BolgeXeber.Com » Gündəm » 9 saylı qocalar evində dəhşətli durum... - Bunu Allah götürməz...

9 saylı qocalar evində dəhşətli durum... - Bunu Allah götürməz...

27-01-2015, 12:25
Oxunub: 4 263 Rəhbərlik qocaların haqqını necə yeyir...

Atılmış qocalara dünyanın hər yerində rast gəlmək mümkündür. Təsadüfi deyil ki, BMT Baş Məclisi 1992-ci ildə qocaların (ahılların) müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilir. Bundan əlavə, 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunub. 2002-ci ilin aprelində isə İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar üzrə II Ümumdünya Məclisi keçirilib.

Bu məsələyə ölkəmizdə də ciddi diqqət yetirilir. Belə ki, 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Statistik məlumatlara görə, hazırda ölkəmizdə fəaliyyət göstərən qocalar evi və əlillər evlərində minlərlə qoca və əlil yaşayır. Qeyd edək ki, dövlət tərəfindən atılmış şəxslərin sosial müdafiəsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir, qocalar evlərinə daim ərzaq və digər yardımlar göndərilir. Buna baxmayaraq, bəzi vəzifəli şəxslər səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif problemlərin meydana çıxmasına səbəb olurlar. Paytaxtın Buzovna qəsəbəsində yerləşən 9 saylı ruhi-əsəb, əlil və qocalar evində də neqativ hallar yaşanmaqdadır. Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, qocalar evinin direktoru Ədilə Əliyeva buranı ürəyi istədiyi kimi, yəni sırf öz qanunları ilə idarə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən bu qocalar evinin xeyriyyəçi insanların diqqət mərkəzində olduğunu deyən mənbə bildirdi ki, müxtəlif bayramlarda, əlamətdar günlərdə bura imkanlı adamlar maddi yardımlar göstərirlər. Lakin bu yardımlardan kimsəsiz qocalara demək olar ki, heç nə çatmır: "Ona görə ki, Ədilə xanım bütün yardımları özü mənimsəyir, qocaların haqqını yeyir. Bura gələn ərzaq məhsulları müxtəlif dükanlarda satışa çıxarılır. Əlil və qocalar isə günlərlə, bəzən həftələrlə ac qalırlar. Deyirlər ki, qocalar evində qalan şəxslərin bir çoxunun pensiya kartı Ədilə Əliyevadadır. Əlillər və qocalar qorxularından direktorun qanundan kənar əməllərinə etiraz edə bilmirlər. Burda övlad qayğısından bu və ya digər səbəblər üzündən məhrum olmuş ahıl insanlar, müharibə və əmək veteranları, əlillər, eyni zamanda ruhi-əsəbi olan şəxslər məskunlaşıblar. Qocaların, əlillərin və ruhi-əsəbi xəstələrin yeməyi, yatacağı, eyni zamanda yuyunması istənilən səviyyədə deyil. Burda məskunlaşan insanların qidalanması çox zəifdir. Keyfiyyətsiz yeməklər və qida məhsulları qocaları, əlilləri taqətdən salıb. Deyilənə görə direktor həmçinin daşınmaz əmlaka sahib olan qocaların əmlakına da göz dikir. Qocaların hansının ki, evi var direktor həmin evləri öz adına keçirib. Beləcə, Ədilə Əliyeva atılmış insanların əmlakına yiyələnir. Tənha, yaşlı və kimsəsiz qocalar isə onun bu cür əməllərinə etiraz edə bilmirlər. Çünki onlar direktordan çəkinir və ehtiyat edirlər. Burda qocalara, əlil şəxslərə qarşı böyük haqsızlıq var. Xəstələrlə, qocalarla yaxşı rəftar olunmur". Bizə çatan məlumatlara görə, Ədilə Əliyeva qocaları və əlilləri pansionata qəbul etmək üçün onlardan nəysə umur: "Müəssisəyə qəbul olunmaq istəyən şəxslər mütləq direktoru "görməlidir". Əks təqdirdə Ədilə xanım onların müraciətinə əhəmiyyət vermir. O həyata keçirdiyi bir sıra qanunsuz işlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adından istifadə edir. Deyir ki, əldə etdiyindən nazirlik rəsmilərinə də nəysə çatdırır. Amma bu, inandırıcı deyil. Çünki Səlim Müslümov nazir təyin olunandan sonra bu sahədəki problemlərin bir hissəsini yoluna qoyub. Yəni mən inanmıram ki, nazirliyin hansısa vəzifəli şəxsi nazirin göstərişlərinin ziddinə gedib özbaşına iş tutsun. Ədilə Əliyeva sadəcə olaraq, nazirliyin adından istifadə edir və törətdiyi özbaşınalıqları ört-basdır etməyə çalışır". Məlumatda qeyd olunan ilginc məqamlardan biri də Ədilə Əliyevanın oğlu ilə bağlıdır. Qaynağımız deyir ki, direktorun oğlu bələdiyyə sədridir: "O vəzifəsinin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Sədri olduğu bələdiyyənin balansındakı torpaq sahələrinin demək olar ki, tamamını qeyri-qanuni şəkildə satıb. Buna baxmayaraq, onun barəsində heç bir tədbir görülmür". Söz yox ki, ölkə rəhbərliyi kimsəsiz qocaları daim diqqətdə saxlayır, onların problemlərilə maraqlanır və elə buna görə də onların zəruri tələbatları büdcə vəsaitləri hesabına ödənilir. Ədilə Əliyevanın imza atdığı qanunsuzluqlar isə 9 saylı ruhi-əsəb, əlil və qocalar evində məskunlaşmış şəxslərin dövlətin qayğısını hiss etməsinə mane olur. Biz çox istərdik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri, konkret olaraq hörmətli nazir Səlim Müslümov qocalar evində mövcud olan problemləri araşdırıb işinə məsuliyyət göstərməyən direktorun barəsində bir ölçü götürsün. GünBakı