BolgeXeber.Com » Gündəm » Beloçka, Tək-Tək tumları və Qızıl Quyu limonadlarının keyfiyyəti sual doğurur

Beloçka, Tək-Tək tumları və Qızıl Quyu limonadlarının keyfiyyəti sual doğurur

27-01-2015, 15:40
Oxunub: 4 388 “Ayan” MMC-nin məhsulları niyə yoxlanmır?

Son dövrlər istehlakçıların hüquqlarının pozulması adi hal alıb. Alıcılara keyfiyyətsiz və vaxtı keçmiş məhsulların verilməsi bəzən ciddi fəsadlara yol açır. Qanun pozuntuları daha çox ərzaq məhsulları ilə bağlı olur. Yəni bu sahədə fəaliyyət göstərən istehsalçılar istehlakçılara istifadə müddəti başa çatmış məhsulları yeni adı altında təqdim edərək onların hüquqlarını tapdalayırlar.
«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunda isə yazılır ki, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında satıcının təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.
Baş ofisi Bakı şəhəri M.Qaşqay küçəsi 7, istehsalat ünvanı isə Bakı-Sumqayıt şossesinin 20-ci kilometrində yerləşən “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) baş verən xoşagəlməz işlərlə bağlı Sərhəd.info-ya maraqlı məlumatlar daxil olub.
Mətləbə keçməmişdən öncə qeyd edək ki, sözügedən şirkət 2005-ci ildə təsis edilib. “Ayan” MMC Azərbaycanda qida məhsullarının istehsalı, emalı və ixracı ilə məşğuldur.
Şirkət “Beloçka”, “Tək-Tək” ağ-qara günəbaxan tumlarının, “Beloçka” şirin-pendirli qarğıdalı çubuqlarının emalı, qablaşdırılması, satışı, həmçinin “Qızıl Quyu” limonadlarının istehsalı ilə məşğuldur. Redaksiyamıza daxil olan məlumatlara görə, “Beloçka” tumlarının standartlara cavab verən texnologiya ilə tam gigiyenik şəraitdə istehsal olunduğu bildirilsə də, əslində, belə deyil: “Tumların qurudulması işi düzgün qaydada həyata keçirilmir. Daha doğrusu, tumlar nəm olaraq qablaşdırılır. Lazım olan temperaturda qurudulmur və ya daha yüksək temperaturda qurudularaq keyfiyyətsiz hala salınır. Buna görə də hava keçirməz qablara yığıldıqdan sonra kiflənir. Bu isə insanların zəhərlənməsinə yol açır. Qurudulmayan tumların istifadəsi isə daha ciddi təhlükəyə, yəni uşaqlarda və böyüklərdə bağırsaq çöplərinin yaranmasına səbəb olur ki, məhz bu virus digər xəstəliklərə yol açır. Bir neçə dəfə “Beloçka” tumlarından zəhərlənmə halları qeydə alınıb. Amma şirkət rəhbərliyi hər dəfə məsuliyyəti üzərindən atmağa müvəffəq olub. Müəssisədə istehsal olunan məhsulun keyfiyyətinə ciddi nəzarət olunmur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi MMC-də yoxlama aparsa da, şirkətin rəhbər şəxsləri müəyyən yollara baş vuraraq problemi yoluna qoyublar”.
Məlumatda o da deyilir ki, “Ayan” MMC istehsal etdiyi “Beloçka” tumları vasitəsilə qanunsuz uduş kampaniyaları həyata keçirir: “Kampaniyanın bitmə tarixi konkret vaxt göstərilir. Kampaniyanın şərtlərinə görə, vətəndaşlar “Beloçka” tumları alarkən bal toplamalı və bu ballara müvafiq olaraq onlara hədiyyələr təqdim olunmalıdır. Məsələn, 4 bal toplayana qələm, 6 bal toplayana 1 manatlaq “Nar” danışıq kartı, 30 bal toplayana fen, 40 bal toplayana ütü, 50 bal toplayana mikser, 100 bal toplayana çaynik, 120 bal toplayana DVD, 200 bal toplayana sirəçəkən, 350 bal toplayana tozsoran, 400 bal toplayana telefon verilməlidir. Daha çox bal toplayan şəxslərə daha bahalı hədiyyələrin verilməsi nəzərdə tutulub. Buna baxmayaraq, “Ayan” MMC-nin rəhbərliyi kampaniya adı altında istehlakçıları aldadır. Belə ki, alıcılar müvafiq balları toplayıb “Beloçka” tumlarını aldıqları dükanlara təqdim edirlər.
MMC-nin satış şöbəsinin əməkdaşları isə yığılan balların qarşılığında dükan sahiblərinə hədiyyələri vermirlər. Onlar günü günə sataraq istehlakçıların hüquqlarını pozurlar. Alıcılar isə hədiyyələri dükan sahiblərindən tələb edirlər». Beləcə istehsalçı hüquqları kobud şəkildə.

