3 manat hesablanır. Məni təmizlikçi adı ilə işə götürsələr də vəzifəmə daxil olmayan bütün ağır işlərdə işlədirdilər. Çarəsizlikdən heç kəsin yaxın durmadığı bütün ağır işlərə razılaşırdım. Buna görə isə iş saatıma 60, ən yaxşı halda 80 qəpik hesablanırdı. Elə vaxtlar olurdu ki, günün 16, 18, hətta 24 saatını fasiləsiz və ağır işlərdə çalışırdım. Xalis qul əməyi yəni...

- Bəs iş şəraitiniz necə idi?


- Bizə çox vaxt maska, papaq vermidilər. Harada ağır işdə kömək lazım olurdusa, ora yollayırdılar. Günün 18 saatı ərzində bir sexdə kisə tikirdim, o biri sexdə yük daşıyırdım. Bir başqa sexdə operatora kömək edirdim... Maska olmurdu deyə toz-torpaq, dərman, zərərli kimyəvi maddələr ciyərlərimizə hopurdu. Elə sahə və sexlərdə işlərə yollayırdılar ki, orada üfunətdən dayanmaq olmurdu. Mən o sexdə təkbaşına çalışırdım. Hec bir insan buna dözə bilməz. Dərman, toz - hamısı ciyərlərimdədir. Maska istəyəndə deyirdilər ki, qurtarıb, yoxdur. Dərmanların, tozun təsirindən çox pis vəziyyətdə olurdum. Sexdən çıxanda saatlarla özümə gələ bilmirdim. Burnumdan, ağzımdan həmin kimyəvi dərmanların çirki gəlirdi. Məcburiyytədən işləyirdim. Mənim hesablamamla bu ağır qul əməyinə görə ayda azı 600-700 manat almalı idim, ancaq 200 manatdan cox ala bilmirdim. Dediyim kimi, iş saatım 60 qəpikdən hesablanırdı.

- Növbəti dəfə niyə işdən çıxarıldınız?

- Üstümə qənd kisəsi aşdı. Bərk əzildim. Bir tərəfimi hiss etmirdim. Fəhlələr məni sexdən qucaqlarında çıxartdılar. Heç cür işləmək imkanım qalmırdı o vəziyyətdə... Müalicə olunmaq üçün icazə aldım. Dedilər, get, müalicəni bitirib gələrsən. Mən 4 gündən çox işsiz qala bilmədim. Bir az özümə gələn kimi zavoda qayıtdım. Dediyim kimi, ailə vəziyyətimiz çox ağırdır, xəstə valideynlərimə dava-dərmanı mən alırdım. Evi mən saxlayırdım. Ancaq zavoda qayıdanda işə götürmədilər.

- Demişdiniz, sizdən başqa digər ailə üzvünüz də həmin zavodda işləyib və ağır xəstəlik tapıb...

- Qardaşım da zavodda işləyirdi. O, kimyəvi dərmanların təsirindən, işin ağırlığından əməliyyata düşdü... Başından xəstəlik tapdı... 2 ildən çoxdur Maştağadakı ruhi xəstəxanada müalicə alır. Arada vəziyyəti normallaşır. Evə buraxırlar. Gəlir, bir az evdə qalır, vəziyyəti yenə ağırlaşır, təcili ruhi xəstəxanayaq çatdırmalı oluruq. Polis aparmır, yol xərcini ödəməyimizi istəyir. Biz məcburiyyət qarşısında qalıb borca-xərcə girib qardaşımı Bakıya - ruhi xəstəxanaya yollayırıq.

- O zavodda sizdən başqa əmək müqaviləsi olmadan işləyənlər çox idi?

- Zavoda demək olar ki, hər ay “qara fəhlələr” gəlir və haqsızlıqla qarşılaşıb gedir. Qul kimi işlədirlər, sonra da bir bəhanə tapıb işdən qovurlar. Coxu ailəsini saxlamaq üçün məcburiyyətdən ora gəlir. Banka kredit ödəyəni var, xəstəsi olanı var, körpə uşaqları olanı var...

Elnur Uluxanov bir müddətdən sonra yenə zavoda işə götürülüb. Ancaq bu dəfə lap qısa müddətə...

Bu dəfə qohumluq əlaqəsi olanların eyni zavodda işləməsinə icazə verilmədiyini əsas gətirib, onu zavoddan uzaqlaşdırıblar:

- Mən çox dedim ki, qardaşım bu zavodda demək olar ki, həyatını itirib. Özüm bu zavodda belimdən aldığım zədədən hələ də əziyyət çəkirəm. Sonuncu dəfə işə götürüləndə iş vaxtı əlim kəsildi və bir barmağım iflic oldu. Bu zavodda bu qədər ağır işlərdə əməyimi ucuz qiymətə satmışam. Heç olmasa mənə toxunmayın, işləyim, burda xəstəlik tapmış qardaşımın dərmanını alım. Atamın, anamın dərmanını alım. Bir qardaşım da var, o da xəstədir. Onun da balasına mən baxıram. 6 il qardaşım, 6 il də özüm o zavodda ən ağır işlərdə işləmişik. Bunu nəzərə alan olmadı. Ancaq heç kəs məhəl qoymadı. Məni çıxarıb, atdılar çölə...