BolgeXeber.Com » Gündəm » Sumqayıtdakı “Karvan”ın rəhbərindən şikayət...

Sumqayıtdakı “Karvan”ın rəhbərindən şikayət...

19-01-2015, 09:25
Oxunub: 3 542 Təranə Əzimova: “Məni təhqir etdi və bazardan qovdu, prezidentdən kömək istəyirəm”

Sumqayıt sakini Təranə Əzimova “Karvan” ticarət mərkəzinin müdirindən şikayətçidir. O bildirir ki, 1995-ci ildən “Karvan” ticarət mərkəzində işləyib: “”Karvan" ticarət mərkəzinin ərazisindəki bazarda işləyirəm. Bazar yanana kimi məndən hər gün 11 manat yer haqqı və 1 manat isə mühafizə üçün pul alıblar. Bazar yananda dörd bankdan pul götürüb piştaxtaya mal vurmuşam.

O azmış kimi, evimin qızıllarını da “lombard”a qoyub götürdüyüm pula əlavə olaraq yenə də mal almışam. Bazar yananda isə orada meyvə və quru mal- toxum-filan satırdıq, hamısı məhv oldu. Bazar rəhbərliyi hamıya vəd verdi ki, sakit olaq və bizə köməklik edəcək. Ancaq heç bir kömək olmadı".

Şikayətçinin sözlərinə görə, nəticədə 20 min manatlıq qızılı “lombard”da batıb. Bundan sonra isə bazar rəhbərliyi onu bazardan qovub: “İndi gündəlik 15 manat pul verirdim. Alver olmasa da, məcbur edirdilər ki, gündəlik haqqı çatdıraq. Mən də pul yığan Vüqar adlı şəxsə dedim ki, 10 manat verim, qalanını sonra verərəm. ancaq götürmədi, səhəri gün digər iki nəfər- İsməli və Kamil Əhədov gəldi. Kamil İsməliyə dedi ki, bu adamdan pul almayın.

Bələdiyyə seçkisi günü idi. İsməli isə ”Gör sənin başına nə oyun açacağıq",- deyə məni hədələdi. Dekabrın 24-də günorta pul yığan Vüqar və bazarın müdiri Ağamirzə Əhədov gəldi və soruşdu ki, pul verməyən budur? Sonra mənə dedilər ki, piştaxtada olan malları satıb bazardan çıxmalıyam, belə tələb qoydular.

Ancaq iki addım gedəndən sonra bazarın müdiri qayıdıb gəldi, qolumdan tutub məni təhqir etdi, söyüş söydü və yanındakılara dedi ki, məni bazardan qovsunlar. Məni bazardan çıxartdılar".

Bundan sonra satıcının “102" xidmətinə vurduğu zəng də problemi həll etməyib: ”Nəzarətçilər gəlib bizi Fərəməz adlı sahə müvəkkilinin yanına apardılar. Ancaq bazar rəhbərliyi onunla birləşib mənə tələ qurdular. Təhqir olunan da mənəm, günahlandırılan da. Bazarın müdiri məni hətta sahə müvəkkilinin yanında vurmaq istədi, oğlu qoymadı. Səhəri gün isə gedib gördüm ki, piştaxtadakı malları və lotereya pulu olan iki min manatı yığışdırıb aparıblar.

Getmədiyim yer yoxdur. Sənan adlı müstəntiq hadisə yerinə gəlsə də, müdirlə söhbətdən sonra məndən heç izahat da almadı. Müstəntiq daha işə baxmır, deyir ki, məhkəməyə müraciət edim. Rəisin yanına da buraxmırlar ki, dərdimi deyim".

Təranə Əzimovanın sözlərinə görə, məsələ ilə bağlı prokurorluğa, rayon icra hakimiyyətinə, həmçinin Prezident Adminstrasiyasına, Mehriban Əliyevaya və digər instansiyalara şikayət göndərib: “Hələ də gözləyirəm, heç birindən bir xəbər yoxdur. Ağamirzə isə deyir ki, mənim qabağıma çıxan kimin var, gəlsin. O deyir ki, heç kimdən, hətta prezidentdən də qorxmur”.

T.Əzimova qəzet vasitəsilə dövlət başçısı İlham Əliyevə müraciət edərək kömək və işinə ədalətli baxılmasına yardımçı olmasını istəyir.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
musavat.com