BolgeXeber.Com » Gündəm » Cavid Qurbanov:“Ziya Məmmədovla bölüşəcəyim bir şey yoxdur...”

Cavid Qurbanov:“Ziya Məmmədovla bölüşəcəyim bir şey yoxdur...”

14-02-2015, 11:55
Oxunub: 5 502 Cavid Qurbanovdan sensasion açıqlamalar

“Azərbaycan Dəmir Yolları” na sədr təyinatdan öncə prezidentin qəbulunda olan Cavid Qurbanov hansı tapşırıqlar aldığını açıqladı və nəqliyyat nazirini “indiyədək aparılan islahatlar günün tələblərinə cavab vermir” sözləri ilə “vurdu”; yaxın günlərdə nazirin kadrlarının işdən çıxarılacağını deyən QSC sədrinə niyə geniş səlahiyyətlər verilib...
Cavid Qurbanovun prezidentin sərəncamı ilə “Azəryolservis” ASC-nin sədrliyindən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə təyinatı mediada ciddi müzakirə mövzusuna çevrilib. Xəbərlərə görə, bu təyinat hakimiyyətdəki ikinci məşhur soyadla qohumluğu olan C.Qurbanovu nəqliyyat naziri kürsüsünə daha da yaxınlaşdırıb. Xatırladaq ki, Z.Məmmədov da nazir kürsüsünə “Azərbaycan Dəmir Yolları”nın rəhbəri vəzifəsindən gətirilmişdi.

Z.Məmmədovun yaxın adamı, hətta “kassası” adlandırılan Arif Əsgərovun “Azərbaycan Dəmir Yolları”ndan simvolik nazir müavini postuna gətirilməsi onun nazir olmaq arzusunu birdəfəlik dəfn etdi. “Azərbaycan Dəmir Yolları”na milyardlarla vəsait ayrılmasına baxmayaraq, bu vacib nəqliyyat sahəsindən illərdir ciddi narazılıqlar vardı.

Bakı-Tiflis-Qars dəmiryolu layihəsi artıq işə düşmək üzrədir, bu həm sərnişinnəqliyyatda, həm də yükdaşımalarda Azərbaycanın Avropaya çıxışı baxımından önəmini daha da artıracaq. Dünyada neftin qiymətinin yaxın illərdə 50 dollar civarında qalacağı ilə bağlı proqnozlara rəğmən təbii ki, beynəlxalq dəmiryolu həm də külli-miqdarda büdcə vəsaiti deməkdir ki, ona nəzarət indi birbaşa C.Qurbanova həvalə edilib.

A.Əsgərov Z.Məmmədovun tam təsiri altında idi və dəmiryolu sahəsindəki ciddi korrupsiya faktları asanlıqla ört-basdır edilirdi. Lakin son təyinatla yaxın illərdə dəmir yolundan gələcək daha ciddi maliyyə vəsaitləri faktiki Z.Məmmədovun nəzarətindən çıxarılıb.

C.Qurbanov fevralın 13-də jurnalistlərlə söhbətində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə gətirilməsindən danışarkən bildirib ki, təyinatdan öncə prezident İlham Əliyevin qəbulunda olub. Onun sözlərinə görə, ölkə başçısı dəmiryolu sahəsinə aid müxtəlif tapşırıqlar verib. İlk növbədə bu sahədə keyfiyyətin Avropa standartları səviyyəsinə çatdırılması nəzərdə tutulur.



