BolgeXeber.Com » Gündəm » "MediClub"da niyə tibbi xidmətlərin qiymətlər baha , keyfiyyəti çox aşağıdır?

"MediClub"da niyə tibbi xidmətlərin qiymətlər baha , keyfiyyəti çox aşağıdır?

4-02-2015, 09:05
Oxunub: 18 461 Baş direktor Sabir Adnayev kimlərinsə himayəsinə arxayın olaraq qanunları pozur

Özəl səhiyyə sektorundakı vəziyyət qənaətbəxş deyil. Ölkə ərazisində fəaliyyət göstərən özəl səhiyyə müəssisələrindəki qanun pozuntuları, vətəndaşların incidilməsi və qiymətlərin baha olması barədə az qala hər gün şikayətlər eşidirik. Vətəndaşların müəyyən hissəsi dövlət xəstəxanalarında çalışan həkimlərə, ordakı səhiyyə xidmətlərinə etibar etmədiyindən özəl klinikalara müraciət edirlər. Lakin özəl tibb ocaqlarının bir çoxunda hökm sürən ab-hava ora müraciət edən insanları razı salmır. Özəl tibb ocaqlarında qiymətlər gündən-günə artır. Həkim müayinəsinin qiymətləri də yüksəlir. Hazırda bu klinikalarda sadə həkim müayinəsinin orta qiyməti 50-60 manatdır.

O səbəbdən özəl tibb ocaqlarına üz tutan xəstələr faktiki soyulur. "Özəl tibb fəaliyyəti haqqında" Qanuna görə, bu cür müəssisələr özəl tibb fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və vəzifələrini, bu fəaliyyətin təşkilati-hüquqi əsaslarını müəyyən edir. Təəssüf ki, bir sıra özəl tibb mərkəzlərininin rəhbərliyi müvafiq qanunlara məhəl qoymurlar. Xüsusi qeyd etmək lazımdır ki, Səhiyyə Nazirliyinin yetkili şəxsləri özəl səhiyyə sektorunda yaşanan problemlərə lazımi səviyyədə münasibət bildirmirlər. Onlar hansısa maraqları təmin edildiyi üçün bəzi özəl klinikalarda mövcud olan prolemlərə göz yumurlar. Bu isə ciddi fəsadlara gətirib çıxarır. Yerli TV-lərdə zaman-zaman reklam olunan özəl klinikalardan biri də "Medi Club" tibb mərkəzidir. Redaksiyamıza daxil olan məlumatlara əsasən, səhiyyə ocağında vətəndaşlara göstərilən tibbi xidmətlər həm aşağıdır, həm də qiymətlər bahadır. Klinikanın saytına daxil olub bəzi məlumatlarla tanış olduq. Saytda yazılır ki, "MediClub" özəl, transmilli tibbi şəbəkə olmaqla Azərbaycan və Gürcüstanın ərazisində yerləşən 1 çoxprofilli xəstəxanadan, 6 tibbi və 19 sənaye klinikalarından ibarətdir. Müəssisələr şəbəkəsi vahid alarm mərkəzdən idarə olunur. "MediClub" - təcili və təxirəsalınmaz tibbi yardım, diaqnostika fəaliyyəti, yeni doğulmuş dövrdən başlayaraq uşaqlara və böyüklərə göstərilən müalicə və profilaktika işi üzrə ölkənin tibb bazarında liderliyini qoruyub saxlayır. Şirkətdə yerli qanunvericilik tələbləri və beynəlxalq praktik təcrübəni nəzərə almaqla ümumi profilli həkimlərin müalicə-profilaktika prosesində effektiv iştirak sistemi fəaliyyət göstərir. Qeyd edək ki, "MediClub" Şahdəniz, Rusiya və Səngəçal terminalından başlayaraq (Azərbaycan Respublikası) Supsayadək (Gürcüstan Respublikası) Bakı - Ceyhan kimi neft kəmərlərinin əsas tibbi operatorudur. 1999-cu ildən başlayaraq "MediClub" şirkəti dəfələrlə Azərbaycan və Gürcüstan ərazisində Britiş Petroleum, Şell, Statoil, Unokal, RAMKO, Exxon, Kvaerner, Delta, Amerada - Hess kimi şirkətlərin elan etdiyi tibbi yardım xidməti tenderlərinin qalibi olub. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, "MediClub" ölkənin özəl səhiyyə mərkəzləri arasında qiymətlərinə görə ən bahalısıdır. Əldə etdiyimiz məlumatlara görə, burda müayinə olunmaq istəyən vətəndaşlar ən azı 50 manatından keçməlidir. Tibb ocağında məsləhət üçün isə pasiyentlərdən 60 manat və daha çox pul tələb olunur. Bir sözlə, xəstəxanada hər addım puldur: "Hazırda ölkə ərazisində yüzlərlə özəl klinika fəaliyyət göstərir. Amma onların heç birində "MediClub"dakı bahalıq müşahidə olunmur. Tibb ocağının rəhbərliyi yerli qanunvericiliyin tələblərini nəzərə almır. Belə ki, şirkətin baş direktoru Sabir Adnayev səhiyyə naziri Oqtay Şirəliyevlə məsləhətləşmə aparmadan qiymətləri və digər şərtləri müəyyən edir. Vətəndaşlar ödədikləri pulun qarşılığında keyfiyyətli tibbi xidmət almırlar. Düzdür, "MediClub"da ən müasir tibbi avadanlıqlar mövcuddur, həmçinin klinikanın həkimləri vaxtaşırı olaraq xarici ölkələrdə təcrübə keçirlər. Buna baxmayaraq, həmin həkimlər xaricdə gördükləri yenilikləri burda tətbiq edə bilmirlər. Tibb ocağında müayinə və müalicə olunmaq kasıb azərbaycanlılar üçün nəzərdə tutulmayıb. Başqa sözlə desəm, bura müraciət edən insanların əksəriyyəti varlı təbəqənin nümayəndələridir. İl ərzində "MediClub"da yüzlərlə cərrahiyyə əməliyyatı aparılır, digər tibbi xidmətlər həyata keçirilir. Bu xidmətlərdən, həmçinin tenderlərdən külli miqdarda gəlir əldə edilir. Həmin vəsaitlərdən dövlətə nə qədər vergi ödənildiyi maraqlıdır. Baş direktor Sabir Adnayev yuxarı dairələrdəki əlaqələrindən istifadə edərək vergi ilə bağlı bir sıra nöqsanlara şərait yaradır. Deyilənə görə, şirkətin illik qazancının az hissəsi dövlətin büdcəsinə keçirilir. Ki, nəticədə vergidən yayınma halı üzə çıxır". Qeyd edək ki, özəl, yaxud dövlət xəstəxanası olmasından asılı olmayaraq, bütün tibb ocaqları Səhiyyə Nazirliyinin göstərişlərinə və ölkənin müvafiq qanunlarına əməl etməlidir. Deyilənə görə "MediClub" şirkətinin baş direktoru Sabir Adnayev isə kimlərinsə himayəsinə arxayın olub qanunları pozur. İnanmaq istərdik ki, səhiyyə naziri Oqtay Şirəliyev sözügedən səhiyyə ocağında üzə çıxan qüsurların aradan qaldırılması və klinikanın rəhbərliyinin cəzalandırılması üçün lazımi tədbirlər həyata keçirəcək.(gundelik-baku)

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

P.S. Nə üçün zirzəmilər "MediClub”da fəaliyyət göstərir.