BolgeXeber.Com » Gündəm » Lamiyə Quliyeva 3500-4000 manata ana olub?

Lamiyə Quliyeva 3500-4000 manata ana olub?

6-02-2015, 11:40
Oxunub: 4 701 türmənin laboratoriyası var?

Günün mövzusu heç şübhəsiz ki, məhbus Lamiyə Quliyevanın ana olması ilə bağlıdır. Sualların çox, cavabların isə bir-birindən fərqli, ziddiyyətli olduğu bir dönəmdə insanları daha çox maraqlandıran isə heç şübhəsiz ki, bu süni mayalanma söhbətidir. Fevralın 4-də ANS-in efirində mövzu ilə bağlı Ombudsman Aparatının açıqlaması bu cür yayılıb: “Ombudsman Aparatının əməkdaşları uşağın atası olduğu iddia edilən məhkumla da görüşüblər.

Adının açıqlanmasını istəməyən məhkum Lamiyə ilə bir müddət eyni penitensiar müəssisədə saxlanıldığını, onunla qiyabi tanışlıq münasibətinin olduğunu, canlı təmasının olmadığını, uşağın atasının müəyyənləşdirilməsi ilə bağlı dəqiqləşdirilmə aparılması üçün DNT qan analizi verdiyini bildirib. O, izahatında onu da yazıb ki, Lamiyə onun spermasından istifadə edərək süni mayalanma edib”.

Son illər Azərbaycanda sonsuzluq problemi yaşayan ailələrin az faizi süni mayalanma üsuluna müraciət edir. Çünki bu, heç də düşünüldüyü qədər məsrəfsiz prosedur deyil. Bu halda Pentensiar Xidmətdə saxlanılan bir məhbus xanımın da sözügedən üsulla ana olması ciddi məsələdir və özü ilə birgə çoxlu sayda suallar yaradır.

Döllənmə laboratoriyada aparılır

“Yeni Müsavat” mövzunun aktuallığını nəzərə alaraq, süni mayalanma ilə bağlı dosye hazırlayıb. Tibb saytlarına, rusdilli saytlara, eləcə də ekspert rəylərinə əsaslanan materialda bu prosedurun bütün detalları öz əksini tapır.

Öncə ondan başlayaq ki, süni mayalanma qadın və kişiyə aid reproduktiv hüceyrələrin bədəndən xaricdə döllənməsi deməkdir. Ana olmağa hazırlaşan qadınların yumurtalıqlarından alınan yumurta hüceyrələr ilə ata olmağa hazırlaşan kişilərin spermatazoidlərinin laboratoriyada (!-red.) birləşdirilərək döllənməsi və əldə edilən embrionların təkrar ana bətninə yerləşdirilməsi əməliyyatıdır. Müalicənin ilk mərhələsində yumurta hüceyrələr inkişaf etdirilir və uyğun zamanda alınır, daha sonra laboratoriyada spermatazoidlər birləşdirilərək inkişaf edən embrionlar ana bətninə yerləşdirilir.

Embrionlar bətn daxilinə uşaqlıq boynundan incə kateterlə yerləşdirilir. Bu əməliyyatların nəticəsində qadınların təxminən 50%-də hamiləlik olur. Lakin belə hamiləliklərin bir qismi düşmə ilə nəticələnir. Müalicə tətbiq edilən cütlüklərin 40%-i övlad sahibi ola bilirlər. Bu nisbət bir çox tətbiqlərdə 70-80%-ə qədər yüksələ bilir. Yerdə qalan 20-30%-lik qrup müasir tibbin bütün imkanlarına baxmayaraq övlad sahibi ola bilmir.

Amma proses başdan-ayağa həkim nəzarəti ilə həyata keçirilir. Yəni burda bir neçə mərhələ var ki, mütləq qaydada həkim, tibbi, dərman müdaxiləsi mütləqdir. Məsələn, süni mayalanmada müxtəlif dərmanlarla (Gonal-F, Puregon, Menogon) qadının yumurtalıqları oyadılır. Yumurtalıqların qıcıqlandırılmasının məqsədi çox sayda embrion əmələ gətirən yumurta hüceyrə əldə etməkdir. Çox sayda embrionun bətn daxilinə yerləşdirilməsinin (embrion transferi) hamilə qalmaq şansını artırdığı müşahidə edilir. (Hamiləlik nisbətləri bir embrion yerləşdirildiyində təxminən 10%, üç embrion yerləşdirildiyində isə 40-50% ətrafındadır.)

Süni mayalanma əvvəllər infeksiya və ya cərrahi əməliyyat nəticəsində uşaqlıq yollarında qalıcı qüsur əmələ gələn qadınlara tətbiq edilməyə başlanmış, qısa müddət sonra isə sonsuzluğa gətirib çıxaran səbəblərin müalicəsində də istifadə edilmişdir. Bu gün endometrioz, səbəbi izah olunmayan sonsuzluq faktları və kişi ilə əlaqəli sonsuzluqda süni mayalanma üsulları ilə müvəffəqiyyətli nəticələr əldə edilir.

