BolgeXeber.Com » Gündəm » 54, 59, 63 və 73 saylı dairələrdə vəziyyət necədir?

54, 59, 63 və 73 saylı dairələrdə vəziyyət necədir?

21-10-2010, 01:50
Oxunub: 4 597
Seçiciləri Tahir Sülyemanov, Əliağa Hüseynov, Qiyas Sadıqov və Rüfət Quliyevi deputat görmək istəyir

Xəbər verdiyimiz kimi, Bolgexeber.com saytı ayrı-ayrı seçki dairələrində sorğu keçirərək, seçicilərin hansı namizədi dəstəklədiyini müəyyən etməkdə davam edir. Bu dəfə saytımızın əməkdaşları 73 saylı Lənkəran şəhər, 59 saylı Salyan, 54 saylı Şabran-Siyəzən və 63 saylı Sabirabad birinci seçki dairələrində favorit namizədləri müəyyənləşdirməyə çalışıb. Hər dairədə eksperiment olaraq 3 məntəqə götürülüb. Hər məntəqədə isə 200 respondent sorğuda iştirak edib. Favorit namizədləri sizlərə təqdim edirik.

59 saylı Salyan seçki dairəsi.

Bildirək ki, Salyanda keçirdiyimiz sorğu əsasən 20 Yanvar, Ə.Quliyev küçələrində və Şorsulu kəndində keçirilib. 200 respondent arasında keçirilən sorğunun nəticələrinə görə, deputatlığa namizədi Əliağa Hüseynov birinciliyi qazanıb. Sorğuda iştirak edənlərin 83 faizi generalı deputat olaraq görür.

73 saylı Lənkəran şəhər seçki dairəsi.

Cənub bölgəsinin mərkəzi sayılan Lənkəran şəhərində yerləşən 73 saylı dairədə də nümunə olaraq 3 məntəqə seçdik. Nəsimi və 28 May küçələrində, həmçinin Şəhidlər Xiyabanında apardığımız sorğu nəticəsində məlum olub ki, Lənkəran şəhər seçki dairəsindən əksəriyyət Rüfət Quliyevi yenidən deputat olaraq gördüklərini bildiriblər. Münasibət bildirən 200 nəfərdən 68 faizi belə hesab edir ki, Rüfət Quliyevin Lənkəran üçün gördüyü işlər qənaətbəxşdir və onun yenidən deputat seçilməsi bir çox problemlərin həllini tezləşdirəcək.

54 saylı Şabran-Siyəzən seçki dairəsi.

Bolgexeber.com saytının əməkdaşları həmçinin 54 saylı Şabran-Siyəzən seçki dairəsində də seçicilərin kimi deputat görmək istədiyini müəyyənləşdirməyə çalışıb. 200 nəfər arasında keçirilən sorğuda iştirak edənlərin 64 faizi Tahir Süleymanovun yenidən deputat seçilməsinə tərəfdar olduqlarını açıqlayıblar. Sorğu dairənin Heydər Əliyev prosepekti, Koroğlu və Üzeyir Hacıbəyov küçələrində keçirilib.

63 saylı Sabirabadl birinici seçki dairəsi.

Sözügedən seçki dairəsində də analoji qaydada 3 məntəqədə sorğu aparmışıq. Bir qayda olaraq 200 nəfər arasında keçirilən sorğu əsasən Sabirabad şəhərinin Füzuli, Məmməd Xəlilov və Vidadi küçələrində yaşayan seçiciləri əhatə edib. Aparılan sorğu nəticəsində məlum olub ki, respondentlərin 65 faizi KXCP-nin namizədi Qiyas Sadıqova dəstək verirlər. Maraqlı məqam isə odur ki, bu dairədə bəzi yerli məmurlar başqa bir namizədə dəstək verdikləri halda, Qiyas Sadıqov seçicilərin rəğbətini qazanıb.

P.S. Nəzərinizə çatdıraq ki, bolgexeber.com saytı hal hazırda digər dairələrdə də sorğular keçirərək, favorit namizədləri müəyyənləşdirməkdə davam edir. Mütəmadi olaraq sorğunun nəticələri ilə bağlı oxucularımıza məlumat verməyə çalışacağıq.