C.Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin bir sıra islahatlar, dəyişikliklər aparacağını vurğulayıb. Onun sözlərinə görə, indiyədək aparılan islahatlar günün tələblərinə cavab vermir. C.Qurbanovun bu açıqlaması hakimiyyətin Z.Məmmədovun nazir kimi işlərindən narazı olduğunun birbaşa sübutudur. C.Qurbanov deyib ki, 12 min qatarı və 2000 km dəmir yolunu dəyişdirməlidir. O zaman sual olunur: bu illər ərzində “Azərbaycan Dəmir Yolları”na ayrılmış milyardlarla vəsait kimin cibinə gedib ki, indi 12 min qatarın və 2000 km yolun dəyişdirilməsi zərurəti ortaya çıxıb? Bunun cavabını da C.Qurbanovun açıqlamasında tapmaq mümkündür. C.Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-də kadr dəyişikliyi olacağını deməklə, Z.Məmmədovun və A.Əsgərovun korrupsiya “şəriklərinin” işdən çıxarılacağını anons edib. Bu həm də o deməkdir ki, C. Qurbanova kadr islahatları ilə bağlı geniş səlahiyyətlər verilib.

Artıq belə xəbərlər var ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanov, digər müavinlər Qurban Nəzirov, İqbal Hüseynov və Etibar Niftəliyevin “şəxsi işləri” yoxlanılır. Adlarını sıraladığımız ilk üç nəfər A.Əsgərovun və nazirin yaxın adamları hesab olunurlar. İqbal Hüseynovun isə bir vaxtlar Biləcəri stansiyasında Z. Məmmədovla birgə işlədiyi deyilir. Qeyd edək ki, QSC-nin adını çəkdiyimiz müavinləri prezidentin 2010-cu il 22 fevral tarixi sərəncamı ilə vəzifəyə təyin ediliblər. Böyük ehtimalla yaxın günlərdə C.Qurbanovun müavinlərinin adları dəyişəcək. Bundan başqa Yükdaşımaları, Sərnişindaşıma, Dəmir Yollarının infrastruktur və təmir-tikinti departamentlərinin rəhbərlərinin də dəyişəcəyi gözlənilir. “Azərbaycan Dəmir Yolları” ndakı mənbəmiz deyib ki, C.Qurbanov QSC-ni Ziya Məmmədovun kadrlarından təmizləmək niyyətindədir və nazirin yaxın adamları neçə gündür böyük təlaş içərisindədirlər. “Ziya Məmmədov yaxın adamlarına deyib ki, kadr islahatları onu aşan prosesdir və bununla bağlı heç kim ona kömək üçün müraciət etməsin” deyə, qaynağımız bildirib.

Bu “təmizləmə” Z.Məmmədovla C.Qurbanovun münasibətləri mövzusunu da aktuallaşdırıb. İllərdir bu mövzudakı yazılara diqqət ayırmayan C.Qurbanov son müsahibəsində bu məsələyə də münasibət bildirib.

C.Qurbanov Ziya Məmmədovla bölüşəcəyi bir şeyin olmadığını deyərək, nəqliyyat naziri ilə şəxsi və iş müstəvisində heç bir konflikt yaşamadıqlarını vurğulayıb.

C.Qurbanovun bu mövzuya indi diqqət ayırması təsadüf ola bilməz. Çünki C.Qurbanov Azərbaycanın köhnə nəsil məmurlarındadır və yaxşı bilir ki, hər hansı bir nazirlikdə ( və ya nazirlər arasında) konflikt söhbətləri o halda meydana çıxır ki, tərəflərdən biri ya çox “şişir”, ya da çox “zəifləyir”. Bu proses sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin timisalında daha aydın görünmüşdü. O da konfliktə olduğu deyilən bir nazir həmkarı haqda “hər gün bu yazıları oxuyub birgə gülürük” demiş, amma bir neçə ay sonra aqibəti ağır olmuşdu... Z.Məmmədovun hakimiyyətdə mövqeləri hələ də güclüdür. Amma C.Qurbanov faktiki naziri olan adam haqda “bölüşəcəyi bir şeyin olmadığı” ifadəsini işlədirsə, demək hələ qarşıda daha ciddi proseslər gözlənilir...

