BolgeXeber.Com » Gündəm » İki qəpiklik ajiotaj naziri bitirə bilər

İki qəpiklik ajiotaj naziri bitirə bilər

16-01-2015, 16:50
Oxunub: 3 402 Şahin Mustafayevin başı dərddə

Tarif Şurası Vergi Məcəlləsinə dəyişiklik edərkən ən primitiv və sabotaj hesab edilən varianta əl atıb; oliqarxların maraqlarına hesablanmış 12 yanvar tarixli qərarını verərək süni ajiotaj yaradanlar cəzalandırıla da bilər...
Yanvarın 12-də Azərbaycanda benzinin, dizel yanacağının qiymətinin 2 qəpik bahalaşdırılması gözlənilməz olmaqla yanaşı, qısa müddətlik ajiotajla müşahidə olundu. Avtomobillərin texniki baxışdan keçərkən yol vergisindən azad edilməsi qərarının ardınca, yanacağın bahalaşması və bunun yol vergisinin bu formada tətbiqi ilə əlaqələndirilməsini bir çox ekspertlər düzgün əsaslandırılmamış məsələ kimi qiymətləndirirdi.

Həmçinin dünya bazarında neftin qiymətinin 50 dollardan da aşağı düşdüyü, buna uyğun olaraq da əksər ölkələrdə benzinin, dizel yanacağının ucuzlaşdırıldığı bir vaxtda Azərbaycanda neft məhsullarının bahalaşdırılması təbii ki, təəccüblə və etirazla qarşılanmaya bilməzdi.

Düzdür, burada dövlət büdcəsinə 70 milyon daha artıq gəlir gələcəyi bildirildi, ancaq bu da əhali üçün yetərli arqument kimi görünmədi. Cəmi 1 gün davam edən 2 qəpiklik benzin bahalaşması avtomatik olaraq ərzaq və qeyri-ərzaq mallarının bahalaşmasına, həmçinin xidmət sektorunda qiymət artımına səbəb oldu. Görünən bu idi ki, iqtisadi sferanı cənginə almış məmur-oliqarxlar daha artıq varlanmaq üçün 2 qəpiklik artımdan süni şəkildə bəhrələnərək, dərhal idxal və ya istehsal etdikləri malların qiymətini azı 5 faiz bahalaşdırmağa başladılar.

Aydın şəkildə belə bir mənzərə canlanırdı ki, benzinin bahalaşması məhz oliqarxların maraqlarına xidmət edir, burada qazanan büdcə yox, ayrı-ayrı məmurlar olacaq. Bu proses çox ağır iqtisadi-sosial fəsadlar verə bilərdi və təbii ki, bunu hakimiyyət rəhbərliyi, iqtidar texnoloqları da sezməmiş deyildilər. Nəticə isə özünü çox gözlətmədi: 13 yanvardan etibarən bahalaşan benzinin qiyməti prezidentin göstərişi ilə Tarif Şurasının 14 yanvar 2015-ci ildə keçirilən növbədənkənar iclasında əvvəlki həddinə qaytarıldı.
Təbii ki, bu qərarda iqtisadi əsaslandırma var, əvvəlki qərar kortəbii ləğv olunmayıb. Bunu aydınlaşdırarkən ortaya çox maraqlı bir fakt çıxdı.

Tarif Şurasının 2 qəpiklik artım qərarı ilə prezidentin göstərişinə əsasən növbədənkənar iclasda verilən qərarı incələyəndə bəlli olur ki, TŞ-nin üzvləri xalqı yox, məhz oliqarxların maraqlarını nəzərə alıblar!

TŞ-nin 12 yanvar tarixli qərarı ilə bağlı açıqlamada deyilirdi: “2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yarasız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi. (Bu qayda artıq ləğv edilib-red.) Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulmuşdur.


Yol vergisinin yanacağın qiymətinə daxil edilməsi nəticəsində verginin ödənilməsi prosesi və verginin yığılması üzrə inzibatçılıq sadələşir, avtonəqliyyat vasitəsindən daha az istifadə edən şəxslər daha az vergi ödəyir, illik vergi bir dəfəyə deyil, hər dəfə yanacaq alınan zaman hissə-hissə ödənilir, hüquqi şəxslər tərəfindən vergi orqanlarına yol vergisi bəyannamələrinin təqdim olunması ləğv edilir, verginin tam yığılması təmin olunur. Göstərilənlər nəzərə alınaraq, Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul edilmiş və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilmişdir”.

