BolgeXeber.Com » Gündəm » Bulvardakı restoranlar iflas ərəfəsində - FOTOLAR

Bulvardakı restoranlar iflas ərəfəsində - FOTOLAR

14-02-2015, 09:10
Oxunub: 3 897 "Dünyanın ən bahalı bulvarıdır"

Milli Parkın kafelərində müştəri qıtlığı hökm sürsə də soyğunçuluq da davam edir; sahibkarlar günahı yer haqlarının bahalığında görür, müştərilər isə...
Bakı bulvarında yerləşən kafelərdə iş dayanıb. Milli Park ərazisində fəaliyyət göstərən əksər restoran və kafelərdə müştəri qıtlığı yaşanır. Buna səbəb qış fəslindən əlavə, kafelərdə qiymətlərin bahalığıdır ki, şəhər sakinlərini bulvardan uzaq salıb.

Kafe sahibləri yaz aylarında vəziyyətin yaxşılaşacağına ümid edirlər. Onların sözlərinə görə, gün ərzində tək-tük müştəri müraciət edir ki, bu da böhranlı vəziyyət kimi qiymətləndirilməlidir. Kafelərə nisbətən həftəsonu daha çox müştərinin olduğunu deyən obyekt sahibləri qeyd edirlər ki, hər qış mövsümündə bu çətinlik yaşanır. Amma bu il müştəri fəallığı daha da aşağı enib.

Restoran işlədənlər fikirləşirlər ki, ticarət mərkəzlərində yaranmış durğunluq, alıcılıq qabiliyyətinin aşağı düşməsi, eyni prosesin davamıdır və bulvardakı kafelərə də təsir edib. Sahibkarların dediyinə görə, qiymətlərin ucuzlaşması da yer haqlarının məbləğindən asılıdır.
Onlar özlərinə bu şəkildə bəraət qazandırır və aylıq icarə pulunun yüksək məbləğ olduğunu söyləyirlər. Kafedə şokoladla bir çaynik çayın qiymətinin 5 manat olduğunu bildirən obyekt sahiblərinin sözlərinə görə, vətəndaşlar daha ucuz yer axtarışındadır.

Məsələn, Bakının mərkəzindəki kafelərdə 3 manata bir çaynik və şokolad sifariş etmək olar. Doğrudur, məşhur “Araz” kafesində mürəbbəli çaynik 7 manata təklif olunur, amma ətrafdakı çay evlərində daha münasib qiymətə çay içmək mümkündür.

Bulvarda isə böhranlı vəziyyətə baxmayaraq, qiymətlərin dəyişməz olaraq qalması yer puluna bənddir. Şəhər sakinləri isə eyni çay dəstgahını və yeməyi daha ucuz qiymətə paytaxtın müxtəlif məkanlarında sifariş verməyi mümkün sayır. Dənizkənarı Bakı Bulvar İdarəsi qiymətlərin tənzimləndiyini və vətəndaşın müraciəti üçün “qaynar xətt” xidmət göstərdiyini bəyan edir. Reallıqda isə qiymətlər həddindən bahadır və hər kafedə qiymət cədvəlində fərdi yanaşma var.

Milli Parkının ərazisi ilbəil genişləndirilsə də, vətəndaşların istirahəti üçün fəaliyyət göstərən restoranların, uşaqların əyləncəsi üçün nəzərdə tutulan attraksionların xərci də böyüyür. Hökumət kafeləri, attraksionları sahibkarların ixtiyarına buraxıb, onlar da istədiyi qiymət tarifi müəyyən edirlər. Bulvar İdarəsi hər nə qədər bu məntəqələrdə qiymətlərin tənzimlənməsinə nəzarət etdiyini tez-tez söyləsə də, hər birimiz bu ünvana baş çəkəndə başqa reallığını şahidi oluruq.

Şəhər sakini Teymur Ədilov deyir ki, Bakı bulvarında bir günlük istirahət aylıq maaşından 50 manatın xərclənməsidir: “Bura bulvardır da, kasıb zümrənin də istirahəti üçün şərait yaradılmalıdır. Adi tualetdən istifadə 30 qəpikdir. Bakıda marşrutda gediş haqqı 20 qəpik olduğu dövrdə bulvar tualetində 30 qəpiklik qiymət hansı "tərəzi" ilə ölçülür, bilmirəm. Tualet xırda məsələdir. Görürsən ki, uşaqdır ”şeytan çarxı"ndan istifadə etmək istəyir. O da adambaşına 5 manatdır. Əgər bir ailədən iki uşaq bu əyləncədən istifadə etsə, 10 manat edir. İş bununla bitmir. Bulvarda mürəbbəsiz, şirniyyatsız çay verilmir. İstənilən kafedə çay dəsgahı gətirilir, azı 10-12 manat alınır. Bu da elədi 20 manat. Gəmi ilə səyahət adambaşı 2 manatdır, uşaqlar üçün 1 manat nəzərdə tutulub. Yenə də iki uşaqlı ailə 2 manat övladları, 4 manat da özləri üçün ödəməlidir. Dəhşətdir vallah. Dünyanın ən bahalı bulvarıdır".
musavat.com