BolgeXeber.Com » Gündəm » Əkbər Hacıyevin işçisi məhkəmənin qərarını saymır

Əkbər Hacıyevin işçisi məhkəmənin qərarını saymır

23-01-2015, 15:30
Oxunub: 3 712 Suraxanı QİS-in rəisi Hacı Şahbazov məhkəmə orqanlarının nüfuzuna xələl gətirən sözlərdən istifadə edir

"O deyir ki, texnik peşəsində çalışmaq üçün yalnız ali təhsil lazımdır"

Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi Axundov küçəsi 4 saylı evin sakini Nağı Allahverdi Əli oğlu tərəfindən elektron poçtumuza şikayət məktubu daxil olub. Vətəndaş yazır ki, "Azəriqaz" İstehsalat Birliyinin (İB) Suraxanı Qaz İstismar Sahəsinin rəisi Şahbazov Hacı Nəsrullah oğlu 30.05.2014-cü ildə 74/k nömrəli əmri ilə Suraxanı Qaz İstismarı Sahəsinin Qaz Kəmərləri və avadanlıqları istismarı, Qəza Dispedcer xidmətinin 4-cü dərəcə ilə xətti baxıcı peşəsində çalışan qızı Nərgiz Nağıyeva ilə 17.05.2010-cu il tarixdə bağlanmış 283 saylı müqaviləni ləğv edib:

"Müqavilənin ləğv edilməsinin əsası Əmək Məcəlləsinin 70b maddəsilə ştatların ixtisar edilməsi olmuşdur. Mən bununla barışmayaraq Suraxanı rayon Məhkəməsinə müraciət etdim. Prosesə sədrlik edən hakim Elçin Ağayev iddiamızı təmin etmədi. O, Suraxanı QİS-in xeyrinə qərar çıxardı. Mən qərardan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına müraciət etdim. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasina sədrlik edən hakim Məmmədov Məmməd, Bağırova Mədinə Ağacavad qızı və Məmmədov Saqi Əhməd oğlundan ibarət tərkibdə məhkəmə iclasında 28 noyabr 2014-cü il tarixdə bizim iddiamız təmin edildi. Belə ki, 23 iyul 2014-cü il tarixdə Suraxanı Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Qərar çıxarıldı ki, iddiaçı Nağıyeva Nərgiz Allahverdi qızının cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin Suraxanı QİS-nə qarşı işə bərpa və s. tələbləri barədə iddiası təmin edilsin. Cavabdeh Suraxanı QİS-in rəisinin 74/k nömrəli 30.05.2014-cü il tarixli əmri ləğv edilsin. İddiaçı Nağıyeva Nərgiz Allahverdi qızı əvvəlki vəzifəsinə, yəni Suraxanı QİS-in Qaz kəmərlərinin və avadanlıqlarının istismarı xidmətinə 4-cü dərəcəli xətti baxıcısı vəzifəsinə bərpa edilsin və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilsin. Həmin qətnamənin icrası haqqında məktub "Azəriqaz" İB-in baş direktoru Əkbər Hacıyev Suraxanı Qaz İstismar Sahəsinin rəisi Hacı Şahbazova göndərilib. Məktubda yazılır ki, Suraxanı rayon Məhkəməsinin qətnaməsində N.Nağıyeva tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 28.11.2014-cü il tarixli, 2(103)-5927/2014 saylı qətnaməsi ilə təmin edilərək onun tutduğu peşəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilib. Yuxarıda göstərilən məhkəmə qətnaməsinin icrası olaraq N.Nağıyevanın əvvəlki peşəsinə bərpa olunması, həmin peşənin mövcud olmadığı təqdirdə isə tutduğu peşəyə uyğun işə bərpa olunması və məktubun icrası barədə "Azəriqaz"a məlumat verilməsi sizə tapşırılır". Şikayətçi həmçinin qeyd edir ki, bununla bağlı idarə rəisi Hacı Şahbazov onu yanına çağırıb, həmin ştatın ləğv olunduğunu və əvəzində qızına başqa iş veriləcəyini bildirib: "Buna etiraz etmədik. Ondan xahiş etdik ki, boş qalan yerləri bizə bildirsin və biz də uyğun bildiyimiz işə qəbul edək. Həmin boş yerlərdən biri Qəza Dispedcer xidmətində telefonçu operator, digəri isə qazın qəbulu və satışı şöbəsində texnik peşəsi idi. Biz texnik peşəsini məqbul saysaq da, idarə rəisi Hacı Şahbazov həmin yeri bizə verməkdən imtina etdi. Və bildirdi ki, siz ancaq qəza xidmətində işləyə bilərsiniz. Baxmayaraq ki, qızımın əlində A nömrə 024104 saylı diplomu var və həmin diplomda ixtisası mühasib, fərdi kompyuter operatorudur. Hacı müəllim diplomu qəbul etmək istəmir. O deyir ki, texnik peşəsində çalışmaq üçün yalnız ali təhsil lazımdır. Əgər bu diplom yararsızdırsa, Təhsil Nazirliyi niyə həmin liseyləri açıb tələbə qəbul edir və onlara bu diplomları verir? Niyə öz yaxın ətrafında olan adamlar savadı və təcrübəsi olmadan elə yerlərdə işləyə bilər, ancaq bizə çatanda yolumuzda maneələr yaradılmalıdır? Dəfələrlə yuxarılara, Neft Şirkətinə və digər yerlərə müraciət etməyimə baxmayaraq, məsələ həllini tapmır. Əlaqədar qurumlardan xahiş edirəm ki, bütün qaz idarələrində çalışan və "Azəriqaz" tərəfindən göndərilmiş özlərinin yaxın adamlarının savadı və təcrübəsi yoxlanılsın. Araşdırılsa məlum olar ki, ya savadları, ya da təcrübələri yoxdur. Ya da ki, aldıqları diplomlar saxtadır. Necə ola bilər, baytar, müəllimə və qeyri peşələrin diplomu əlində olanlar elə işlərdə işləyə bilər, ancaq biz həmin diplomla və 8 illik təcrübə ilə işləyə bilmərik. Danışanda da deyirlər ki, sənə hörmətlə yanaşıb Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə bu işi sənə veririk. Unutma ki, Bakı Apellyasiya Məhkəməsinin qərarını Ali Məhkəmədə ləğv etdirmək bizim üçün iki vur ikidir. Bu söz məhkəmə orqanlarının nüfuzuna xələl gətirən sözdür. Mən inanmıram ki, Ali məhkəmə Apellyasiya Məhkəməsinin haqlı qərarını ləğv edər. Bildiyim bir şey var ki, haqq nazilsə də, üzülməz. Ümid edirəm ki, haqq zəfər çalacaq, qeyd etdiklərim araşdırılacaq. Qabaqcadan sizə təşəkkür edirəm". Şikayəti araşdırmaq üçün Suraxanı Qaz İstismar Sahəsinin 458-35-98 nömrəli əlaqə telefonuna zəng vursaq da, dəstəyi qaldıran olmadı. Yəqin ki, "Azəriqaz" rəhbərliyi və digər dövlət qurumlarının rəsmiləri məsələni araşdırıb vətəndaşa yardım göstərəcəklər.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.gundelik-baku