BolgeXeber.Com » Gündəm » Qaradağda hesabat tədbiri keçirilib

Qaradağda hesabat tədbiri keçirilib

4-02-2015, 15:10
Oxunub: 3 665 "Hesabat ili ərzində rayonumuzda orta aylıq əmək haqqı 766,2 manat olmuşdur"

Qaradağ Rayon İcra Hakimiyyətinin 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib

Bolgexeber.com-a daxil olan məlumata görə Qaradağ Rayon İcra Hakimiyyətinin 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2015-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.

Yığıncağın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, rayon İcra hakimiyyəti başçısının yanında Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.

Yığıncaqdan öncə tədbirdə iştirak edən qonaqlar ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.

Qaradağ rayonunun 2014-cü ildə əldə etdiyi uğurlardan bəhs edən qısametrajlı film nümayiş olundu.

Hesabat yığıncağında “Qaradağ Rayon İcra Hakimiyyətinin 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunları üzrə hesabatı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2015-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr barədə” rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun məruzəsi dinlənildi.

Məruzədə qeyd olundu ki, ötən ilin yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 670 milyon manatlıq və ya 21, 9 % çox sənaye məhsulu istehsal edilmiş və ya xidmətlər göstərilmişdir. 2014-cü ilin yanvar-dekabr aylarında avtomobil nəqliyyatında fəaliyyət göstərən müəssisələr tərəfindən 9,9 milyon manatlıq xidmətlər göstərilmişdir. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 591 milyon manat investisiyadan istifadə edilmişdir. İstifadə olunmuş vəsaitin 433,2 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 524,6 min ton xam neft və 746,1 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayon üzrə 2 milyon ton sement, 145,8 min ton mişar daşı istehsal edilmişdir. Hesabat ilində rabitə xidmətlərinin həcmi 2,3 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 % çox olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlər isə 117,4 milyon manat olmuşdur.

Hesabat ili ərzində rayonumuzda orta aylıq əmək haqqı 766,2 manat olmuşdur.Ötən il 1299 ailəyə (5234 nəfər) orta hesabla 139,2 manat məbləğində ünvanlı sosial yardım verilmişdir. Əhalinin aztəminatlı təbəqələrinə müxtəlif təqaüdlər və müavinətlər ödənilmişdir. Əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə mütəmadi olaraq qəsəbələrdə səyyar əmək yarmarkaları keçirmişdir. Bundan əlavə BP-Azərbaycan Şirkətinin təşkilatçılığı ilə rayonumuzda həyata keçiriləcək yeni layihələrlə bağlı “Azfen”, “Tekfen” şirkətləri ilə birlikdə rayonda işə qəbulla əlaqədar mütəmadi tədbirlər keçirilir. "Norm" sement zavodunun açılaraq fəaliyyətə başlamışdır. Ələt qəsəbəsində Bakı Dəniz Ticarət Limanının inşasının birinci mərhələsinin birinci fazası tamamlanmış, artıq Bakı Bərəsi fəaliyyətə başlamışdır. Limanın layihəsinin növbəti mərhələlərinin tikintisi uğurla davam etdirilir. Rayonun Səngəçal qəsəbəsi ərazisində Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması üçün ümumi sahəsi 3850 hektar olmaqla, Qaradağ rayon ərazisindən 1875 hektar torpaq sahəsi ayrılmışdır. Bu kompleksdə 2000 nəfərə kimi işlə təmin olunacaqdır. Bütövlükdə 2014-cü il ərzində rayonumuzda 1497 yeni iş yeri açılmışdır.
Ötən il rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 6 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmış, 147 ədəd transformator məntəqəsində profilaktik təmir işləri aparılmış, 811 min metr müxtəlif diametrli kabel və hava xətləri çəkilmişdir.

Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə müxtəlif diametrli 35 min 300 metr mövcud qaz xətti yenisi ilə əvəz edilmişdir.

