Bakı Dövlət Sosial-İqtisad Kollecində dəhşətli qanunsuzluqlar yaşanır
26-01-2015, 07:55
Oxunub: 4 539
Direktor İlham Vəliyev təhsil ocağında heç bir islahat aparmayıb
Təhsil Nazirliyinin 68 yaşlı baş mütəxəssisi Zinyət Abdullayevanın kollecdəki yoxlaması nəyə hesablanıb?Etiraf etmək lazımdır ki, bu gün ölkənin orta ixtisas təhsil sistemi ürəkaçan səviyyədə deyil. Belə ki, kolleclərin yetərli hissəsində müxtəlif xoşagəlməz hallar, tələbələrin heç bir tutarlı səbəb olmadan incidilməsi, təhsilin keyfiyyətinin aşağı səviyyədə olması və sair hallar yaşanmaqdadır. Bu haqda dəfələrlə məlumat versək də, Təhsil Nazirliyinin və digər aidiyyəti orqanların rəsmiləri müvafiq tədbirlər görmürlər.Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Bakı Dövlət Sosial-İqtisad Kollecində də təhsilin keyfiyyəti aşağıdır. Mətləbə keçməmişdən öncə xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları 2013-cü ildə kollecdə əməliyyat keçirmiş və bunun nəticəsində kollecin sabiq direktoru Mübariz Mahmudov, qiyabi şöbənin müdiri İlqar Əzizov, həmin şöbənin sabiq müdiri Əlixan Ağamirzəyev, şöbənin metodisti Şahin Mirzəmətov və sürücüsü Rafiq Yunusov ilə qabaqcadan əlbir olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar kollecin tələbələrindən onlara xidmət üzrə külli miqdarda pul aldıqları məlum olmuşdu. Antikorrupsiya əməliyyatı kollecdə təhsil alan tələbələri, onların valideynlərini, eləcə də müəllimləri razı salmışdı. Çünki Mübariz Mahmudov və adları çəkilən digər şəxslər təhsil müəssisəsində acınacaqlı durum yaratmışdılar. Mübariz Mahmudov vəzifədən çıxarılandan sonra isə yerinə İlham Vəliyev direktor təyin edildi. Qeyd edək ki, tələbələrin və müəllimlərin yeni direktora ümidi böyük idi. Amma qısa zaman kəsiyində İlham Vəliyevin törətdiyi qanunsuz əməllər onun sabiq direktordan heç də geri qalmadığını göstərdi. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, təhsil sahəsində yetəri qədər savada malik olmayan, əvvəllər “maklerlik”lə məşğul olmuş İlham Vəliyev Bakı Dövlət Sosial-İqtisad Kollecini bərbad vəziyyətə salıb: “İlham Vəliyev keçmiş nazir Misir Mərdanovun sevimli kadrlarından olub. Daha sonra Misir Mərdanovun vasitəsilə kollecə direktor təyin olunub. Bakı Dövlət Sosial-İqtisad Kollecində 128 nəfər müəllim çalışır və təxminən 1500-ə yaxın tələbə təhsil alır. Kollecdə tələbələrə verilən təhsilin səviyyəsi və ümumi ab-hava qənaətbəxş deyil. İlham Vəliyevin gəlişindən sonra təhsil ocağında heç bir islahat aparılmayıb. Əksinə köhnə direktorun vaxtından qalan neqativ halların sayı gündən-günə artmaqdadır. İlham Vəliyev iki ilə yaxındır ki, kollecə rəhbərlik edir. Amma imtahanlar hələ də köhnə “qayda” ilə aparılır. Qış imtahan sessiyası artıq başa çatmaq üzrədir. İmtahanlar tələbələrə çox böyük çətinliklər hesabına başa gəlir. Tələbələrin demək olar ki, tamamının qış imtahanlarından şikayətləri var. İmtahanlar hələ başlamamışdan müəllimlər onlardan bəzi məsələlərə dair “razılığa” gəlməyi tələb ediblər. Sessiya zamanı hər müəllimlə anlaşmaq lazımdır. Müəllimlər tələbələrə açıq şəkildə deyir