BolgeXeber.Com » Gündəm » Mahir Quliyevin «özəlləşdirdiyi» rayon

Mahir Quliyevin «özəlləşdirdiyi» rayon

9-03-2012, 04:45
Oxunub: 6 548 Biləsuvarda sakinlər problemlərdən cana doyublar; İcra başçısı minlərlə hektar torpaq sahəsində sarmısaq əkdirir; Həbs olunan litsey direktorunun arxasından isə şöbə müdiri çıxdı

Müstəqil Media İnstitutu (MMİ) daha bir rayonda monitorinq keçirib. Bolgexeber.com xəbər verir ki, İnstitutun Biləsuvar rayonu ilə bağlı hazırladığı hesabatda oradakı problemlərin məcmusu əks olunub. Rayonla bağlı əks olunmuş problemlərin bir qismini sizlərə təqdim edirik.

Biləsuvarı kim idarə edir?

Biləsuvar rayonu İranla sərhəddə yerləşən və strateji əhəmiyyət daşıyan bir yaşayış məntəqəsidir. Normal dövlətlərdə belə rayonların rəhbərliyi daha operativ və ayıq olmalıdır ki, təxribatlar və təhlükəli olaylar baş verməsin. Amma Biləsuvarda deyilənlərin tam tərsi hakimdir. Çünki rayonun icra başçısı Mahir Quliyevi bir gün rayonda, başqa gün isə Bakıda olur.

Bəs, rayonu kim idarə edir? Bu maraqlı sualla bağlı Biləsuvarda apardığımız araşdırmalar və müşahidələr nəticəsində məlum oldu ki, icra başçısı Mahir Quliyev kağız üzərində rayona rəhbərlik edir. Əsl həqiqətdə isə bütün işləri «dana oğrularının dayısı» adını qazanmış müavini aparır. Akif Kazımovun belə bir ayama sahibi olması isə səbəbsiz deyil. 85 yaşı olan müavinin bu yaxınlarda qohumları, hətta bacısı uşaqları dana oğurluğuna görə həbs olunmuşdular. Bu məsələnin üstü isə rayon sakinlərinin şikayətindən sonra açılmışdı. Bununla bağlı həm Biləsuvar, həm də Salyan rayon Polis Şöbəsinin əməkdaşları ayrı-ayrılıqda əməliyyat keçirərək, müavinin bacısı uşaqlarını həbs etsələr də, Akif Kazımovun işə qarışmasından sonra onları azad ediblər. Elə o vaxtdan müavinə «dana oğrularının dayısı» deyilir.

Biləsuvarlılar isə Mahir Quliyev haqqında deyirlər ki, onu zorla bu rayona icra başçısı göndəriblər. Ona görə ki, Quliyevi rayonda tapmaq müşkül məsələdir. İstisna hallarda iş yerində olur ki, bu zaman onun qəbuluna düşmək barədə düşünməyə belə dəyməz. Rayondakı bütün işləri həyata keçirən 85 yaşlı müavin isə artıq yeriyə bilmir. Bəzi iddialara görə, Akif Kazımovu işə qucaqda gətirirlər.

Litsey rəhbərinə kim himayədarlıq edib?

Bu günlərdə məlumat yayıldı ki, Təhsil Nazirliyinin Biləsuvar Peşə Liseyinin direktoru Teymur Poladov həbs olunub. Korrusiyaya Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində məlum olub ki, Poladov tələbələrin təqaüdlərini mənimsəməklə məşğul olub. Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, liseyin direktoru vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2010-cu ilin sentyabrında liseydə təhsil alan 335 tələbəyə hər ay dövlətin verdiyi təqaüdü, tələbələrin adlarına rəsmiləşdirib qanunsuz olaraq özündə saxladığı bank kartlarından istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talayıb.

Peşə liseyinin inzibati binasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Teymur Poladovun gödəkçəsinin cibindən tələbələrə məxsus 10 ədəd “Viza elektron” plastik kartları və cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra sənədlər aşkar edilərək götürülüb. Qardaşı Seymur Poladovun Bakı şəhərində yaşadığı mənzilindən liseyin tələbələrinə məxsus 325 ədəd "Viza elektron" plastik kartları aşkar edilib.

