BolgeXeber.Com » Gündəm » Gömrükdəki mobil telefon qadağası kimlərin biznesini vurdu? - Təşviş

Gömrükdəki mobil telefon qadağası kimlərin biznesini vurdu? - Təşviş

29-01-2015, 16:55
Oxunub: 3 324 Azərbaycanın telefon mağazalarında “iPhone”ların qiyməti kəskin enib

Bolgexeber.com bildirir ki,fins.az-ın telefon satışı şəbəkələrinə istinadən məlumatına görə, ucuzlaşma “iPhone”ların bütün modellərində, xüsusilə də şirkətin sonuncu “iPhone 6” və “iPhone 6 plus”da müşahidə olunub.
Belə ki, indiyədək 799 manata təklif edilən “iPhone 6” modelinin (16 GB) qiyməti birdən-birə 200 manat ucuzlaşaraq 599 AZN-ə enib. “iPhone 6 plus” modelinin qiyməti isə 899 AZN-dən 769 AZN-ə, yəni 130 manat endirilib. Başqa sözlə, ən böyük endirim “iPhone 6” modelində (200 manat), ən kiçik endirim isə “iPhone 4S”də baş verib. 8 GB-lıq bu modelin qiyməti 399 manatdan 359 manata endirilib.
Qiymət endirimləri eyni vaxtda bütün ticarət şəbəkələrində baş verib. Bu şəbəkələrdən biri olan “IntegralPlus”dan bildirilib ki, endirimin müəllifi mobil telefonların distribyutoru olan “Yunayted Telekom”dur. Şirkətdən onu da bildiriblər ki, digər mobil telefon modellərində də qiymətlər aşağı düşüb.
Qiymətlərin enməsi alıcılar üçün yaxşı xəbər olsa da, “iPhone” telefonlarının belə kəskin ucuzlaşması təəccüb doğurur. Məsələ bundadır ki, analoji modellərdən öz bahalığı ilə fərqlənən “iPhone” smartfonlarının qiyməti adətən belə kəskin ucuzlaşmır. Bir qayda olaraq “iPhone”ların qiyməti buraxıldıqdan uzun müddət sonra, özü də tədricən endirilirdi. Özü də bu proses adətən yeni modellərin buraxılması ərəfəsində baş verirdi. İndi isə hətta baha qiymətinə baxmayaraq ölkədə sürətlə populyarlaşan “iPhone 6”ların qiymətlərinin kəskin enməsi maraq doğurur.
Bu addımın son vaxtlar ölkənin mobil telefon bazarında baş verən proseslərlə əlaqəli olması da istisna deyil. Qeyd edək ki, rəsmi distribüterlərdə telefonların satış qiyməti yüksək olduğundan ölkə vətəndaşlarının bir qismi mobil telefonları elektron ticarət yolu il və ya xarici ölkələrdən alıb gətirməyə üstünlük verir. Bu isə telefon şirkətlərinin gəlirlərinə mənfi təsir edir.
Vəziyyəti dəyişmək üçün məsələyə dövlət qurumları müdaxilə edib və ötən həftədən etibarən mobil telefonların fərdi şəkildə ölkəyə gətirilməsində çətinliklər yaranıb. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dünən jurnalistlərə açıqlamasında bildirib ki: “Bəzi işbazlar elektron ticarətdən vergidən yayınmaq üçün istifadə edirlər. Azərbaycanda da mobil telefonlar idxal olunarkən müəyyən qeydiyyatdan keçməlidirlər. Buna görə də bu tip elektron ticarətdə qanun-qaydanın riayət olunmasında müəyyən problemlər yaradır. Bizim borcumuzdur ki, ölkədə qoyulan qanunun riayət olunmasını təmin edək”.
Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, istənilən halda ölkə qanunevriciliyi şəxsi məqsədlər üçün telefonların elektron ticarət vasitəsilə əldə edilməsini və ya xarici ölkələrdən alınıb gətirilməsini qadağan etmir. Bu mənada saxlanan telefonların sahibləri baş verənlərlə bağlı məhkəmədə uğurla iddia qaldıra bilərlər.
Görünür, bu perspektivi rəsmi distribütorlar da başa düşüblər. Bu mənada mağazalarda telefonların ucuzlaşması onların xaricdən alınmasına marağı azaltmaq məqsədi də daşıya bilər.
Ona görə də Azərbaycanın mobil telefon bazarında bəzi məmurların ciddi payı var. Bir çox məmurların biznes şəbəkələrinə bir çox məşhur mobil telefon brendlərinin ölkədəki rəsmi distribütorları da daxildir.
Hesab edilir ki, yuxarıda haqqında danışılan qəfil və kəskin ucuzlaşma faktı məhz bu səbəbdən bir çox məmurların ciddi məbləğdə qazancdan məhrum olması deməkdir.
Bolgexeber.com