Hesabat dövrü ərzində Qaradağ Sukanal İdarəsi tərəfindən müxtəlif diametrli 6 min 700 metr yeni su xətti çəkilmiş, 2 min metrə yaxın su xətti isə dəyişdirilmişdir. 2014-2016-cı illəri əhatə edən müvafiq Dövlət Proqramına əsasən bu istiqamətdə işlər davam etdirilir.

2014-cü ildə Qaradağ rayonunda abadlıq-quruculuq işləri aparılmış, qəsəbələrarası və məhəllədaxili küçə və yollar yenidən qurulmuş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Əhalinin mədəni istirahətini təmin etmək məqsədilə parklar, nümunəvi məhəllələr salınmışdır.
11 oktyabr 2014-cü il tarixində Lökbatan qəsəbəsində inşa edilmiş beş ədəd yeni doqquzmərtəbəli yaşayış binaları neftçilərin istifadəsinə verilmişdir. Sahil qəsəbəsində neftçilər üçün inşa edilən yaşayış binalarının tikintisi başa çatmaq üzrədir.

Lökbatan qəsəbəsində uzun illərdir qəzalı vəziyyətdə olan qamış konstruksiyalı evlərdə yaşayan sakinlər üçün ölkə başçısı cənab İlham Əliyevin göstərişinə əsasən yaxın günlərdə yeni çoxmərtəbəli yaşayış mənzillərinin tikintisinə başlanacaqdır. Hal-hazırda inşa ediləcək binanın layihə-smeta sənədləri hazırlanır.

Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayonun inzibati ərazisindən keçən hissəsində 3 hektar ərazinin abadlaşdırılması işləri başa çatdırılmışdır. Qobustan qoruğuna gedən yolun sol və sağ hissəsinə yaşıllıq zolaqları salınmış, müxtəlif növlü ağac və gül kolları əkilmişdir.
Rayon ərazisində ümumilikdə 76 min 700 kv.metr ot və yaşıllıq sahələri salınmış, 12 mindən artıq gül, 26 mindən artıq müxtəlif növ ağac və bəzək kolları əkilmiş, salınmış yaşıllıq zolaqlarına və ağaclara aqrotexniki qulluğun təmin edilməsi üçün müasir suvarma sistemləri quraşdırılmışdır.
Bakı - Ələt (Astara) magistral avtomobil yolunun rayon ərazisindən keçən sol və sağ hissələrinin kənarlarında nəzərdə tutulmuş istinad divarlarının tikintisi başa çatdırılmış və 4 min 340 kv.metr aqlay üzlük vurulmuşdur.
Rayonunun qəsəbələrarası yollarına və məhəllədaxili həyətlərə ötən il ərzində 56 min 600 kv.m. asfalt döşənmişdir. Eyni zamanda yararsız vəziyyətdə olan küçələrə 52 min kub.metr çınqıl və daş qırıntıları tökülərək yayılmışdır. 13 min p/metr beton bordür qoyulmuş, 14 min p/m istinad divarları və səki mişar daşı ilə hörülmüş, 17 min 500 kv.metr tamet döşənmişdir. Çoxmərtəbəli yaşayış binaları cari təmir edilərək, qış mövsümünə hazır vəziyyətə gətirilmişdir.

Çeyildağ qəsəbəsində uzun illərdən bəri ilk dəfə olaraq küçələrdə işıqlandırma sistemi quraşdırılmışdır. Qobustan qəsəbəsində yerüstü keçid inşa edilmiş və əhalinin istifadəsinə verilmişdir.
Qaradağ rayonunda ekoloji sabitliyin qorunması, ətrafda olan göllərin qurudulması müvafiq Dövlət Proqramı əsasında həyata keçirilməkdədir.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən rayonun qəsəbələrində sel sularının qarşısının alınması məqsədi ilə kanalların çəkilməsi nəzərdə tutulmuşdur.