* * *

Fevralın 13-də Meydan.TV “Ziya Məmmədov və qohumları 7,3 milyardı hara və necə xərcləyib?” başlıqlı araşdırma yazısını yayıb. Yazıda qeyd edilir ki, Z.Məmmədovun rəhbərlik etdiyi nazirlik 2005-ci ildən 2013-cü ilədək ümumi dəyəri 7.3 milyard manat olan layihələr həyata keçirib. Araşdırmada qeyd edilir ki, Z. Məmmədov bu layihələri “tenderdə qalib gələn” öz qohumlarının şirkətləri arasında bölüb. Biz o yazıda yalnız bəzi statistik rəqəmləri verməklə kifayətlənirik.

1. Qələbə meydanında (“Gənclik” metrostansiyası) müxtəlif səviyyəli yol qovşağının layihələndirilməsi və tikintisi: 2010-cu il - 225 milyon, 2011-ci il - 80 milyon, 2012-ci il - 40 milyon, 2013-cü il - 62 milyon, 2014-cü il - 5 milyon manat.

2. Neftçilər prospektində 6 ədəd və digər küçələrdə 5 ədəd yeraltı keçidlərin layihələndirilməsi və tikintisi: 2010-cu il - 37 milyon, 2011-ci il - 15 milyon manat.

3. “Bakı dairəvi avtomobil yolunun tikintisi” layihəsində Azərbaycan tərəfinin payı (21,5 km): 2005-ci il 1 milyon 773 min , 2006-ci il - 2 milyon 218 min, 2007-ci il - 12 milyon , 2008-ci il - 26 milyon 140 min, 2009-cu il - 45 milyon 600 min, 2010-cu il - 13 milyon 840 min, 2011-ci il 9 milyon 68 min, 2012-ci il - 3 milyon 310 min manat.

4. “Bakı-Şamaxı avtomobil yolunun 4 zolağa genişləndirilməsi üçün əlavə 2 zolağın tikintisi” layihəsində Azərbaycan tərəfinin payı: 2010-cu il - 1 milyon, 2011-ci il - 15 milyon, 2012-ci il - 10 milyon, 2013-cü il 20 milyon, 2014-cü il 17 milyon manat.

5. “Magistral yol II” layihəsində Azərbaycan tərəfindən payı (əlavə maliyyələşdirmə sazişi ilə birlikdə): 2009-cu il - 50 milyon, 2010-cu il - 60 milyon, 2011-ci il 90 milyon, 2012-ci il 70 milyon, 2013-cü il - 70 milyon, 2014-cü il - 15 milyon manat.

6. İsmayıllı-Lahıc avtomobil yolunun əsaslı təmiri (19 km): 2008-ci il 3 milyon, 2009-cu il 2 milyon, 2010-cu il 2 milyon, 2011-ci il 3 milyon, 2012-ci il 4 milyon, 2013-cü il 5 milyon, 2014-cü il 2.5 milyon manat.

7. «Bilgəh-Novxanı-Sumqayıt» yolunun tikintisi və tikinti altına düşən torpaq və digər obyektlərin özgəninkiləşdirilməsi: 2010-cu il - 59 milyon, 2011-ci il - 93 milyon, 2012-ci il - 80 milyon, 2013-cü il - 40 milyon manat.

8. Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni beton örtüklü avtomobil yolunun layihələndirilməsi və tikintisi: 2010-cu il - 2 milyon 500 min, 2011-ci il - 90 milyon, 2012-ci il - 40 milyon, 2013-cü il 100 milyon, 2014-cü il 20 milyon manat.

9. Heydər Əliyev Hava Limanı - Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun (19 km) 6 cərgəli hərəkət üçün yenidən qurulması: 2009-cu il - 70 milyon, 2010-cu il - 180 milyon, 2011-ci il - 120 milyon, 2012-ci il 3 milyon 837 min 900 manat, 2014-cü il 70 milyon manat.

10. Ziya Bünyadov prospektində yol infrastrukturunun yenidən qurulması: 2011-ci il - 25 milyon, 2012-ci il - 100 milyon, 2013-cü il - 42 milyon, 145.5 milyon manat.
11. Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması:

2008-ci il - 26 milyon, 2010-cu il - 10 milyon, 2011-ci il - 37 milyon, 2012 -ci il - 23 milyon.
musavat.com