BolgeXeber.Com » Gündəm » «Bu adamlar bizim həyatımızı qumara qoyublar»

«Bu adamlar bizim həyatımızı qumara qoyublar»

8-02-2012, 17:55
Oxunub: 4 088 Vasif Turan: «Məndə artıq belə bir əminlik yaranıb ki, Ekspertiza İdarəsi cinayətkarla əlbir olub bu cür rəy verib»

Xəbər verdiyimiz kimi, Bolgexeber.com saytının rəhbəri Vasif Turanın oktyabrın 7-də Qobu qəsəbəsində evinin yanması nəticəsində iki uşağını itirməsi ilə nəticələnib. Dünən isə Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsi məsələ ilə bağlı rəyini açıqlayıb. Rəydə hadisənin qısaqapanmadan baş verdiyi vurğulanıb ki, bununla da Vasif Turan razılaşmır. Bu barədə TİA.AZ-a müsahibə verən baş redaktor maraqlı açıqlamalarla diqqəti çəkib.

- Vasif bəy, Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsinin rəyini saxta hesab edirsiz. Nəyə əsaslanıb belə bir fikir irəli sürürsüz?

- Əvvəla, onu bildirim ki, bu rəyin saxta olduğunu bilmək üçün heç də dərindən araşdırma aparmağa dəyməz. Çünki Ekspertiza İdarəsinin qısaqapanmanı təyin etmək üçün 4 ay gözləməsinə gərək yox idi. Ona görə ki, qısaqapanmadan baş verən yanğını elə ekspertlər yerindəcə müəyyənləşdirə və təyin edə bilirlər. Digər tərəfdən, Ekspertiza İdarəsinin əməkdaşları cəmi iki dəfə Qobudakı evdə olublar. Birinci dəfə yanğın baş verən gün gəlmişdilər. Ümumi nəzər salıb getdilər. İkinci dəfə isə bizim israrımızdan sonra hadisə yerinə yollanıb, orada müayinə aparıblar.

Açığını deyim ki, ekspertlərin hadisə ilə bağlı bu cür rəy verəcəyini əvvəlcədən bilirdim. Ona görə ki, işinə məsuliyyətsiz yanaşan, səhlənkar, hər şeyə yalnız maddiyyat kimi baxan bir idarədən başqa bir şey gözləmək də doğru olmazdı. Eyni zamanda, bu idarə haqqında indiyə qədər bircə dəfə də obyektiv rəy verdiyinə dair məlumat eşitməmişəm.

Ortada bir yanğın və cinayət faktı var. İki uşaq dünyasını dəyişib. Hadisənin kimlərsə tərəfindən törədildiyinə dair əsaslarımı istintaqa bildirmişəm. Bu gün də həmin qənaətdəyəm. Həmçinin əminəm ki, bu mənə qarşı törədilmiş bir qəsdir. Ancaq Ekspertiza İdarəsi hər şeyi bir kənara buraxıb, yalnız maddi maraqlarını güdərək belə bir addım atıb. Və mən bu işi bu şəkildə buraxmayacam.

- Ekspertlər ilk gələndə aranızda hər hansı bir söhbət oldumu?

- Doğrusu, ekspertlər ilk dəfə hadisə yerinə gələndə başdansovdu bir müayinə apardılar. Həmin vaxt onlarla qısa bir söhbətimiz oldu. Mənə inandırmağa çalışırdılar ki, yanğın qısaqapanmadan baş verib. Hətta bunun üçün evin müəyyən istiqamətlərini belə göstərirdilər. Nəhayət, mən onlardan konkret yer göstərmələrini istədim. Elə bir yer göstərdilər ki, evin həmin hissəsində ümumiyyətlə, elektrik xətti olmayıb.Bunları deməkdə məqsədm odur ki, verilən rəyin saxta olduğunu təsdiq edən onlarla açıq və qapalı səbəblər var. Və məndə belə bir fikir yaranıb ki, hadisəni törədən şəxslər işi ört-basdır etmək üçün Ekspertiza İdarəsinə rüşvət veriblər.

Dünən belə bir xəbər də eşitmişəm ki, «Eurovizion» yarışması ilə bağlı hökumət nümayəndələri jurnalistlərlə bağlı cinayətlərin daha qabarıq şəkildə hallanmasını istəmirlər. Bakıya gələcək 1000-dən artıq xarici jurnalistin bu məsələdən xəbər tutmaması üçün atılan bu addımın hansı mahiyyət daşıdığını deməyə gərək yoxdur. Başına faciə gəlmiş jurnalistlərdən biri də mənəm. Deməli, bu cinayətin üzdə olmaması və ictimailəşməməsi üçün ən optimal yol onun ört-basdır edilməsidir ki, bunu da həyata keçirirlər.