Prezidentin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində TŞ-nin keçirdi iclasla bağlı məlumatda isə deyilir: “Qərara əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının ”Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib. Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi ŞİRKƏTDAXİLİ TARİFLƏRİN AZALDILMASI (seçdirmə bizimdir-red.) hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi “Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilmişdir. Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilmiş və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilmişdir”.


Deməli, Tarif Şurasına reallıqlara uyğun olaraq heç bir (rəsmi və ya qeyri-rəsmi şəkildə) göstəriş olmayıbmış ki, benzinin, dizelin qiyməti bahalaşdırılsın. Bizi bununla bağlı bilgiləndirən iqtidara yaxın bir mənbə dedi ki, texniki baxış zamanı yol vergisi ləğv edildikdən sonra yaranmış situasiyada Tarif Şurasının vəzifəsi əslində, neft məhsullarının pərakəndə satış qiymətini bahalaşdırmaq yox, sadəcə, Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, yol vergisinin tətbiqini ən uyğun metodla həyata keçirmək olub: “Bunun üçün bir çox təkliflər vardı, ancaq Tarif Şurası oliqarxların maraqlarını nəzərə alaraq, yol vergisini neft məhsullarının pərakəndə satışını artırmaqla tətbiq edib. Bu isə ona gətirib çıxaracaqdı ki, ölkədə qısa bir müddət ərazində iqtisadi xaos yaransın.

Təklif olunan variantlardan ən uyğunu prezidentin göstərişindən sonra tətbiq edilən qaydadır. Yəni Vergi Məcəlləsinə edilən dəyişiklik xalqı incitməklə, bahalaşmaya rəvac verməklə deyil, şirkətdaxili tarifləri azaltmaqla həyata keçirilir. Bu həm də benzin, dizel istehsalı ilə məşğul olan şirkətə da faydalıdır. Onlar da israfçılığı azaltmağa məcbur olacaqlar. Görünür, Tarif Şurasının üzvləri arasında ya bir savadlısı olmayıb ki, bu təklifi ortaya versin, ya da onlar bahalaşmanı bilərəkdən ediblər. Məsələ ondadır ki, Vergi Məcəlləsinə dəyişiklik benzinin pərakəndə satış qiymətini artırmaqla ediləcəkdisə, bu məsələ barədə ölkə rəhbərliyinə məruzə edilməli idi. TŞ-nin üzvləri arasında isə prezidentə müraciət, məruzə etmək səlahiyyəti olan yeganə şəxs isə qurumun sədri, iqtisadi inkişaf naziri Şahin Mustafayevdir.

TŞ-nin digər üzvləri nazir müavinləri olduqlarından onlar istəsələr belə bu haqda məruzə edə bilməzdilər. Hətta o da iddia olunur ki, bəzi nazir müavinləri bahalaşma qərarının verilməsinin əleyhinə olublar. Lakin elə həmin gecə Şahin Mustafayevin iradəsi ilə qərar qəbul olunub. Bunun səhəri gün isə ajiotaj başladı. Dərhal da prezident işə müdaxilə etdi və Vergi Məcəlləsinə dəyişikliyin optimal yolu şuraya təqdim olundu. Heç şübhəsiz ki, ölkədəki indiki həssas məqamda düşünülməmiş, əsaslandırılmamış, yalnız oliqarxların maraqlarına hesablanmış 12 yanvar tarixli qərarını verərək süni ajiotaj yaradanlar cəzalandırıla da bilər. Burada ən böyük məsuliyyəti isə Şahin Mustafayev daşıyır”.

Deyilənlərdən ortaya çıxan nəticə budur ki, ölkənin iqtisadi-sosial həyatına cavabdeh olan şəxslər reallıqları normal qiymətləndirə bilmirlər. Onların məlum addımı sabotaj kimi də dəyərləndirilir. Bu üzdən şübhəsiz ki, 2 qəpiklik süni bahalaşma təbii olaraq ən azı bir nazirin başını dərdə salıb...
musavat.com