BolgeXeber.Com » Gündəm » Bakı prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Bakı prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

16-01-2015, 16:25
Oxunub: 3 465 Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlara da diqqət yetirilmişdir

Bolgexeber.com-un məlumatına görə yanvarın 16-da Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2014-cü ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirmişdir ki, 2014-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan müasir məzmunlu siyasət tədbirləri nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmuş, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılmışdır.
Bildirilmişdir ki, hesabat dövründə şəhərin prokurorluq orqanları tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bir çox nailiyyətlər əldə olunmuşdur.
Şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik əsasən düzgün təşkil edilmiş, bu sahədə tələbkarlıq daha da artırılmış, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilmişdir. Görülmüş müsbət işlərin nəticəsidir ki, il ərzində prokurorluqda 210, daxili işlər orqanlarında isə 4517 cinayət işinin istintaqı tamamlanmışdır. Paytaxtın prokurorluq və digər hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilmişdir.
Belə ki, Yasamal rayonunda Xoşavaz Mənəfovanın və Vahid Əhmədovun, Nərimanov rayonunda Mikayıl Əsədovun, Güllərə Qurbanovanın Suraxanı rayonunda, İltifat Mehralıyevin isə Sabunçu rayonunda qeyri-aşkar şəraitdə qəsdən öldürülmələri cinayətlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunmuşlar.
Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatçılıq doğuran əsas problemlərdən biri olması şəhər prokuroru tərəfindən xüsusilə vurğulanaraq bildirilmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin 26 dekabr 2012-ci il tarixdə imzaladığı “Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamdan irəli gələn vəzifələrin layiqincə icrası daim nəzarətdə saxlanılmış, il ərzində xüsusən ölümlə nəticələnən yol nəqliyyat hadisələri Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olmuşdur. Bu sahədə həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, ötən illə müqayisədə baş vermiş ölümlə nəticələnən yol nəqliyyat hadisələri azalmış, hadisə yerindən qaçan sürücülərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində müsbət nəticələr əldə edilərək bağlı qalmış cinayətlərin sayı da azalmışdır. Həmçinin, müşavirədə bu sahədə mövcud olan çatışmazlıqların və yol verilmiş qanun pozuntularının vaxtında aşkar edilib aradan qaldırılması üçün bütün zəruru tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilmişdir.
Müşavirədə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilərək hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılması işinə qayğı və həssaslıqla yanaşılması tələb olunmuş və bildirilmişdir ki, hesabat dövründə şəhər prokurorluğunda ümumilikdə 1306 vətəndaş qəbul edilmişdir.
Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlara da diqqət yetirilərək 2013-ci illə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə və quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq, 2 qəsdən adam öldürmə, 29 quldurluq cinayətlərinin açılmaması narahatçılıq hissi ilə qeyd edilərək həmin cinayətlərin tezliklə açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün intensiv və məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi, bu məqsədlə xüsusən də, kriminalistika xidməti işinin daha da gücləndirilməsi vurğulanmışdır. Şəhər prokuroru tərəfindən bu istiqamətdə zəruri göstərişlər verilmiş, prokurorluq, daxili işlər orqanlarının istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilmişdir.
Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə vurğulanmışdır ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 21 əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilmiş, 4 nəfər vəzifədən azad olunmuş, 1 nəfər isə vəzifədən kənarlaşdırılmışdır.
Müşavirədə şəhər prokurorunun müavini Azər Əsgərov, şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mircavan Kazımov və rayon prokurorları çıxış edərək hesabat ilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər barədə ətraflı məruzə etmiş, prokurorluğun fəaliyyətinin səmərəliliyinin daha da artırılması, mövcud nöqsanların aradan qaldırılması barədə konkret təkliflər irəli sürmüşlər.
Əməliyyat müşavirəsinə yekun vuran şəhər prokuroru Əziz Seyidov əmin olduğunu bildirmişdir ki, şəhər prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar hüquq mühafizə orqanları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.
Bolgexeber.com