BolgeXeber.Com » Gündəm » Pirşağı sakinləri yolu keçmək üçün qayıq istəyir - (Fotolar)

Pirşağı sakinləri yolu keçmək üçün qayıq istəyir - (Fotolar)

2-02-2015, 19:05
Oxunub: 3 811 “Evlərimiz su altındadır. Hara şikayət ediriksə, baxan yoxdur. Kimə deyiriksə, cavab verirlər ki, bizlik deyil”

Bunu Sabunçu rayonu, Pirşağı qəsəbəsinin sakinləri deyir. Onların sözlərinə görə, uzun illərdir ki, yağışlı günlərdə küçədən evə axan tullantı sularla mübarizə aparırlar. Yağış yağan kimi ərazidəki evlər sulara qərq olur. Səbəb ərazidə kanalizasiya xətlərinin olmamasıdır.

Saleh Hüseynzadə küçəsinin sakini Elmar Fərzəliyev deyir son vaxtlar vəziyyət daha da pisləşib: “Sular artıq evlərimizin döşəmələrindən qalxır. Hələ məhəllənin aşağı tərəfləri lap biabırçı vəziyyətdədir. Bəlkə 500-dən artıq ev var burda. Bircə qurumun işçisi qarşımıza çıxıb bir söz demir. İcra hakimiyyəti deyir bələdiyyəlikdir, bələdiyyə deyir icra hakimiyyətinə müraciət edin. Hamı bir-birinin üstünə yıxır.

Daha yorulmuşuq. Daha hökumətdən tələb etmirik ki, gəlib küçəmizdəki seli-suyu qurutsunlar, kanalizasiya xətti çəksinlər. İndi xahiş edirik ki, heç olmasa küçəmiz üçün qayıq sifariş eləsinlər, yağışlı günlərdə dayanacağa qədər qayıqla gedib-gələ bilək”.

Bu küçədə 10 saylı sanatoriya tipli internat məktəbi də yerləşir. Məktəbin ətrafı daim çirkab sularla dolu olur.

Qəsəbənin digər küçələrinin sakinləri də eyni dərddədir. Deyirlər, yağışlı havalar başlayanda nəinki küçə, həyət-baca, hətta ev-eşik də kanalizasiya sularına qərq olur.

“Bax, o gün bir az yağış bərkiyən kimi yenə döşəmələrimizdən çirkli sular qalxdı, 2-3 gün evdə rezin çəkmə ilə gəzdik, evimiz hələ də üfunət içindədir” - deyir qəsəbə sakini.

Yağışda evdən çıxa bilməyib işsiz qalanlar da var. Məsələn, Tural Bədəlov kimi. İri şirkətlərin birində çalışan sakin ötən ilin oktyabrında yağış suları qapını kəsdiyi üçün iki gün evdən çıxa bilməyib. İki gün işə getməməsi onun işsiz qalmasına səbəb olub. İndi Pirşağıda köhnə maşının üstünə taksi işarəsi vurub taksi xidməti göstərir.

Pirşağı sakinləri neçə ildir ki, bu şəraitsizliklərə dözürlər.

Qəsəbə sakini Mailə Məmmədovanın dediklərindən: “Belə də şey olar? Bütün diqqəti şəhərin mərkəzinə, bir də öz yaşadıqları küçələrə yönəldiblər. Sanki kənarda yaşayanlar bu ölkənin vətəndaşları deyil. Burda nasosxanalar var, ancaq işlətmirlər. Niyə işlətmirlər, bax səbəbi bizə də aydın deyil. Elə bil biz əziyyət çəkdikcə problemi həll etməli qurumlar həzz alırlar”.

M.Məmmədova deyir ki, kanalizasiya xəttinin olmaması sakinlərlə məmurları üz-üzə qoyub: “Nə qədər müraciət etsək də heç bir məmur şikayətimizə baxmır. Sabunçu Rayon İcra Hakimiyyətində bir adam tapa bilmirik ki, dərdimizi deyək. İcra hakimiyyətinə nə qədər zəng edirik, dəstəyi qaldırıb deyirlər hamı iclasdadır”.

Qəsəbədə nəqliyyat yolları da bataqlıqlara çevrilib. Ən çox əziyyəti ilə qəsəbənin məktəbliləri çəkir.

Sakinlər qəsəbədəki içməli su, təbii qaz və elektrik enerjisi ilə bağlı problemlərdən də danışırlar. Yerli icra hakimiyyətindən bir kar aşmadığını görüb evlərinə su, elektik xətləri çəkiblər. Deyirlər, rayon icra hakimiyyəti bütün diqqəti Sabunçu rayonunu mərkəzi hesab olunan Bakıxanov qəsəbəsinə yönəldib.

Sabunçu Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına bildiriblər ki, Pirşağı qəsəbəsinə kanalizasiya şəbəkəsinin 2014-2016-cı il Dövlət Proqramına uyğun olaraq çəkiləcəyi planlaşdırılıb.
virtualaz.org