BolgeXeber.Com » Gündəm » Deputatın “dana” sözünə yol polisindən cavab gəldi

Deputatın “dana” sözünə yol polisindən cavab gəldi

3-02-2015, 16:55
Oxunub: 3 529 “Hər bir yol patrul xidməti əməkdaşı gün ərzində üç dəfə təlimatlandırılır”.

Bunu azvision.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov ötən gün Milli Məclisin iclasında Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovun yol polisi ilə bağlı səsləndirdiyi ittihamlara cavab verib: “Cəmiyyətdə elə insanlar var ki, onları hər kəs tanıyır. Bu baxımdan polis əməkdaşları da həmin şəxsləri tanımalıdır”.

DYP rəsmisinin sözlərinə görə, hansısa polis əməkdaşlarının hafizəsində nöqsanlar ola bilər.
Xatırladaq ki, Milli Məclisində ötən gün keçirilən iclas zamanı “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Milli Məclisin üzvü Eldar İbrahimov Dövlət Yol Polisi (DYP) əməkdaşlarının bəzi hallarda hazırlıqsız olmaları barədə qeydlərini dilə gətirib. Millət vəkili bildirib ki, DYP əməkdaşları qanuna müvafiq olaraq vətəndaşlar, həmçinin dövlət məmurları və millət vəkilləri ilə davranışlarında diqqətli olmalı, qanunun tələblərinə əməl etməlidirlər: “Onlar bəzi hallarda vətəndaşla kobud danışırlar.

Polis serjantlarını işə götürəndə təbliğat işi aparılmalı, davranış qaydaları öyrədilməlidir. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, bu kitabçadan hamıda var da. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu “dana” hardan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır”.

Deputatın bu cür çıxışından sonra başqa bir suallar da meydana çıxır: yol polisi millət vəkilinin maşınını saxlaya bilərmi? Millət vəkilinin başqa bir dövlət atributu daşıyan şəxsin ünvanına təhqiramiz ifadə işlətməsi nə dərəcədə doğrudur?

“Qafqazinfo” bu suallara cavab tapmaq üçün iki millət vəkilindən münasibət öyrənib.
Deputat Fazil Mustafa bildirib ki, yol polisi deputatın maşınını saxlaya bilər, amma saxlayandan sonra onunla bağlı hər hansı bir şəkildə inzibati məsuliyyətə cəlb etməklə bağlı protokol tərtib edə bilməz:“Çünki deputata qarşı bu addımların atılması üçün mütləq Milli Məclisin razılığı lazımdır. Yuxarı orqanlar Milli Məclisə müraciət edərlərsə, Milli Məclisin qərarından sonra deputat məsuliyyət daşıya bilər. Deputatın maşınını saxlamaq məsələsində polisi də qınamaq lazım deyil. Yol polisi nömrəni tanımadan maşını saxlaya bilər. Müvafiq sənəd göstərəndən sonra polisin hər hansı bir şəkildə protokol tərtib etməsi qanunvericiliyə uyğun deyil”.

F.Mustafanın sözlərinə görə, Eldar İbrahimovun səsləndiridiyi ifadə bir qədər emosional vəziyyətdə deyildi: “Eldar İbrahimov təcrübəli və bir az da ədalətli insandır. Heç vaxt kiminsə qəlbinə dəyəcək ifadə səsləndirməz. Görünür, emosional vəziyyətdə bir qədər sərt ifadə oldu. Bu, şişirdilməsi lazım olmayan bir ifadədir. Sadəcə o, problemə diqqət çəkməyə çalışdı. Problemlər də ondan ibarətdir ki, gərək polislər də müəyyən dərəcədə deputatlara qarşı qanunvericiliyə uyğun şəkildə özlərini aparsınlar. Polislərin çoxu deputatlara mədəni və savadlı davranırlar. Az sayda hazırlıqsız insanlar ola bilir ki, bunları da təlimatlandırmaq lazımdır. Çünki burada söhbət deputatın kimliyindən deyil, qanunvericilikdə nəzərdə tutulan statusdan gedir. O statusa hörmət etmək vacibdir. Təbii ki çıxışın haqlı tərəfləri var və biz də eyni fikirdəyik ki, bütün dövlət orqanlarının təmsilçilərinə statusuna görə münasibət qanunvericiliyə uyğun qaydada olmalıdır”.