- Yəni, o qədər əminsiziniz ki, belə hal baş verə bilər?

- Niyə də baş verməsin. Bura Azərbaycandır. Hər şeyin alınıb-satıldığı bir ölkədə azmı cinayətlər ört-basdır edilib? Həmin cinayətlərdən biri də mənim başıma gələnlərdir. İki uşağımın dünyasını dəyişməsini ört-basdır etmək belə çətindir ki? Arxası olmayan jurnalistə bunu edənlər, yəqin ki, cinayəti gizlətmək və ya ört-basdır etmək üçün də gücə malikdirlər. Ancaq hər nə qədər güclü olsalar belə, mən uşaqlarımın qanını yerdə qoymayacam. Ömrümün sonuna kimi də olsa, bu cinayəti törədənləri tapıb ədalətə təslim edəcəm.

Diqqət edin, evim yanır, iki uşağım qapının düz arxasında yıxılaraq dünyalarını dəyişiblər. Halbuki evdən çıxdığımız vaxt heç zaman qapını arxadan bağlamırdıq. Amma uşaqlar qapıya qədər gəldikləri halda onu aça bilməyiblər. Həmçinin Qobudakı evin pəncərələri plastikdən olub ki, hündürlüyü də böyük olmayıb. Uşaqlar o qədər körpə olmayıblar ki, pəncərədən belə çıxa bilməsinlər. Bu necə mümkün ola bilər? Belə çıxır ki, ya qapı arxadan bağlı olub, ya da uşaqların əl-qolunu bağlayıblar ki, evdən çıxa bilməsinlər. Mən hələ yanğından əvvəl mənə və ailəmə edilən təhdidləri dilə gətirmirəm. Bu barədə istintaqa da məlumat vermişəm və araşdırmalar da aparılıb. Aydın görünür ki, ortada cinayət var. Sadəcə, həmin cinayətkarın tapılmasını istəməyən qüvvələr var.

- İstintaqla bağlı fikirləriniz nədir? Sizcə, FHN-in İstintaq İdarəsi sizə qarşı qərəzli ola bilərmi?

- Müstəntiq Qəhrəman Məmmədovla bu məsələ ilə xeyli söhbətlərimiz olub. Ona sayğım və hörmətim var. Bir araşdırmaçı olaraq əlindən gələni etməyə çalışdı. Amma onun aparacağı istintaq işi Ekspertiza İdarəsinin rəyindən daha çox asılı idi. Həmin rəydən sonra hüquqi prosedur işin bağlanmasını tələb edirdi ki, bunu da müstəntiq həyata keçirmək məcburiyyətindədir. İndiyə qədər istintaq orqanlarından tutarlı bir şikayətim olmayıb. Narazılıqlarım olub ki, onu da diqqətlərinə çatdırmışam.

Bu rəyi verənlər əslində, elə bir cinayətə əl atıblar ki, onun izahı yoxdur. Həm iki uşağımın qanını batırırlar, həm də bir ailənin müqəddəratı ilə oynayırlar. Bizim həyatımızı ucuz bir əşya kimi satışa çıxararaq, cinayətkarların əlinə oynamaq o deməkdir ki, bu insanların nə vicdanı, nə əqidəsi, nə də şərəfi var. Bu adamlar anlamırlar ki, cinayətkarın tapılması bir ailənin ən azından qismən də olsa, təskinlik tapmasına səbəb olacaq. Onlar anlamırlar ki, bu gün tapmadıqları və ya tapmaq istəmədikləri cinayətkarlar sabah mənə və həyat yoldaşıma da qəsd edə bilərlər. Yəni, bizim həyatımızı açıq şəkildə qumara qoyublar.

- Bundan sonra hansı addımı atacaqsız?

- Bundan sonra atacağımız addımları artıq vəkilimizlə müəyyənləşdirməyə başlamışıq. Şübhəsiz, hər şey məsləhətli şəkildə baş verəcək. Baş Prokurorluğa müraciət etmək niyyətimiz var. Ardından Ekspertiza İdarəsini məhkəməyə verməyi düşünürük. Alternativ ekspertiza təyin etmək üçün fəaliyyətə başlamışıq. Bütün bunlarla yanaşı, beynəlxalq təşkilatlara müraciət edərək, onlardan bu işə obyektiv baxılması üçün yardım istəyəcəyik. Yəni, əlimizdən nə gəlirsə, onu edəcəyik ki, bu cinayətin üstü açılsın.