Qadına xüsusi dərmanlar yazılmalı, yumurtaları böyüdülməlidir...

Özəl klinikalara müraciət edən sonsuz ailələr bir neçə mərhələni adlayır. İlk növbədə qadın və kişi müayinədən keçir. Müayinələrdən sonra xanım xəstəxanaya dəvət olunur, analiz götürülür və müalicə başlayır. Ciddi yumurta, ciddi boru problemi olarsa, yaxud kişi amilinin rolu varsa, süni mayalanmaya qərar verilir. Proses 2 həftə müddətində davam edir. Qadın aybaşının 2-ci, 3-cü günü klinikaya müraciət edir. Ona uyğun xüsusi dərmanlar yazılır, yumurtaları böyüdülür, iynə vasitəsilə qadının yumurtalıqlarından yumurta hüceyrələri toplanılır və embrioloji laboratoriyaya verilir. Eyni gündə onun həyat yoldaşından da hüceyrələr götürülür. Daha sonra qadın və kişinin hüceyrələri arasında sağlam və yaxşıları seçilir. Yumurtalar toplanılır və toplandıqdan sonra həyat yoldaşının hüceyrələri ilə birləşdirilib laboratoriyada xüsusi üsulla mayalandırılır. Üç-dörd gündən sonra ultrasəs cihazının nəzarəti ilə embrionlar qadının uşaqlığına yerləşdirilir. Buna tibbi dildə transfer deyilir. Süni mayalanmanın bir neçə üsulu var. Lakin ən müasir üsul bu cür tətbiq olunur.

Dünyada ilk süni mayalanma əməliyyatı 1978-ci ildə, Azərbaycanda isə 2004-də aparılıb
Tarixə müraciət edək. İlk uğurlu süni mayalanma Patrik Kristofer Steptou və Robert Edvards tərəfindən Böyük Britaniyada həyata keçirilib. Onların köməyi ilə 1978-ci il iyulun 25-də Luiz Coy Braun adlı qız dünyaya gəlib. Hazırda dünya miqyasında süni mayalanma ilə doğulan insanların sayının 1 milyondan çox olduğu bildirilir. Azərbaycanda isə süni mayalanma nəticəsində dünyaya gələn ilk körpənin 12 yaşı var. İlk dəfə türk mütəxəssisi Ersadık Turanın Azərbaycanda apardığı süni mayalanma hadisəsi 2004-cü ildə baş verib. Sonrakı illərdə Azərbaycanda həyata keçirilən süni mayalanma nəticəsində doğulan uşaqların sayı 3000-ə yaxındır.

3500-4000 manatlıq valideynlik hüququ?

Dünyada süni mayalanmanın alınma şansı 30-60 faiz arasında dəyişir. Burada yaş faktoru önəmlidir. Əgər qadın 30 yaşına qədərdirsə, onun alınma şansı 60-70 faiz, 30-35 yaş arasında 40-50, 35-40 yaşda 30-40, 40 yaşdan sonra isə 20-30 faiz olur. Yəni uşağı olmayan cütlüklər illərlə gözlədikdə zaman onların əleyhinə işləyir. Onların yaşı artdıqca süni mayalanma şansları aşağı düşür.

Azərbaycandakı özəl klinikalarda süni mayalanma qiymətləri aşağı-yuxarı eynidir. Dərmanı çıxmaqla süni mayalanma 2 min manata, dərmanla birlikdə 3500-4000 manata başa gəlir. Türkiyədə bəzi klinikalarda bu rəqəm 800-1000 manat arasında dəyişir, bəzilərində isə bu 4-5 min lirəyə, yəni təxminən 1500-2000 manata başa gəlir.

Dünyada qəbul olunmuş qaydaya əsasən 3 dəfə məsləhət görülür. Əgər qadının yumurtalıqları imkan verirsə, yumurtalıqların ehtiyatı yaxşıdırsa, sayın çox olması problem yaratmaz. 5-ci, hətta 6-cı dəfədə hamilə qalan xəstələr olur. Nəticə etibarı ilə bir qadının uşaqlığı, yumurtalıqları, kişidə isə sperma hüceyrələri varsa, bu üsulla hamiləlik şansı həmişə yüksəkdir.

“Yeni Müsavat” xatırladır ki, Milli Məclisin Sosial siyasət komitəsi sonsuzluq problemi ilə üzləşmiş şəxslərə dövlət hesabına süni mayalanma təklif ediləcəyi bəyanatını yayıb. Komitə sədri, millət vəkili Hadı Rəcəbli sonsuzluq müddəti kimi 10 il götürüləcəyini deyib. Millət vəkili qeyd edib ki, qanunda 10 ildən çox uşağı olmayan ailələrə dövlət hesabına süni mayalanma təklif ediləcək. Çünki bu, çox bahalı əməliyyatdır, kasıb ailələrin buna imkanı çatmır. Millət vəkili hesab edir ki, əgər hazırda nikaha daxil olanların 9-11 faizi sonsuzluq problemi ilə qarşılaşırsa, dövlət dəstəyi nəticəsində bu faiz xeyli aşağı salına bilər.