BolgeXeber.Com » Gündəm » Çörək zavodunun sahibi qanunları ayaq altına atmaqdan çəkinmir-Şikayət

Çörək zavodunun sahibi qanunları ayaq altına atmaqdan çəkinmir-Şikayət

22-01-2015, 17:45
Oxunub: 4 904 "Sərham" MMC-nin istehsal etdiyi çörəklər keyfiyyətli deyil

Müəssisədə antisanitariya, çörəyin çəkisində aldatma və əmək qanunvericiliyinin pozulması kimi özbaşınalıqlar hökm sürür.Çörək sexlərində mövcud standartların pozulması sanki ənənə halını alıb. Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları mütəmadi olaraq çörək sexlərində reydlər keçirib qanunvericiliyin tələblərini pozan müəssisələri cərimələsələr də, bu sahədə vəziyyət hələ ki, ürəkaçan deyil. Hazırda ölkə ərazisində, əsasən də paytaxtda yerləşən çörəkbişirmə sexlərinin bir çoxunun fəaliyyətində qanun pozuntuları mövcuddur.

Xatırladaq ki, bir neçə il əvvəl çörək satışı və çörəyin hazırlanması, saxlanma şəraiti ilə bağlı standartlar qəbul edilib. Təəssüf ki, bəzi çörək sexlərinin rəhbərləri bu standartlara əməl etmirlər. Nəticədə istehlakçılara keyfiyyətsiz çörək satılır. Fəaliyyətində müxtəlif nöqsanların olduğu çörək sexlərindən biri də Bakıxanov çörək zavodudur. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, Rasim Nəbiyevin rəhbərlik etdiyi zavodda qanunsuzluq baş alıb gedir: "Zavodda istehsal edilən çörək və un məmulatlarının keyfiyyəti istənilən səviyyədə deyil. Çörək zavodunda antisanitariya, çörəyin çəkisində aldatma, məlum əmək qanunvericiliyinin pozulması və s. kimi özbaşınalıqlar hökm sürməkdədir. Paytaxtda yerləşən əksər dükan və böyük marketləri çörəklə təmin edən zavod təhlükə saçır. Burda çalışan işçilərin bir çoxunun nə əmək müqaviləsi var, nə də onlar iş zamanı təmizliyə riayət edir. Xəmirin hazırlandığı qazanlar natəmiz vəziyyətdədir. Həmin qazanlar günlərlə təmizlənmir. Bundan başqa çörəklər standartlara uyğun şəkildə qablaşdırılmır və daşınmır. Çörəyi sobadan götürən işçilər əllərinə əlcək taxmırlar. Bütün bunlar xoşagəlməz mənzərələrin meydana çıxmasına səbəb olur. Daşıma ilə məşğul olan sürücülərin bir neçəsinin sürücülük vəsiqəsi yoxdur. Buna rəğmən, zavod rəhbərliyi onları işə qəbul edib. Zavodda yaşanan ən böyük qanunsuzluq sözsüz ki, işçilərin bir hissəsinin qanunsuz şəkildə işlədilməsi ilə bağlıdır. Ölkəmizin müvafiq əmək qanunlarına əsasən, özəl və dövlət müəssisələrində çalışan şəxslərlə işəgötürənlər arasında mütləq əmək müqaviləsi bağlanmalıdır. Həmçinin həmin işçilərə görə dövlətə sosial sığorta haqqı ödənməlidir. Zavodun sahibi Rasim Nəbiyev isə bilərəkdən qanunun tələblərini pozur. İşçilərin müəyyən qismi ilə əmək müqaviləsi bağlamayan iş adamı bu yolla külli miqdarda vəsaiti büdcədən yayındırır. Müəssisənin aylıq istehsal gücü normadan artıqdır, satış yüksək səviyyədədir. Buna baxmayaraq, dövlətə normal şəkildə vergi keçirilmir. Rasim Nəbiyev əldə olunan gəlirin yetərli hissəsini vergidən yayındırır. Vergilər Nazirliyinin əməkdaşları sadə araşdırma tədbirləri ilə bu fakta aydınlıq gətirə bilərlər". Apardığımız qısa araşdırma nəticəsində öyrəndik ki, çörək zavodu "Sərham" MMC-yə məxsusdur. MMC 27 fevral 2001- ci il tarixdə fəaliyyətə başlayıb.

Müəssisə ilk vaxtlarında bir çörəkbişirmə sobası, iki çörəkdaşıma maşını və 25 işçi ilə faliyyətə başlayıb. Hazırda isə müəssisədə 7 çörəkbişirmə sobası, 50 çörəkdaşıma maşınından istifadə olunur və 500-dək işçi çalışır. Qeyd edək ki, bir neçə ay əvvəl "Səhram" MMC-nin rəhbəri Rasim Nəbiyevdən yuxarılara şikayət olunmuşdu. Buna səbəb iş adamının oğluna etdiyi toy idi. Bakıxanov qəsəbəsinin sakinləri Rasim Nəbiyevə belə etiraz etmişdi: "Oğluna toy edir, özü də gülməli formada. Ay bala, minlərlə insanın yaşadığı ərazidə belə şey etmək olar? Şadlıq sarayının da həyətində palatka qurarlar? Səhərə kimi bizi yatmağa qoymayıb. Belə biabırçılıq olmaz. Rasim Nəbiyev oğlu üçün toy edib. Palatkanı düz işlədiyi zavodun qarşısında, şadlıq sarayının həyətində qurub. Yüksək musiqi səsi, qonaqların səs-küyü bizi yatmağa qoymayıb. Dövlətin qanunlarını pozmaq səlahiyyətini satdığı çörəyin pulları ilə alıb bəlkə?" Sakinlərin şikayətindən sonra Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin rəisi İltimas Yusifli toy sahibinə protokol tərtib olunması üçün göstəriş verib. Həyata keçirilən müxtəlif tədbirlərə rəğmən, iş adamı qanunları pozmaqda davam edir. Təbii ki, puluna və tez-tez adını hallandırdığı yüksək vəzifəli şəxsə arxayın olaraq. Yaxın günlərdə Sabunçu rayonunda şəbəkəli şəkildə fəaliyyət göstərən "Sərham Market"lərdə üzə çıxan neqativ hallar və iş adamının müxalifət nümayəndələri ilə işbirliyindən söhbət açacağıq. Ümid edirik ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Vergilər Nazirliyinin nümayəndələri MMC-nin fəaliyyətini yoxlayıb müvafiq tədbirlər görəcəklər.

Yazı ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var.
gundelik-baku