BolgeXeber.Com » Gündəm » Gədəbəyin icra başçısı üçün möhtəşəm flaşmob hazırlanır?

Gədəbəyin icra başçısı üçün möhtəşəm flaşmob hazırlanır?

14-01-2015, 18:45
Oxunub: 2 871 Ramiz Yediyarovdan rayonda tikilməkdə olan obyektlərin "udduğu" büdcə vəsaitlərinin hesabı sorulacaq

Yeni ildən başlayaraq ölkə rəhbərliyinin icra strukturlarının başçılarına olan tələbləri daha da ciddiləşir, aktual şəkil alır. Bununla bağlı zaman-zaman səslənən mesajları da xatırlayaq. Dövlət başçısı Nazirlər Kabinetinin bir neçə gün əvvəl keçirilmiş iclasında xəbərdarlıq etdi ki, layihələrin həyata keçirilməsinə nəzarət gücləndiriləcək. "Bu sahədə israfçılığa yol verilməməlidir. Hər bir dövlət strukturunda idarəetmə prinsipləri təkmilləşdirilməlidir".

Bir çox rayonlarda icra başçıları sosial-inkişaf layihələrinə ayrılan külli miqdarda vəsaitə nəfs atmaqdan özlərini saxlaya bilməyib, biznesmenə çevrilib, yerin mütləq yiyəsi kimi sadə vətəndaşlarla hələ bir zor dilində danışır, sahibkarlıq fəaliyyəti qarşısında süni maneələr yaradır. Belə hökmlü rəftarın əslində heç bir məntiqi izahı demək olar ki, yoxdur. Dövlət başçısının dəfələrlə söylədiyi fikirlərin də əsas tezisləri sahibkarlığın inkişafına dövlət dəstəyinin genişləndirilməsi, bürokratik idarəetmə aparatının pillə-pillə zəiflədilməsini təmin edəcək addımların atılması, vətəndaşların hüquq və vəzifələrinə məmur sayğısının artırılması kimi mühüm amilləri əhatə edir. Əlbəttə, bəzi bölgələrdə, o cümlədən Gədəbəy rayonunda dözülməz həddə çatmış məmur özbaşınalığının cilovlanması istiqamətində ciddi cəza tədbirlərinə əl atılacağı gözlənilir. Əməlləri ilə özünü gözdən salmış icra başçısı Ramiz Yediyarovun ətrafına topladığı məmur komandasının özbaşınalıqları rayon ictimaiyyətinin diqqət mərkəzindədir. Hələlik rayonda vəziyyəti nəzarətdə saxlamaq üçün müxtəlif üsullara əl atsa da, bunun nəticəsiz qaldığı göz qabağındadır. Sadə vətəndaşlar harın və rüşvətxor məmurların bilərəkdən yaratdığı bütün biabırçılıqları son nəticədə başçının "qrexi"nə bağlayaraq dövlət idarəçiliyində kadr siyasətinə diqqətin ciddi şəkildə artırılacağını səbrlə gözləməkdədir. Doğrudan da, bu sahədə yeniləşməyə böyük ehtiyac var. Təbii ki,əksər hallarda Gədəbəydə vəzifəsini özəlləşdirmiş kimi görünən məmur idarəetməyə şəxsi maraq prizmasından yanaşır. Bu "bespredellikdən" narahat və narazı olan camaatı nə gözləyir? Əldə etdiyimiz məlumata görə, hazırda yuxarı hakimiyyət pillələrində Gədəbəy rayonunda yaranmış situasiya ilə bağlı müəyyən təhlillər aparılır. İcra başçısı Ramiz Yediyarovun PA-ya çağırıldığı deyilir. Nəticəni yəqin ki, yaxın zamanlarda görmək mümkün olacaq. Hər halda, son bir neçə ildə biznesmenə çevrilmiş icra başçısı və onun rəhbərliyində bulunan məmur komandası üçün "möhtəşəm flaşmob" gözləməyə dəyər. Zarafat eləmirik, bu flaşmobda cəza əvəzi olaraq məmurlar "gangnam stile" havasına tullanıb-düşməklə canını yüngüllük içində qurtara bilməyəcək. Dövlətin büdcəsinə nəfs atanların, başqasının haqqını özününküləşdirənlərin hər birinə tərlətmə dərmanı içirib şaxtalı havada babat bir iş gördürəcəklər. Son məqamda hamısı illərlə yığdığını yerə buraxıb vəzifəsindən dəf olacaq. Camaatın da canı qurtaracaq. Eşitdiyimizə görə, flaşmobu Gədəbəydə həsrət içində gözləyənlər çoxdur. Ola bilsin, bəzi harınlaşmış məmurların cəzalandırılmasına baxıb ürəkdən illərin tikanlarını bir-bir çıxarmaq istəyirlər. Hər şeyin vaxtı var. Yetər ki, səbrə qərarlı olsunlar.