BolgeXeber.Com » Gündəm » Uşaq stomatoloji poliklinikasında anarxiya

Uşaq stomatoloji poliklinikasında anarxiya

13-02-2015, 10:00
Oxunub: 6 701 "Rafael Sultanov rəhbərlik etdiyi poliklinikada çalışan bütün həkimlərdən aylıq haqq yığır"

Qəzetimizin ötən saylarında biz dəfələrlə respublikamızın səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc etmişik. Məlum olduğu kimi bu gün ölkənin səhiyyə sistemində həyata keçirilən əsaslı islahatlar Azərbaycanın bu sahədə hələ də uyğunlaşa bilmədiyi beynəlxalq standartlar səviyyəsinə yaxınlaşması məqsədini güdür. Lakin etraf etməliyik ki, tibb elminin müxtəlif sahələrində dünya səviyyəsində tanınmış, görkəmli alimlərimizin, həkimlərimizin olmasına baxmayaraq ümumilikdə ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürək açan deyildir.

Redaksiyamıza yeni daxil olan məlumatlarda Bakının Nərimanov rayonunda yerləşən Uşaq stomatoloji poliklinikasında yer almış bəzi neqativ hallardan bəhs olunur. Məlumatları təqdim edən mənbə baş həkim Rafael Sultanovun rəhbərlik etdiyi bu poliklinikada vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildirir: “Poliklinikada qəribə bir vəziyyət yaranıb. Belə ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin pulsuz olduğu qanunla müəyyənləşdirildiyi halda, biz uşaq stomatoloji poliklinikasının baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli oluruq. Belə ki, pul verməyən valideynlərin uşaqlarına burada elə “xidmət” göstərilə bilər ki, sonradan yaranacaq fəsadları aradan qaldırmaq üçün bir neçə min manat xərcləmək lazım gələr. Bu vəziyyətə düşməməyin yeganə üsulu isə pul verməkdir.

Əks halda isə nə uşağa vurulan ağrıkəsici preparatların köhnə olmadığına, nə də qanaxma hallarının olmayacağına zəmanət vermək olmaz.”Digər tərəfdən isə daxil olan məlumatlarda baş həkim Rafael Sultanovun poliklinikaya işə qəbul məsələlərində də ciddi qanun pozuntularına yol verdiyi bildirilir. Nümunə kimi isə mənbə bu poliklinikanın həkimlərindən biri olan Səməd Qurbanovun işə qəbul “tarixçəsini” nəzərdən keçirməyi təklif edir. Məlumatda bildirilir ki, Səməd Qurbanov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Tibb fakültəsinin məzunu olduğu halda, uzun müddət gömrük orqanlarında işləyib. Lakin bir müddət bundan əvvəl yol verdiyi qanun pozuntuları səbəbindən işdən qovulub. Həm də həkim-gömrükçü Qurbanovun yol verdiyi bu qanun pozuntuları külli-miqdarda pul vəsaitlərinin mənimsənilməsi ilə müşayiət olunub. Mənbənin iddiasına görə bu məbləğ nə az, nə çox, düz bir milyon civarında müəyyənləşib. Məlumatda qeyd olunur ki, bundan sonra köhnə, daha dəqiq desək əsil sənətini yadına salan Səməd Qurbanov birbaşa Uşaq stomatoloji poliklinikasının baş həkiminə müraciət edib. Rafael Sultanova millətin uşaqlarının diş problemlərindən bərk narahat olduğunu bildirən Səməd həkim, bu işlə yaxından məşğul ola bilməyinin müqabilində baş həkimə 50 min manat təklif edib. Eyni problemi hər zaman özü də “xüsusi” diqqət mərkəzində saxladığından, Rafael Sultanov çox düşünmədən bu təklifi qəbul edib. Bununla da Rafael Sultanovun rəhbərliyi altında çalışan həkimlərin sayı daha bir nəfər artıb. Bu artım isə baş həkimin gəlirlərini tənzimləyən əsas amillərdən biridir. Belə ki, daxil olan məlumatlarda vurğulanan məqamlardan biri də budur ki, Rafael Sultanov rəhbərlik etdiyi poliklinikada çalışan bütün həkimlərdən aylıq haqq yığır. Amma bu zaman o, digər baş həkimlər kimi xəstələrin “cibini güdmür”. Sadəcə olaraq poliklinikanın həkimləri hər ay aldıqları maaşdan və qazandıqlarından Rafael Sultanova müəyyən edilmiş məbləğdə “haqq” ödəyirlər. Lakin baş həkimin fəaliyyətindən doğan narazılıqlar bununla da bitmir. Daxil olan məlumatlarda bildirilir ki, Uşaq stomatoloji poliklinikasında bərqərar olmuş gigiyenik durum da səhiyyə müəssisəsinə, xüsusilə də uşaq stomatologiyası üzrə ixtisaslaşmış müəssisəyə qarşı irəli sürülən tələblərə qətiyyən cavab vermir... bizimdovr.az