Rayonun Sahil, Səngəçal və Müşfiqabad qəsəbələrində Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələrinin açılışı olmuş, Çeyildağ və Ələt qəsəbələrində isə tikintisi yekunlaşmış və təmiri başa çatmaq üzrədir.

Qaradağ rayonu ərazisində ötən 2014-cü il ərzində təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə də bir çox işlər görülmüşdür.
Belə ki, müvafiq Dövlət Proqramına əsasən təhsil sahəsi üzrə 10 körpələr evi - uşaq bağçasında əsaslı təmir işləri başa çatmış, 2 körpələr evi - uşaq bağçası üçün yeni bina və 2 məktəb üçün isə əlavə tədris korpusu tikilmişdir.

Eyni zamanda 7 nömrəli Bakı Peşə məktəbi üçün yeni binanın tikintisi başa çatdırılmışdır. Hal-hazırda Qobustan qəsəbəsindəki körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri, Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun Lökbatan, Ümid qəsəbələrində yeni körpələr evi - uşaq bağçalarının inşası davam edir və Ələt qəsəbəsində yeni körpələr evi - uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanır.
2014-cü il oktyabr ayının 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Lökbatan qəsəbəsindəki 6 nömrəli uşaq somatik sanatoriyasında olmuş, burada müalicə alan uşaqlarla görüşmüş və onlara hədiyyələr təqdim etmişdir.

Bu səfəri zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva IDEA İctimai Birliyinin təşəbbüsü ilə Qaradağ rayonunda sahibsiz heyvanlar üçün sığınacağın təməlqoma mərasimində də iştirak etmişdir.

Hesabat ilində rayonda səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün də müəyyən işlər görülmüşdür.

“2014-2016-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Səhiyyə Nazirliyi tərəfindən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində uşaq poliklinikası üçün yeni binanın inşası nəzərdə tutulmuşdur. Bununla yanaşı Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Lökbatan qəsəbəsindəki yeni müasir xəstəxana binalarının inşası başa çatdırılmış və hal-hazırda tamamlama işləri aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-nə kimi respublikamızın bütün bölgələrində olduğu kimi Qaradağ rayonunda da 18 yaşından yuxarı əhalinin icbari tibbi müayinədən keçirilməsi tədbirləri uğurla başa çatdırılmışdır.

Hesabat ilində sakinlərin asudə vaxtının təşkili istiqamətində də xeyli işlər görülmüşdür. Mədəni maarif müəssisələri tərəfindən müxtəlif maraqlı tədbirlər həyata keçirilmişdir. Musiqi məktəbləri və mədəniyyət işçilərinin, yaradıcı kollektivlərin iştirakı ilə Novruz bayramı, Gül bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar rayonda maraqlı tədbirlər təşkil olunmuşdur.
Müvafiq Dövlət Proqramına əsasən 2014-cü ildə Müşfiqabad mədəniyyət evi əsaslı təmirdən sonra və Lökbatan qəsəbəsindəki 9 nömrəli musiqi məktəbinin yeni binası istifadəyə verilmişdir. Qızıldaş mədəniyyət mərkəzinin tikintisi isə hal-hazırda davam etdirilir.

Ötən il ərzində Nazirlər Kabineti tərəfindən 2001-ci ildən rayon ərazisində rəsmən qeydə alınan 15 tarixi abidənin, xüsusilə də dünya əhəmiyyətli Qobustan Milli Bədii-Tarixi Qoruğunun mühafizəsinin gücləndirilməsi üçün zəruri tədbirlər görülmüşdür.

Dövlət gənclər siyasətinin layiqincə həyata keçirilməsi, yeniyetmə və gənclərlə işin təkmilləşdirilməsi İcra hakimiyyətinin diqqət mərkəzində olmuşdur.