Rayonda isə deyirlər ki, Teymur Poladov bu işdə tək olmayıb. Deyilənlərə görə, bu işdə onun əsas himayədarı rayon icra hakimiyyətinin humanitar məsələlər üzrə şöbəsinin müdiridir. Belə ki, litsey direktoru təkcə tələbələrin təqaüdündən deyil, həmçinin digər işlərdən də əldə etdiyi qazancları şöbə müdiri ilə bölürmüş.

Ümumilikdə götürdükdə isə Biləsvuarda təhsilin səviyyəsi bərbad gündədir. Bunu bu yaxınlarda baş vermiş bir hadisə də təsdiqləyir. Hətta Prezident Admnistrasiyasında da bilirlər ki, təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov nə işlə məşğuldur.

Belə ki, bu yaxınlarda Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında ötən ilin yekunlarına dair hesabat iclası keçirilib. İclasa rayon rəhbərliyində təmsil olunan şəxslərin iştirakı ilə yanaşı Biləsuvardan deputat seçilən Xanhüseyn Kazımlı və rayonun Prezident Administarsiyasından (PA) kuratoru Vəfadar Quliyev də qatılıb. İclasda rayonda gedən təmir-tikinti, quruculuq işlərindən ağız dolusu danışılıb.

Balaqardaş Kazımovla, Gənclər idman idarəsinin rəisi Xalid Rüstəmov çıxış edən zaman kurator onların çıxışını kəsib. Adlarıçəkilən şəxslərə ötən il ərzində görülən işlərlə bağlı suallar verib. Heç bir iş görməyən, büdcədən ayrılan pulları dağıtmaqla məşğul olan şəxslər aciz durumda qalıblar. Bu isə kuratorun hiddətinə səbəb olub.

Sürücülərin qorxduğu yer

Biləsuvarda sürücülərin qorxduğu yerlər də varmış. Sən demə, rayonun mərkəzindən keçən və Bakı-Astara şossesinin əsas qollarından biri olan Heydər Əliyev küçəsi bərbad haldadır. Bazarın qarşısından uzanan yoldan maşınla keçmək isə hər oğula nəsib olmayan işdir. Çünki səhərdən axşama qədər darısqal və bərbad şəkildə olan yoldan keçmək üçün saatlarla gözləmək lazım gəlir.

Yerli DYP əməkdaşlarını isə oradakı vəziyyət qətiyyən maraqlandırmır. Vətəndaşların şikayət etməsinə baxmayaraq, onlar mümkün qədər bu qarışıq ərazidən uzaq qaçırlar. Onları maraqlandıran Biləsvuar Gömrük Keçid Məntəqəsinə gedən yol maraqlandırır. Çünki orada pul qazanmaq daha asandır. Kiçik bir radar aləti kifayət edir ki, iranlı və yerli sürücülərdən «şirinlik» qopara bilsinlər.

3 mərtəbəli binanın yerində park tikmək ideyası

Hesabatda bildirilir ki, şəhərin mərkəzində İcra Hakimiyyəti ilə üz-üzə yerləşən 3 mərtəbəli binabakı bütün dövlət qurumlarını çıxararaq, onları didərgin salıblar. Səbəbi də budur ki, binanı söküb yerində isə park salmaq istəyirmişlər. Hətta bunun üçün bir sıra hazırlıq işləri də həyata keçirilib. Maraqlı hal odur ki, bu binada VVAQ, Təhsil Şöbəsi və digər dövlət qurumları məskunlaşıbmışlar. Ancaq icra başçısı Mahir Quliyevin göstərişini icra etməkdən başqa çıxış yolu qalmayıb. Ta o vaxta kimi ki, Bakıdan qəti tapşırıq gəlib.

Dəqiqləşdirilmiş məlumatlarda vurğulanır ki, Bakıdan gələn bir qrup nümayəndə məsələdən hali olan kimi, prosesi dayandırmağı tələb ediblər. İcra başçısı Mahir Quliyev də vəziyyətin pis olduğunu görərək, işçilərinin üstünə çığırmağa başlayıb. Hətta deyib ki, «bu cəfəng fikir kimin olub». Hərçənd hamı bilir ki, binanın sökülməsi ideyası ona məxsusdur, amma kimsə səsini çıxarmayıb. Amma onlara bildirilib ki, söküntüdən sonra həmin otaqlarda oturmaq mümkün deyil və bu səbəbdən də hər bir idarə özünə aid olan hissəni təmir etdirməlidir.

Bəzi bilgilərə görə, təmir üçün dövlət büdcəsindən vəsait ayırılması nəzərdə tutulub. Hətta Bakıdan gələn komissiya da buna razılıq verib. Ancaq icra başçısı göstəriş verib ki, hər bir müəssisə öz hesabına bu işi həyata keçirməlidir.

Arxivə göndərilmiş dövlət proqramları

Biləsuvar camaatının ciddi torpaq problemi də var. Vəziyyət belədir ki, əkinçiliklə məşğul olan rayon sakinləri ciddi maddi və texnika sıxıntıları yaşayırlar. Bununla bağlı nəzərdə tutulmuş dövlət proqramları isə bu rayonda işləmir.

Hazırda rayonda vətəndaşlara icarəyə verilmiş dövlət torpaqlarında ayrı-ayrı adamlar əkinçiliklə məşğuldurlar. Adı icarə müqaviləsində olan şəxsləri isə yaxına belə buraxmırlar. Mahir Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün min hektardan çox torpaq sahəsi ayırtdırıb. Orada taxıl, qarpız və sarmısaq əkdirir. Onunla yanaşı, müavinlər və şöbə müdirləri də ənənəvi şəkildə torpaqları ələ keçiriblər.

Kənd sakinləri bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə Bakıya müraciət etsələr də, onların dərdinə əlac edən yoxdur. Şoran torpaqlarda əkinçiliklə məşğul olmağın heç də asan olmadığını bildirən biləsuvarlılar dövlət proqramlarından yararlanmaq istəyirlər. Amma kimsə onların müraciətlərinə əhəmiyyət vermir.

Pulsuz xəstənin vay halına

Biləsuvardakı mərkəzi xəstəxananın durumu isə Göyçaydakından daha yaxşıdır. Bir müddət əvvəl təmir olunaraq, istifadəyə verilmiş xəstəxanasında iki əsas problem var - kadr problemi, yəni həkimlərin təcrübəsizliyi və rüşvət.

Sakinlər deyirlər ki, mərkəzi xəstəxanada müasir tibbi avadanlıqlar olsa da, onlardan istifadə etməyi bacaranların sayı məhduddur. Bacarıqlı və savadlı həkimlər isə bir qədər püxtələşəndən sonra rayonu tərk edərək, Bakıya üz tuturlar.

Biləsuvarlılar deyirlər ki, rayonda xəstələrin pulu olmasa, xəstəxanaya üz tutmağın mənası yoxdur. Binaya girəndən çıxana qədər pul tələb edən həkimlərin əlindən çoxları ya İrana, ya da Bakıya üz tuturlar.

Muğam Teatrının yerində ticarət mərkəzi

Rayonda işsizlik problemi yetərli qədərdir. Bir zamanlar fəaliyyət göstərən idarə və müəssisələrin əksəriyyəti işləmir. Ona görə də, rayon sakinləri güzaranlarını qurmaq üçün ticarətə baş vurublar. Elə bu səbəbdəndir ki, hətta mədəniyyət obyektlərinin yerində ticarət mərkəzləri tikilib. Vaxtıyla Muğam Teatırı kimi fəaliyyət göstərən bina hazırda yoxdur. Onun yerində isə mağaza tikiblər.

«6 ay sənin, 6 ay mənim» prinsipi

Biləsuvarlıların şikayətçi olduğu əsas sahələrdən biri də ünvanlı sosial yardımla bağlıdır. Əhalisinin böyük bir qismi kasıb olan rayonda dövlətin yardımına ehtiyacı olanlar çoxluq təşkil edir. Amma yerli qurumların qoyduğu şərtlər tamam fərqlidir.

Bildirək ki, ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşın qarşısını ilk gündən tək şərt qoyulur. Həmin şərt də ondan ibarətdir ki, hər şey sənədləşdirilir və pul ayrılır. Amma alınacaq pulun 6 ayı Sosial Müdafiə Mərkəzinin rəhbərinə, yerdə qalan 6 ayı isə vətəndaşa məxsus olacaq. Əks təqdirdə, ünvanlı sosial yardım almaq istəyən vətəndaşın arzusu elə ürəyindəcə qalır.

