BolgeXeber.Com » Gündəm » İsmət Abbasov yediyi subsidiyaları qaytaracaqmı?

İsmət Abbasov yediyi subsidiyaları qaytaracaqmı?

30-01-2015, 10:55
Oxunub: 2 371 Prezidentin müşavirədə dilə gətirdiyi dəhşətli faktla bağlı keçmiş kənd təsərrüfatı naziri yenidən hədəfə gəldi; keçmiş KTN şefinin qarşısında iki yol var...

Bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyev konfransda kənd təsərrüfatına ayrılan subsidiyalardan da narahatlıqla danışıb. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışında İ.Əliyev ondan əvvəl məruzə edən, 2013-cü ildə kənd təsərrüfatı naziri təyin edilən Heydər Əsədova xitabən kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin təkcə quraqlıqla bağlı olmadığını deyib: “İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır”.

Ekspertlər isə bildirirlər ki, subsidiyaların modelinin dəyişdirilməsinə ehtiyac var.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, model yanlışdır və problemin bir tərəfi də bununla bağlıdır: “Azərbaycanda fermer təsərrüfatlarının subsidiyalaşması haqqında model qəbul olunarkən o zaman da müxtəlif ekspertlər çıxış edərək bu subsidiyalaşma modelinin düzgün olmadığını irəli sürmüşdülər. Bizdəki model fermerlərə əkdikləri sahənin həcminə görə subsidiyaların verilməsidir. Dənli bitkilər, o cümlədən buğda əkənlərə, digərlərinə nisbətən bir az artıq subsidiyalar nəzərdə tutulub. Yəni digər kənd təsərrüfatı məhsulları əkənlərə bir hektara görə 40 manat nəzərdə tutulubsa, buğda və dənli bitkilərdə bu, 80 manat təşkil edirdi. Təbii ki, fermerlərlə bu cür stimullaşdırma effekt verə bilməzdi. Çünki əsasən ərazi, hektarın ölçüsü əsas götürüldüyündən, yerli icra hakimiyyəti nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin məmurları həmin sahənin hektarının həcmini artırmaqla subsidiyaların həcmini artırırdılar. Və yerdə qalan vəsaiti öz aralarında bölüşdürməklə məşğul idilər. Bununla bağlı onlarla fakt olub və mətbuat son illərdə bu barədə dəfələrlə mövzular işıqlandırıb. Əslində isə bu modelin özündə problem var, düzgün deyil. Normal ölkələrin subsidiyalaşma modelində son məhsulun həcminə və keyfiyyətinə görə subsidiyaların ödənilməsi üstünlük təşkil edirdi. Yəni fermerlərə bir stimullaşdırma proqramı gətirilirdi ki, onun marağı olsun, daha çox və daha keyfiyyətli məhsul istehsal etsin. Hansı sahədə, neçə hektar sahədə məhsul əkməsinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan təəssüf ki, bu yolu tutmadı. Və çox primitiv bir yolla, ancaq hektarın həcminə görə subsidiyalaşma yolunu tutdu. Bunun da effekt verməyəcəyi öncədən də bəlli idi”.

Xatırladaq ki, subsidiyalarla bağlı bu, prezidentin ilk çıxışı deyil. 2013-cü ilin fevralındakı konfransda da İ.liyev bu mövzunu gündəmə gətirmişdi. Dövlət başçısı həmin tədbirdə subsidiyaların məmurlar tərəfindən mənimsənilməsinə toxunmuşdu. O zaman kənd təsərrüfatı naziri İsmət Abbasov idi. Prezidentin bu çıxışından sonra qəzetlər İ.Abbasovun yaxın zamanlarda vəzifəsini itirəcəyini yazırdı. Doğrudan da İ.Abbasov bu müşavirədən 8 ay sonra nazir postundan uzaqlaşdırıldı. Onu simvolik olaraq baş nazirin müavini postuna təyin etdilər. Həmin vaxt bildirilirdi ki, hüquq-mühafizə orqanlarında İ.Abbasov haqda dosye hazırdı. Onun vəzifədən çıxmasını gözləyirlər. Lakin son anda İ.Abbasovun baş nazirin müavini postuna təyinatı onu həbsdən xilas etdi.

Prezidentin son müşavirədə yenə bu məsələnin üstünə qayıtması deməyə əsas verir ki, İsmət Abbasov mövzu tam qapanmayıb. Ölkə başçısı dolayısı ilə İ.Abbasova vaxtı ilə dövlət vəsaitini mənimsədiyini xatırlatdı. Belə çıxır ki, sabiq kənd təsərrüfatı naziri ya mənimsədiyi milyonları büdcəyə qaytarmalı olacaq, ya da həbs edilərək dəmir barmaqlıqlar arasına göndəriləcək.