Dövlət Proqramı çərçivəsində Sahil qəsəbəsində “Gənclər” evinin tikintisi başa çatdırılmışdır. Ələt, Puta və Səngəçal qəsəbələrində mini futbol meydançalarının və idman zallarının, Qobustan qəsəbəsində isə idman zalının tikintisi hal-hazırda davam etdirilir. Rayonumuzun bir çox qəsəbələrində idmanın kütləviliyinin təmin olunması üçün müvafiq Dövlət Proqramı” çərçivəsində rayon ərazisində idman meydançalarının yaradılması və atıcılıq tirinin inşa olunması nəzərdə tutulmuşdur.
Hesabat dövründə Qaradağ rayonunun ictimai-siyasi və mədəni həyatı dövlət və milli bayramlara, əlamətdar və tarixi günlərə həsr edilən geniş, əhatəli tədbirlərin keçirilməsi ilə zəngin olmuşdur.

Xüsusi tədbirlər planı əsasında Rayon İcra hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə fevral ayında keçirilmiş «“Xocalıya ədalət” kompaniyası: Siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik» mövzusunda II beynəlxalq konfransda Türkiyədən, Ukraynadan, Gürcüstandan, Moldovadan və Belorusdan beynəlxalq ekspertlər iştirak etmişlər. İki gün davam edən Beynəlxalq konfrans Quba rayonunda Azərbaycanlıların Soyqırımı abidəsinin ziyarət edilməsi ilə yekunlaşmışdır.
Qaradağ rayonunda Novruz bayramı ilə əlaqədar geniş silsilə tədbirlər həyata keçirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümü münasibəti ilə Heydər Əliyev Mərkəzində müxtəlif mövzularda elmi-praktik konfranslar, rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında isə silsilə tədbirlər keçirilmişdir.

Məlum olduğu kimi, ötən ilin dekabrın 23-də bələdiyyə seçkiləri keçirilmişdir. Seçki günü Qaradağ rayonunda 74 864 seçicidən 27 537 seçici yəni seçicilərin 37,2 %-i məntəqələrə gələrək, öz iradəsini sərbəst ifadə etdi.

Xəstə uşaqların müalicəsi üçün maliyyə və tibbi yardım göstərilmiş, onlar dərman preparatları ilə təmin olunmuşlar.

Cənab Prezidentin təşəbbüsü ilə yaradılmış “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım fondu” tərəfindən 3800 məcburi köçkün, qaçqın, şəhid, əlil və aztəminatlı ailələrinə bayram günlərində müxtəlif növ ərzaq məhsullarından ibarət yardımlar edilmişdir.Milli Məclisin deputatı Ağalar Vəliyev 11 saylı Dairə Seçki Komissiyası üzrə qəsəbələrin imkansız sakinlərinə bütün bayramlarda bayram sovqatları göndərmişdir.Yeni dərs ilinin başlanması münasibətilə 600-dən yuxarı bal toplayan 21 nəfər məzuna rayon İcra hakimiyyəti və Milli Məclisin deputatı Ağalar Vəliyev tərəfindən kompüter dəstləri, pul mükafatları təqdim olunmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonumuzun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alan 200 nəfərdən çox uşaq yeni məktəbli formaları və 200 nəfər birinci sinifə yeni başlayan şagird məktəb ləvazimatları ilə təmin olunmuşdur.

Ötən ildə gənclərin silahlı qüvvələrə dörd çağırışı uğurla başa çatdırılmış və 552 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.

Hesabat məruzəsindən sonra gündəlikdəki məsələ üzrə Ə.Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin rəisi Ramin Quliyev və Qaradağ rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin müdiri Əli Əliyev çıxış etdilər.
Hesabat yığıncağının işində iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq tapşırıq və tövsiyyələrinə əsasən respublikada görülən işlər barədə ətraflı məlumat verdi.

Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilmişdir.

Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətin qəbul edilmişdir.

Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirmiş və onu əmin etmişdir ki, rayonumuza səfərləri zamanı verdiyi tapşırıqlar, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələr layiqincə yerinə yetiriləcək və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin ediləcəkdir.
Bolgexeber.com