ki, əgər deyilənlərə əməl etməsələr, o zaman kursda qala bilərlər. Yəni nə olur-olsun nəysə verməlisən. İmtahan biletlərini heç bir tələbəyə vermirlər. Ki, birdən hansısa tələbə imtahana hazırlaşıb öz savadı hesabına qiymət almaq istəyər. Beləcə, kollec rəhbərliyi hər bir tələbəni müəllimləri “görməyə” məcbur edir. Nəticədə dəhşətli mənzərə ortaya çıxır. Tələbələr oxumağın mənasız olduğunu görüb imtahanlardan pulları hesabına keçirlər”. Məlumatda o da bildirilir ki, İlham Vəliyevin təyinatından sonra kollecdə semestr imtahanları dövründə yığımların intensivliyi xüsusilə artıb: “Mübariz Mahmudovun dövründə qüvvədə olan qiymətlər hazırda qüvvədən düşüb. Kollecin rəhbəri imtahan sessiyasını yeni qiymətlərlə götürür. Məhz buna görə təhsil ocağının fəaliyyəti hələ də ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üzrə mövcud meyarlara cavab vermir”. Direktorun təhsil müəssisəsində bir sıra qaydalar tətbiq etdiyini və hamını həmin qaydalara tabe olmağa vadar etdiyini bildirən məlumatlı şəxsin sözlərinə görə, Bakı Dövlət Sosial-İqtisad Kollecinin direktoru illik tədris dövrünün hər növbəti mərhələsini ilk növbədə məhz özünün maraqlarının təminatı baxımından dəyərləndirir: “Bütün bunlar ümumilikdə ölkənin təhsil sisteminə, gənc nəslin təlim-tərbiyyəsinə çox böyük ziyan vurur. Direktor dəyişəndən sonra dövlət büdcəsindən kollecin təmiri və digər məqsədlər üçün müəyyən miqdarda vəsait ayrılıb. Amma heç bir iş görülməyib”. Bakı Dövlət Sosial-İqtisad Kollecində mövcud olan qanun pozuntuları haqda hazırladığımız son yazıda Təhsil Nazirliyinin İlk Peşə və orta İxtisas Təhsili İdarəsinin baş mütəxəssisi 68 yaşlı Zinyət Abdullayevanın kollecdə yoxlama aparmasına toxunmuşduq. Nazirliyin əməkdaşları təhsil müəssilərinin fəaliyyətini adətən tədris dövründə, yəni tətil olmayan vaxtlarda yoxlayırlar. Bildiyiniz kimi, hazırda qış imtahan sessiyası dövrüdür. Belə bir ərəfədə Zinyət xanımın kollecdə yoxlama aparması bir qədər təəccüb yaradır. Görünür, Təhsil Nazirliyinin rəsmisi yoxlama yox, başqa məqsədlə kollecə təşrif buyurub. İlham Vəliyev özü də bunu dolayısı ilə təsdiq edib. İddialara görə, direktor yaxın çevrəsindəki bəzi insanlara bildirib ki, imtahan sessiyalarında əldə etdiyi qazancı tək yemir, bundan kimlərəsə də çatdırır. Həmin şəxslərin arasında isə Təhsil Nazirliyinin rəhbər işçilərinin olması istisna deyil. Uzun sözün qısası, Bakı Dövlət Sosial-İqtisad Kollecinin fəaliyyətində çox ciddi nöqsanlar mövcuddur. Buna baxmayaraq, nə Təhsil Nazirliyinin, nə də digər orqanların nümayəndələri kollecdə yaşanan qanun pozuntularına qarşı mübarizə aparırlar. Biz isə inanırıq ki, nazir Mikayıl Cabbarov qabartdığımız məsələni araşdırıb İlham Vəliyevin barəsində lazımi ölçü götürəcək. İrəli sürülən ittihamlara aydınlıq gətirmək üçün Bakı Dövlət Sosial-İqtisad Kollecinin 428-62-46 nömrəli əlaqə telefonuna zəng vurduq. Dəstəyi qaldıran xanım İlham Vəliyevin yerində olmadığını bildirdi. Buna rəğmən, qarşı tərəfin də mövqeyini dərc edə bilərik. gundelik-baku.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər