BolgeXeber.Com » Gündəm » İlham Əliyev: “Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü, ən peşəkar, ən mübariz ordudur”

İlham Əliyev: “Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü, ən peşəkar, ən mübariz ordudur”

21-10-2010, 11:50
Oxunub: 6 685

“Ermənistandan fərqli olaraq, biz heç bir başqa ölkədən asılı, heç bir başqa ölkə qarşısında gözükölgəli deyilik, heç kimə yalvarmırıq”

“Bu ilin dövlət büdcəsində hərbi xərclər xüsusi yer tutur. Bu, birinci il deyil ki, Azərbaycanın hərbi xərcləri xərclər arasında birinci yerdədir. Bu, təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq və ordu quruculuğu prosesinin sürətləndirilməsi, gücləndirilməsi üçün Azərbaycan dövləti əlindən gələni edir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev azirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Ordusu bölgədə - Cənubi Qafqazda ən güclü, ən peşəkar, ən mübariz ordudur və hökumət biz bu istiqamətdə aparılan işləri davam etdirəcək: “Gələn il bizim bütün hərbi xərclərimiz 2 milyard 500 milyon manat səviyyəsində olacaq ki, bu da 3 milyard dollardan çoxdur. Nəzərə alsaq ki, torpaqlarımızı işğal altında saxlamağa davam edən Ermənistanın bütün dövlət büdcəsi 2 milyard dollardan bir az çoxdur, görərik ki, Azərbaycanın hərbi xərclərinin Ermənistanın bütün xərclərindən üstün olması ilə bağlı vaxtilə qarşımıza qoyduğumuz vəzifə artıq həll olunub və bu gün bu, reallıqdır. Zaman keçdikcə əlbəttə ki, biz bütün xərclərimizi, o cümlədən müdafiə xərclərimizi daha da artıracağıq. Ermənistandan fərqli olaraq, biz bunu öz pulumuzla edirik, heç bir başqa ölkədən asılı deyilik, heç bir başqa ölkə qarşısında gözükölgəli deyilik, heç kimə yalvarmırıq. Ermənistandan fərqli olaraq, iqtisadiyyatımızı, ordumuzu Azərbaycan xalqının iradəsi və zəhməti hesabına qururuq. Xalqımızın zəhməti hesabına qazanılmış gəlirlər Azərbaycan üçün ən vacib olan ordu quruculuğu sahəsinə yönəldilir. Biz gələcəkdə də bu işləri davam etdirəcəyik. Torpaqlarımız işğal altındadır. Biz çalışırıq və çalışacağıq ki, tezliklə bu işğala son qoyaq”.

Prezident İlham Əliyev ATƏT-in qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərindən də danışıb. Onun sözlərinə görə, beş il bundan əvvəl işğal altındakı ərazilərə səfər edən ATƏT-in faktaraşdırıcı missiyası tərəfindən hazırlanmış hesabat açıq-aydın göstərirdi ki, erməni qəsbkarları, erməni vandalları hansı cinayətlər törədiblər: “Bu günlərdə həyata keçirilən missiya əlbəttə ki, həm müqayisə aparmalı, eyni zamanda, orada baş verən dağıntıları, cinayətləri öz hesabatında bir daha əks etdirməlidir. Mən ümid edirəm ki, missiyanın hesabatı ədalətli, obyektiv olacaq, balanslaşdırılmış olmayacaqdır.

Çünki danışıqlar prosesində bir çox hallarda vasitəçilər fəaliyyətini balanslaşdırılmış yanaşma ilə qururlar. Ancaq bu sahədə heç bir balanslaşdırmadan söhbət gedə bilməz. Çünki bu, bizim torpağımızdır, orada bütün binalar ermənilər tərəfindən dağıdılıb, bir dənə daş üstə daş qalmayıb, bütün tarixi abidələrimiz, məscidlərimiz, evlər dağıdılıb və talan edilib. Bütün bunlar erməni vandalları tərəfindən törədilib. Orada bütün maddi dəyərlər erməni talançıları tərəfindən oğurlanıb və dağıdılıb.İşğal edilmiş ərazilərdə törədilən cinayətlər erməni faşizminin vəhşi sifətini göstərir. Biz bunu bilirik və çox müsbət haldır ki, dünya birliyi bu barədə bir daha məlumat alacaqdır. Mən çox ümid edirəm və bir daha demək istəyirəm ki, bu hesabat obyektiv olsun və reallıqları əks etdirsin. Budəfəki missiyanın xüsusiyyəti bir də ondan ibarətdir ki, onun tərkibinə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri də daxil edilib. Bu, çox vacib haldır, həm siyasi, həm də praktiki cəhətdən. Ümid edirəm ki, biz yaxın zamanlarda bu hesabatla tanış olacağıq”.