Şükür Mirzəyevin qaz «bazarı»

Biləsuvarda rayonun mərkəzinə təbii qaz xətləri çəkilsə də, kəndlər «mavi yanacaq»dan məhrumdurlar. Məsələn, Yusif Hacıyev küçəsində maye qazı qətrə-qətrə verilir. Biləsuvar rayon Qaz İstismar İdarəsinə (Qİİ) üz tutanlara 2-3 günlük qaz verilir. “Yusif Hacıyev küçəsinə qaz zəif gəlir, bir dənə qazpaylayıcı qurğu qoyublar. İki gündür soyuqdan qırılırdıq, şikayət elədik, gətirdilər qazpaylayıcı qoydular. 15-20 gündür qoyulub, ancaq yenə qaz yoxdur”, - deyə sakinlər bildirirlər.

Qİİ rəisi Şükür Mirzəyevin adı isə bir sıra qalmaqallarda hallanır. Məsələn, Səməd Vurğun küçəsindəki binalara 2005-ci ildə əhalinin vəsaiti hesabına idarə tərəfindən qaz xətti çəkilib. Sakinlər 2010-cu ilin oktyabrına kimi isə hər ay işlətdikləri mavi yanacağa görə pulu idarənin Seyfəddin adlı işçisinə ödəyiblər və əllərində bunu təsdiq edən qəbzlər var. Sakinlər deyirlər ki, bu vaxta kimi mənzillərə qaz sayğacı quraşdırılmadığından ödəmə Seyfəddinin tələbinə uyğun formada aparılıb. 2010-cu ilin oktyabrında isə binaya yeni qaz xətti çəkilib və 10 noyabr tarixinə kimi isə sayğaclar quraşdırılıb.

Şükür Mirzəyev buna görə binada yaşayan hər bir ailədən 30 manat pul alıb. Alınmış pula görə heç bir qəbz verilməyib. Təxminən 10-12 gün binaya qaz verildikdən sonra sakinlərə heç bir xəbərdarlıq edilmədən təbii qazın nəqli dayandırılıb. Həmin xətləri isə idarə rəsinini ən yaxın adamları olan Mahir və Fərhad kəsiblər. Tələb də bu olub ki, adambaşına yenidən 10 manat pul yığıb verməsələr, xətt qoşulmayacaq.

Bununla bağlı hətta sakinlər Mirzəyevin qəbulunda da olublar. O isə bildirib ki, həmin ünvanda yaşayan hər bir ailə idarəyə 600-800 manat borcludur. Ancaq bu borcun necə yarandığını bilən tapılmır.

18 dükanın qarşısına çəkilmiş hasar

Biləsuvarlı sahibkarların da dərdi böyükdür. Çünki icra başçısı Mahir Quliyev Biləsuvar-Astara yolunun kənarında yerləşən və təqribən 18 sahibkara məxsus olan obyektlərin qarşısını hasarlatdırıb. Bununla da rayondakı bir qrup sahibkarı çörəksiz qoyub.

Həmin sahibkarlardan bir neçəsi deyir ki, 17 ildir orda sahibkarlıqla məşğul olurlar. Dükanları da öz vəsaitləri hesabına inşa etdiriblər. Mahir Quliyev təyinat alandan sonra əvvəlcə işıq xətlərini kəsdirib, işıq dirəklərini sökdürüb ki, yeni işıq xətti çəkəcək. 3 ay obyektlər işıqsız qalıb. Sahibkarlar vəziyyətdən çıxmaq üçün özləri yeni elektrik xətti çəkidirmək məcburiyyətində qalıblar.

İndi isə 3 aydan çoxdur ki, obyektlərin qarşısından hasar çəkib. Obyektləri yoldan 35 metr aralıdadır, başçı isə yoldan 4 metr kənarda 3 metr hündürlüyündə hasar çəkdirib. Obyektlər qalıb hasarın arxasında. Obyektlərə piyada xətti də qoymayıb. Piyada xəttinə sahib olmaq istəyən sahibkarlardan isə İcra Hakimiyyətindən pul istəyirlər.

***

Bu yazını MMİ-nin rayonda olduğu 5 gün ərzində hazırladığı hesabatın böyük ixtisara salıb sizə təqdim etdik. Qarşıdakı günlər də hesabatda əks olunan digər məlumatları da sizlərlə bölüşəcəyik. Çünki rayonda həllini tapmayan və gözügörüləsi problemlər çoxdur...