BolgeXeber.Com » Gündəm » Saçı yolunan məktəbli ilə bağlı qalmaqal böyüyür

Saçı yolunan məktəbli ilə bağlı qalmaqal böyüyür

14-01-2015, 09:50
Oxunub: 2 345 Dəniz dərsə getməkdən imtina edir, ailəsi onu məktəbdən çıxaracaq, qarşı tərəf yalanda suçlanır...

Bir neçə gün əvvəl məktəbdə saçı yolunan məktəbli ilə bağlı qalmaqal böyüyür. Birinci sinif şagirdi Dəniz Məmmədlinin valideynləri onu məktəbdən çıxarmağa hazırlaşırlar. Həmçinin məktəblinin nənəsi Rəfiqə Novruzova təhsil nazirinə şikayət hazırlayır.
Əməkdaşımız yanvarın 13-də hadisənin baş verdiyi, paytaxtın Yasamal rayonu, 53 saylı orta məktəbdə olub. Qapıçı gəlişimizin məqsədini bildikdən sonra direktora zəng edir. Sonra bildirir ki, direktor dərsdədir və suallarımızı cavablandıra bilməyəcək. O, direktorun tövsiyəsi ilə müəllimlərdən birini çağırsa da, müəllim də sualı eşitdikdən sonra cavablandırmaqdan imtina edir.
Ancaq bildirir ki, həmin məktəbli- Dəniz Məmmədli dərsdədir: "Əlbəttə, dərsə gəlmək onun hüququdur. Biz onun hüququnu əlindən almırıq ki. Problem-filan da yoxdur”. Ancaq müəllim Dənizlə danışmağımıza şərait yaratmır və söhbət əsnasında bəlli olur ki, Dəniz həmin olaydan sonra məktəbə gəlmir. Müəllim gedir və bir müddət sonra qayıdaraq deyir ki, bu məsələlərlə bağlı Bakı Şəhər Baş Təhsil İdarəsinə müraciət edib cavab almalıyıq. Qapıçı isə onun sözlərinə "qüvvət verir”: "O gün direktor da, sinif rəhbəri də açıqlama verib, hər yerdə də göstəriblər. Başqa nə açıqlama ola bilər ki?”
Qeyd edək ki, yanvarın 9-da həmin məktəbdə ibtidai sinifdə təhsil alan Dənizin müəllimə tərəfindən saçının yolunması barədə media sosial şəbəkəyə istinadən məlumat yayıb. Məlumatı isə sosial şəbəkəyə Dənizin bacısı Şəms Məmmədli yerləşdirib. O, bacısının şəklini yerləşdirərək müəllimə tərəfindən yolunduğunu bildirib. Bundan sonra məsələ böyüdüyündən ibtidai sinif müəllimi Zülfiyyə Hacıyeva və direktor Firəngiz Həsənova açıqlama verərək faktı təkzib ediblər. Məktəblinin anası isə açıqlama vermək istəməyib. Müəllimin sözlərinə görə, Dəniz həmin gün dərsindən pis qiymət alıbmış, buna görə küskün vəziyyətdə evə gedib. Bacısı isə bu halını görüb ona acıyıb. Saçının tökülmüş hissəsini çəkib sosial şəbəkələrdə paylaşıb. Müəllimə həmçinin saçın tökülməsinə səbəb kimi məktəblinin başında bit tapılmasını göstərib: "Həkimin təyin etdiyi dərmanları edəndən sonra bu uşağın saçında tökülmələr baş verib”. Bildirilir ki, həmin gün-yanvarın 9-da faktla bağlı təhsil ocağına Yasamal Rayon Polis İdarəsinin, Bakı Şəhər Təhsil İdarəsi və Təhsil Nazirliyinin əməkdaşları cəlb edilib. Artıq faktla bağlı adıçəkilən təhsil ocağında araşdırma işlərinə başlanılıb.
Qeyd edək ki, hadisə baş verən gündən sonra Şəms Məmmədli bacısına qarşı olan zorakılıqdan sonra sosial şəbəkədə bir neçə dəfə yazıb. O, əməkdaşımızla telefon söhbətində bildirib ki, bacısının saçını müəllimə yolub, ailənin bunu təkzib etməyinə səbəb isə müəllimənin işdən çıxarılmasına səbəb olmaq istəməmələridir: "Bacım iki gündür ki, məktəbə getmir. Qorxur, biz də düşünürük ki, ona təzyiq edərlər, hədə-qorxu gələrlər, istəmirik daha artıq incisin. Onun məktəbdən çıxaracağıq. Müəllimə və direktor yalan danışır”.