Deputat Zahid Oruc isə qeyd edib ki, Eldar İbrahimova çox dəyər verir, parlamentdə təcrübəsinə, ziyalılığına dövlətə və dövlətçiliyə münasibətinə görə hər zaman müsbət münasibəti olub: “Bununla bərabər üç ay bundan əvvəl də parlamentdə yenə millət vəkilləri üçün üstün hüquq tələbi ilə bağlı çağırışlar edilmişdi. O zaman da bir çoxları ayrıca seçilən xüsusi nömrələr vasitəsilə məsələn- “MM” seriyası ilə fərqləndirilməyi təklif edəndə və bunu hər hansı saxlanmadan, qanun pozuntusu halında protokol yazılması tələbindən yayınmaq üçün dilə gətirəndə mən polemikaya qatılmasam da buna tam qarşı olduğumu onlara bildirmişdim. Məgər qanun hamı üçün bərabər deyil? Nə üçün biz özümüzə üstün imtiyazlar tələb etməliyik? Sadə vətəndaş görəndə ki, hüquq normasını yaradanlar ilk addımdaca özlərini bunu pozurlar, onda əsil xaos baş verər və heç kəs qanuna itaət göstəməz”.

Deputat vurğulayıb ki, əslində indiki vəziyyətdə bir hüquqi ziddiyyət həll olunmamış qalır: “İnzibati protokol yazılması üçün yalnız məhkəmə qərarı tələb olunursa, belə çıxır ki, bizim toxunulmazlıq statusumuz əsil qəzalara yol aça bilər və yaxud polis orqanları yalnız sadə insanlar üzərində real səlahiyyətə malikdir. Beləliklə, qələm bizim əlimizdədir və öz xeyrimizə etdiyimiz pozuntular digər hakimiyyət orqanlarını da qanunsuzluğa sövq edəcək. Azərsu təmsilçiləri pulsuz su tələbini, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri meşələri, torpaq qurumunun təmsilçiləri isə onlara güzəştli yerlər verilməsi tələbini irəli sürəcəklər. Beləliklə, bizim məntiqimiz davam etdirəndə görün hansı mənzərə yaranır.

Bilirəm, belə yanaşma həmkarlarımızın çoxu tərəfindən qəbul olunmayacaq. Lakin vaxtilə alman hökmdarı dəyirmançı ilə məhkəmədə eyni səlahiyyətə malik olduğunu göstərməklə məhz qanunçuluğun qalib gəlməsinə, hər kəsin eyni haqlara malik olduğu qənaətinin təntənəsinə səbəb oldu. Əgər hüququ normaları pozmaq səlahiyyətimiz qanunlaşdırsaq, gərək onda qədim Romadakı kimi dövlətin vətəndaşlara ikili yanaşdığını da nə iləsə əsaslandıraq. Bu yolla gedə bilmərik. Ona görə Konstitusiya Məhkəməsi bu məsələni tənzimləməlidir. Mənim aləmimdə heç bir dövlət, hökumət, o cümlədən məhkəmə və parlament nümayəndələrinin ixtiyarı yoxdur ki, qanunun solundan və ya sağından keçsin. Onsuz da bəllidir ki, parlamant, hökumət üzvlərinə yol polisləri hər zaman güzəştli mövqe tutur. Ancaq bunu qanuna salmaq yanlış olardı”.

Z.Oruc əlavə edib ki, mövqeyilə həmkarlarından fərqlənmək ehtiyacında deyil, lakin “İclasa gecikirəm, yaxud vacib dövlət tədbirləri var” deyə polisi qanunsuzluğa göz yummağa vadar etmək ətrafa və cəmiyyətə yaxşı nümunə kimi təqdim olunmur: “Adamlar onda ədalətliliyə deyil, imtiyazlara can atacaqlar ki, xilas olsunlar. Ona görə polis orqanlarının üzərinə maşın sürmək və yaxud onları qətlə yetirməyi birmənalı pisləyərək, hamını qanuna dəvət etmək yeganə çıxış yoludur”.