BolgeXeber.Com » Gündəm » Azərbaycanda polis mayoru “odnoklassnik”dəki sevgisinə görə işdən qovuldu

Azərbaycanda polis mayoru “odnoklassnik”dəki sevgisinə görə işdən qovuldu

9-04-2012, 17:05
Oxunub: 7 912 Azərbaycanda indiyədək rast gəlinməyən maraqlı hadisə baş verib

Belə ki, Binəqədi rayon Polis idarəsinin əməkdaşı “odnoklassniki.ru” sosial şəbəkəsində tanış olub isti münasibət qurduğu xanımın şikayəti əsasında işdən qovulub. Bu barədə Yukselis.info-ya “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Prezidenti, hüquq müdafiəçisi və polisdən şikayətçi olan əcnəbi xanımın qanuni nümayəndəsi Elçin Məmməd məlumat verib. Onun bildirdiyinə görə, Özbəkistan vətəndaşı Masturaxan Seyidcabbor bu il fevralın 12-də Daxili İşlər Naziri Ramil Usubova, Baş Prokuror Zakir Qaralova və Milli Təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edərək Binəqədi rayon polis idarəsinin əməkdaşı Elxan Ələkbərov tərəfindən hüquqlarının pozulduğunu iddia edib. Belə ki, M. Seyidcabbor şikayət ərizəsində göstərib ki, “Təxminən 1,3 il əvvəl internetdə, «odnoklassnik»də Bakı şəhərindən olan Ələbkərov Elxan Fərhad oğlu ilə tanış olmuşdum. Sonradan onunla internet vasitəsilə münasibətlərimiz yarandı və bu münasibətlər çox ciddi hala gəlib çıxdı. Elxan Ələkbərovla bu münasibətlərimizin nəticəsində mənə təklif etmişdi ki, onunla ailə həyatı qurum. Lakin, mən onun həyat yoldaşının və 3 uşağının olduğunu bildiyimdən ona etiraz etdim və bildirdim ki, onun ailə həyatı qura bilmərəm.

13 yanvar 2011-ci il tarixində bir günlük Bakı şəhərinə gəldim və onu görərək geriyə qayıtdım. Mənimlə internet vasitəsilə yazırdı ki, həyat yoldaşı da razıdır və mənim Elxanın həyat yoldaşı olmağımı qəbul edə bilər. Həmin ilin avqust ayında yenidən Bakı şəhərinə gəldim və onun ailəsi ilə tanış oldum, sonra Özbəkistan Respublikasına qayıtdım.

Bütün bu müddət ərzində Elxanla internetdə və mobil telefonla daima əlaqə saxlayırdıq. Hər dəfə də bildirirdi ki, mənsiz qala bilmir və məni sevir. 2011-ci ilin noyabr ayında mənə internet vasitəsilə mesaj yazdı ki, qumarda pul uduzub və 10.000 ABŞ-dolları pul lazımdır. Bu mesajı oxuduqdan sonra aramızda mübahisələr başladı və ona bildirdim ki, mən səni belə tanımırdım, səninlə mənimki tutmaz. Ondan xahiş etdim ki, yaxşılıqla və sivil qaydada ayrılaq.
Sonradan mənə yazdı ki, məni yoxlayırmış və heç bir qumarda uduzmayıb. Daha sonrakı mesajlarında bildirdi ki, avtomobil almaq istəyir. Gah yazdı ki, torpaq almaq istəyir və pul bu məqsədlərlə ona lazımdır. Lakin, mən ona pul göndərmədim və bundan sonra münasibətlərimiz daha da gərginləşməyə başladı.

Bu məqsədlə 2011-ci ilin dekabr ayında Bakı şəhərinə gəldim ki, Elxan Ələkbərovla münasibətlərimizi sonuncu dəfə aydınlaşdıraq və bir daha məni narahat etməsin. Dubay şəhərinə qayıtdıqdan sonra mənə naməlum qadın tərəfindən internet vasitəsilə mesajlar gəlməyə başladı və həmin qadın mənə alçaldaraq mesajlar yazırdı. «Mən Elxanın sevgilisiyəm və sən axmaqsan ki, Elxanı atmısan» və s. nalayiq sözlərlə mesajlar yazırdı. Hətta elə şeylər yazırdı ki, bunları yalnız Elxanla mən bilirdim. Mən də ona cavab yazırdım ki, “bəsdir bu mesaclardan əl çək və məni rahat burax”.

Ona bildirdim ki, əgər bu məsələləri dayandırmasan Bakı şəhərinə gələcəm və aidiyyatı orqanlara müraciət edəcəm. O, isə mənə cavab yazırdı ki, “Bakı şəhərinə gəl və sənə bayraq təqdim edəcəyəm və hara istəyirsən şikayət edə bilərsən, səni heç kim eşitməyəcək” Təhdid mesajları yazmağa davam edirdi və mən də öz növbəmdə bildirdim ki, 2-3 günə Bakıya gələcəm.