Həmçinin Dənizgildə də olduq. Dənizin nənəsi Rəfiqə xanım deyir ki, telekanallarda nəvəsinin başına gələnlərdən xəbər tutub Füzulidən Bakıya gəlib: "Heç kimin haqqı yoxdur ki, uşaqla belə rəftar edə. Dərsini oxumur, ikisini yaz, valideynini çağır məktəbə, daha saçını yolmaq nə üçün? Bu, müəlliməyə yaraşan hərəkətdir? Hələ özlərini təmizə də çıxarırlar... Uşağın anası məsələni ona görə böyütmək istəmədi ki, qarşı tərəf xahiş etdi. Ancaq özləri çıxıb efirdə bizi günahkar çıxardılar, özlərini yalan danışaraq təmizə çıxardılar. Qızım əziyyətlə uşaq böyüdüb ki, hansısa müəllimə onu təhqir etsin?” Nənə deyir ki, Dəniz ona vəziyyəti izah edib və o, Dənizin doğrunu söylədiyinə əmindir: "Dedi ki, yazını yaza bilmədim, müəllimə də saçımdan yoldu, sonra da silkələdi, çırpdı başımı, başım Yusifin başına dəydi. Yusif Dənizin yanında oturan uşaqdır. Mən məktəbə gedəcəm, ya gəlib üzr istəsinlər, ya da ərizə, şikayət yazmışam, göndərəcəm nazirliyə. Təhsil nazirinə şikayət edəcəm, qoy tədbir görsün”.
Dənizin anası isə müsahibə vermək istəmədiyini desə də, sonda bildirir ki, məsələnin böyüməyini müəllimənin işdən çıxarılmaması üçün istəməyib: "Dedilər ki, müəlliməni işdən çıxaracaqlar, direktora da töhmət verəcəklər. Buna görə susdum. Ancaq özləri çıxıb televiziyada nə gəldi, danışıblar. Buna isə dözmək olmur”.
Nənə deyir ki, Dənizin başında bit sentyabr ayında məktəb başlananda tapılıb: "Yataqxanada pis vəziyyətdə yaşayırlar, necəsə olub. Məktəbə də komissiya gəlib və uşaq evə göndərilib. İki həftə müalicə alıb və problemi həll olunub. Ondan sonra uşaq üç ay dərsə gedib. İndi yalandan öz hərəkətlərini bitin üstünə atırlar. Gedəcəm məktəbə, jurnaldakı ”qayıb"ları göstərsinlər mənə". Nənə nəvəsinin saçlarını da göstərir: "Baxın, heç bir tökülmə izləri yoxdur, bircə yolunan yerdən başqa”.
Nənənin sözlərinə görə, nəvəsi qorxusundan məktəbə də getmir: "Biz onu məktəbdən çıxaracağıq, məktəbini dəyişəcəyik. Özü məktəbə getmək istəmədi, məktəbdən də heç maraqlanmırlar. Müəllim direktorla birləşib bizə şər atdılar, uşağı özləri aparıblar ekspert həkimə, ekspert də rəy verib ki, hər şey normaldır. Müəllim niyə ekspertə getməlidir ki? Hamısı əlbirdir”. Sonda uşağın anası deyir ki, ancaq müəllimənin üzr istəməsini və səhvini boynuna almasını istəyir: "Məsələnin böyüməsini və hər kəsin üstümüzə gəlməsini istəmirəm, qızımın saçını yolub, üzümüzə desin və üzr istəsin. Heç cəzalandırılması da lazım deyil, ancaq həqiqət ortaya çıxsın”.
Təhsil Nazirliyindən isə məsələ ilə bağlı qəzetimizə bildirildi ki, bu məsələ ilə Bakı Şəhər Baş Təhsil İdarəsi məşğuldur. Nazirliyin mətbuat xidmətindən məsələ ilə bağlı heç bir sualımız cavablandırılmadı, ancaq bildirildi ki, baş verənlərlə bağlı məktəblinin anasının və bacısının təkzibi var və bu, media qurumlarında video şəklində yayılıb. Bakı Şəhər Baş Təhsil İdarəsi ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Məsələni diqqətdə saxlayacağıq. (musavat.com)