«Al qazan – ani uduşlu dəqiqələr»
Bundan başqa MMC aylardır ki, stimullaşdırıcı lotereyalar üzrə satdığı məhsulun qabının içində “Al qazan – ani uduşlu dəqiqələr “Beloçka”dan “Bakcell” abonentləri üçün” kampaniyası keçirir. Satışda olan bütün “Beloçka” tumlarının qabından istisnasız halda 10 rəqəmli şifrə çıxır. Kampaniyanın şərtlərinə əsasən 10 rəqəmli şifrəni yazıb “Bakcell” abunəçiləri 6070-ə qısa sms-lə göndərməlidirlər. Lotereyanın şərtlərinə əsasən 6070-ə göndərilən sms-lər pulsuzdur. Şərtlərə əsasən hədiyyə dəqiqələrindən bütün “Bakcell” abunəçiləri şəbəkədaxili 3 gün ərzində yararlana bilərlər. Lakin bu bir blefdir. Çünki “Beloçka” tumlarından çıxan həmin 10 rəqəmli şifrəni 6070-ə göndərən istehlakçı balansında heç bir dəyişiklik baş vermədiyini müşahidə edir. İstehlakçılar bildirirlər ki, “Ayan” MMC-nin apardığı ani lotereya reklamı yarımçıqdır. Çünki ani lotereya və stimullaşdırıcı reklam haqqında müvafiq qanunvericiliyə əsasən şərtlər aydın yazılmalıdır.
“Ayan” MMC isə “Beloçka” tumları üzərindəki reklam kampaniyası ilə bağlı məlumatları yarımçıq yerləşdirir. Uduşlar üzrə 10 rəqəmli şifrəni 6070-ə göndərən istehlakçıya nə qədər pulsuz dəqiqələr veriləcəyi barədə heç bir məlumat yoxdur. Bu isə qanunvericiliyin tələblərinin pozulmasıdır. Bundan başqa 3 gün müddətində “Bakcell” abunəçilərinin şəbəkədaxili istifadə etməli olduqları naməlum həcmdə danışıq imkanları da adətən təqdim edilmir.
“Bakcell” istifadəçiləri bildirirlər ki, “Beloçka”nın içindən çıxan şifrəni yüklədikdən sonra balansı öyrənmək üçün əməliyyatı həyata keçirərək balansı öyrənərkən artma əvəzinə bu əməliyyata görə daha 2 qəpik itirərək azalma müşahidə edirlər. Qeyd edək ki, Azərbaycanda ani stimullaşdırıcı lotereyalarla bağlı nəzarət mexanizmini həyata keçirən qurum Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq strukturlarıdır. Əfsus ki, adıçəkilən qurumlar tərəfindən məsələ ilə bağlı heç bir konkret tədbir görülmür. MMC-dən isə bildirilib ki, qeyd olunan məsələdən xəbərdardılar və bununla bağlı onlara bir neçə şikayət daxil olub: “Bu, bizimlə bağlı olan məsələ deyil. Problem mobil operatorların göstərdiyi xidmətdədir. Biz həmin kampaniyaya xeyli miqdarda vəsait ayırmışıq. Bu, bizim firmanın reklamına xidmət etməklə yanaşı, həm də istehlakçıların “Beloçka”nı seçməklə az da olsa, qazanc əldə etməsinə xidmət edir».
“Ayan” MMC-nin məsələyə münasibətini də diqqətinizə çatdıraq. Qeyd edək ki, şirkətin mühasibi Ruhəngiz Məmmədova bildirib ki, rəhbərlik yalnız elektron poçtla daxil olan suallara cavab verir.
Ardınca özünün də bu səlahiyyətə sahib olduğunu deyən mühasib bildirib ki, “Beloçka” heç bir əl dəyilmədən, tam sanitar-gigiyenik qaydalara uyğun hazırlanır.

Problemlərin kökünü birdəfəlik kəsmək hələlik mümkün deyil
Şirkətin sözçüləri bu cür açıqlama verməklə məsuliyyəti üzərlərindən atmağa çalışırlar. Fakt isə göz qabağındadır. Əgər bu, “Ayan” MMC ilə bağlı birinci narazılıq halı olsaydı, o zaman şirkətin səlahiyyətli şəxslərini başa düşmək olardı. İş orasındadır ki, MMC-nin istehsal etdiyi məhsulların keyfiyyətsiz olması, “Beloçka” tumlarının bağırsaq çöpü xəstəliyinə yol açması, o cümlədən “Qızıl Quyu” limonadlarının tərkibinə insan orqanizmi üçün zərərli olan kimyəvi qatışıqların əlavə edilməsi barədə mətbuatda dəfələrlə məlumat yayılıb.
İstehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala aid tələblər normativ sənədlərlə müəyyən edilir. İstehsalçı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal haqqında istehsalçının təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Qeyd edək ki, aidiyyəti dövlət strukturları, o cümlədən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi vətəndaşlara keyfiyyətsiz məhsul satan şirkət və mağazalar haqqında lazımi qaydada tədbirlər həyata keçirir. Amma buna baxmayaraq, problemlərin kökünü birdəfəlik kəsmək hələlik mümkün deyil.