16 yanvar 2012-ci il tarixdə Bakı şəhərinə gəldim və Elxanın mobil nömrəsinə mesaj yazdım ki, Bakıdayam. Sənə sevgili deyən tanış qadınını saxla və şikayət etməyim. Lakin, Elxandan mənə cavab gəlmədi. Bir neçə gün gözlədim, ancaq Elxan yenə də cavab vermədi. Bundan sonra 23.01.2012-ci il tarixdə, Elxan Ələkbərovun işlədiyi Binəqədi Polis İdarəsinə getdim və onun xidməti otağına daxil oldum. İçəri girdikdən sonra onunla sözlə mübahisə etdik və bildirdim ki, mənə mesaj yazan qadını tanıyırsan.
Ancaq Elxan həmin qadını tanımadığını qeyd etdi, orada bildirdim ki, yalan danışırsan və bu qadın sənin məni aeroportda qarşılamağını, mənim ailəm haqqında, mənim internetdə adımı, soyadımı səndən öyrənib və sən demisən. Onunla yenə də sözlə mübahisələrimiz oldu və o məni sakitləşdirmək istədi.
Ona bildirdim ki, həmin qadının adını və onunla əlaqə saxlamaq imkanı yarat, görüm ki, o kimdir və məni nəlayiq formada nəyə görə təhqir edir. Lakin, Elxan onun haqqında heç bir məlumat vermədi. Onda qeyd etdim ki, siz məndə çıxış yolu qoymadınız və sizin barənizdə şikayət edəcəm. Sonra onun yanından çıxaraq evə gəldim. Səhərisi gün internetdə mənə mesaj yazan qadının səhifəsi yoxa çıxdı. Buna baxmayaraq, mən əvvəlki yazışmaları saxlaya bilmişdim.
27 yanvar 2012-ci il tarixdə, təqribən saat 18:30 radələrində, müvəqqəti yaşadığım mənzildən çıxaraq aşağı dükana düşürdüm. Pilləkənləri enərkən, liftin arxa tərəfində naməlum kişi arxadan mənim boynumdan tutdu və əlindəki mənə məlum olmayan əşya ilə sol böyür tərəfimdən dayadı. «Sən kim haqda şikayət verirsən, o qadın özü polisdir, çıx get öz vətəninə, yoxsa səni öldürürəm» sözləri ilə hədələdi. Sonra məni itələdi və bildirdi ki, “arxaya baxma” və pilləkənləri enərək qaçıb getdi. Həmin şəxs hündür boylu idi, yalnız gözündə qara eynəyi, başında qara trikotaj papağı, əynində qara gödəkçəsi var idi. Həmin vaxt blokda heç kim yox idi və naməlum şəxsin hərəkətləri təxminən bir dəqiqə baş vermişdir. Bundan sonra mən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 xidmətinə zəng vurdum və baş verən hadisəni təfsilatı ilə danışdım. Həmin tarixdə DİN Nəsimi RPİ 22-ci bölməsinə şikayət ərizəsi təqdim etdim. Səhəri gün bölməyə dəvət olundum və baş verən hadisələri izahatımda ətraflı qeyd etdim.”
Lakin M.Seyidcabborun şikayəti üzrə Nəsimi rayon Polis idarəsində aparılan araşdırma nəticəsiz başa çatır və işi araşdıran baş təhqiqatçı Əziz Rüstəmov cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edir. Nəsimi rayon Prokurorluğuna edilən şikayətdən sonra isə vəziyyət dəyişir və Ə.Rüstəmovun cinayət işinin başlanmasını rədd edən qərarı ləğv edilərək işin təkrar və hərtərəfli araşdırılması barədə göstəriş verilir. DİN-in Daxili Təhqiqatlar İdarəsi isə apardığı araşdırmalardan sonra Elxan Ələkbərovun əməllərinin vəzifəsi ilə uyğun gəlmədiyi qənaətinə gəlib və E.Ələkbərov işdən qovulub. Bu barədə M. Seyidcabbora göndərilən məktubda belə qeyd edilir: “Binəqədi RPİ PPXB-nin komandiri Elxan Ələkbərov 1990-cı ildən rəsmii nikahda olduğu halda cəmiyyətdə qəbul olunmuş norma və qaydalara əməl etməyərək 2011-ci ilin əvvəllərində Sizinlə internet vasitəsilə tanış olaraq şəxsi münasibətlər yaradıb ailə həyatı quracağına söz verdiyinə görə DİN-in müvafiq əmri ilə tutduğu vəzifədən azad edilmişdir.”