BolgeXeber.Com » Gündəm » "Qaradağ-AND"ın rəhbərliyi nazirliyin iradlarına məhəl qoymur

"Qaradağ-AND"ın rəhbərliyi nazirliyin iradlarına məhəl qoymur

28-01-2015, 13:30
Oxunub: 5 036 "Qaradağ-AND"ın bazara çıxardığı sementlər isə tez daşlaşır və şişir"

Ölkədə sement satışı sahəsində mübarizə güclənməkdədir. Bazara yeni istehsalçıların daxil olması ilə pərakəndə sement satışında müştəri uğrunda rəqabət artıb. Təbii ki, bu cür müəssisələrin sayı artdıqca müəyyən problemlər də qaçılmaz olur. Bura müştərilərin aldadılması, məhsulun keyfiyyətsizliyi və sair məsələlər daxildir. Yadınızdadırsa, qəzetimizin əvvəlki saylarında "Qaradağ-AND" MMC-də mövcud olan qanun pozuntuları, hazırlanan məhsulların keyfiyyətsizliyi, işçilərin əmək hüquqlarının pozulması və vergi qanunvericiliyinə riayət edilməməsi haqda ilginc faktları açıqlamışdıq.

Lakin aidiyyəti dövlət qurumları şirkətdə cərəyan edən qanunsuzluqlarla bağlı heç bir araşdırma aparmadılar. Mətləbə keçməzdən öncə qeyd edək ki, "Qaradağ-AND" şirkəti 1996-ci ilin noyabr ayında fəaliyyətə başlayıb. Şirkət 2009-cu ilin dekabr ayından Qaradağ qəsəbəsində kafel-metlax yapışdırıcısı istehsalına, 2010-cu ilin avqust ayından isə Gəncə şəhərində türk və alman texnologiyası ilə yeni bir zavod quraşdırılaraq astar, üzlük və kafel-metlax yapışdırıcısı istehsalına start verib. Hazırda şirkətin nəzdində gücü saatda 10 ton olan 3, gücü saatda 30 ton olan 1 sperator təşkilatlı dəyirman fəaliyyət göstərir və zavod 45-90 mikron arasında sement istehsal edir. Əldə etdiyimiz məlumatlara görə, "Qaradağ-AND" şirkətinin istehsal etdiyi "M-300" və "M-400" markalı sementlərin keyfiyyət göstəriciləri istənilən səviyyədə deyil: "M-300" ümumi təyinatlı sement növüdür. Daxili suvaq, hörgü və bir sıra digər tətbiq sahələrində istifadə edilir. Qablaşdırmada sementin çəkisinin 40 və 50 kq olduğu göstərilir. Amma alıcılar sementin çəkisini yoxlayanda bunun qablaşdırma qutusunda yazıldığı kimi olmadığını görürlər. Hər qutuda təxminən 200-300 qram fərq edir. "Qaradağ-AND"ın rəsmiləri bu yolla istehlakçıların hüquqlarını tapdalayırlar. "M-400" isə xüsusi təyinatlı sement növüdür. Xarici suvaq, çoxmərtəbəli binaların dəmir-beton konstruksiyalarında, yığma dəmir-beton məmulatlarında dəyişkən hava şəraitində istifadə edilir. Bu sement də keyfiyyətsizdir. Belə ki, bağlı və quru yerdə saxlanılmasına baxmayaraq daşlaşır, kisəsi şişir. Sementin istehsal tarixindən sonra 2 ay müddətində satış məntəqəsində saxlanılması mümkündür. Bu müddətdən sonra sementdə daşlaşma baş verə bilər. "Qaradağ-AND"ın bazara çıxardığı sementlər isə tez daşlaşır və şişir". Məlum olduğu kimi, son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları özəl və dövlət müəssisələrində mütəmadi yoxlamalar həyata keçirərək işçilərin əmək hüquqları ilə bağlı bəzi məqamlara aydınlıq gətirirlər. Bizə verilən məlumata əsasən sözügedən şirkətdə işçilərin əmək hüquqları kobud şəkildə pozulur: "Şirkətin rəhbəri Əfqan Qasımovun işçilərə qarşı münasibəti yaxşı deyil. İşçilərin əmək şəraiti olduqca ağırdır. İş yükünün ağırlığına baxmayaraq, müəssisə rəhbərliyi işçilərə cüzi əməkhaqqı verir. Əksər hallarda isə maaşlar gecikdirilir". Xatırladaq ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bir müddət əvvəl "Qaradağ- AND" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı bir sıra qanunsuzluqlar aşkarlanıb. Belə ki, "Qaradağ- AND" əmtəə nişanlı "M-400" və "M-500" markalı sementlərin etiketində çəkidəki kənarlaşma həddinin normativ texniki sənədlərlə müəyyən edilmiş normadan artıq göstərildiyi, həmçinin bu sementlərin ümumi təyinatlı olduqları halda, onların etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi, habelə istehsal olunan sementlərin etiketində netto və brutto çəkilərinin qeyd olunmadığı müəyyənləşdirilib. Bundan başqa, "Qaradağ AND" əmtəə nişanlı "M-300", "M-400" və "M-500" markalı sementlərin etiketlərində məhsulların "Qaradağ AND" MMC-nin laboratoriyasında yoxlanıldığına dair məlumat verilsə də, laboratoriyanın müvafiq akkreditasiyadan keçirilmədiyi aşkar olunub. Çox maraqlıdır ki, dövlət xidmətinin aşkarladığı qanun pozuntuları bu günə qədər aradan qaldırılmayıb. Mənbənin dediyinə görə, şirkətin laboratoriyası hələ də akkreditasiyadan keçməyib. Apardığımız qısa araşdırma zamanı məlum oldu ki, sementin isrehsalı üçün nəzərdə tutulan xammal-qlinker qonşu İran dövlətindən gəmilər vasitəsilə Bakı limanına gətirilir. Buradan isə ağırtonnajlı nəqliyyat vasitələri ilə "Qaradağ-AND" sement zavoduna daşınır. Limandan qlinkeri zavoda daşıyan yük maşınlarına olan diqqət və onların axıradək müşayiət olunması çox incə məqamlardan xəbər verir. İddialara görə, zavodun vergi ilə bağlı da müxtəlif problemləri var. Mənbəmiz vurğulayır ki, il ərzində "Qaradağ-AND" MMC-nin satdığı məhsullardan külli miqdarda vəsait əldə olunur. Amma buna baxmayaraq, dövlətə az məbləğdə vergi keçirilir. Şirkətin vergidən yayınması ilə bağlı əlimizdə dəqiq faktlar olmadığı üçün konkret bir şey deyə bilmirik. Hər bir halda, Əfqan Qasımovun rəhbərliyi altında fəaliyyət göstərən MMC barədə bu cür iddialar ortaya atılıbsa, mütləq araşdırma aparmaq lazımdır. Ümid edirik ki, Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri yaxın günlərdə "Qaradağ-AND" MMC-də yoxlama aparıb qanun pozuntularının qarşısını alacaqlar. gundelik-bakı