BolgeXeber.Com » Gündəm » Balakən xəstəxanasında özbaşınalıq

Balakən xəstəxanasında özbaşınalıq

4-05-2012, 11:15
Oxunub: 5 523 Prezident rayondan ayağını kənara qoyan kimi, baş həkim Hacıömər Nuriyev USM aparatını sataraq, yerinə köhnəsinə qoyub

Səhiyyə sektorunda üz qarası olan xəstəxanaların sayı az deyil. Həkimlərin xəstələrə pul gözündə baxması, onları dolanışıq yeri kimi görməsi də sirr sayılmır. Amma bəzi həkimlər də var ki, onların hərəkətlərinə həqiqətən də hüquqi qiymət verilməlidir. Çünki bir tərəfdən korrupsiya, digər tərəfdən də dövlət əmlakını mənimsəməyə görə, məşhər ayağına çəkilmələri zəruridir.

Balakən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyevi bu qəbildən görənlər var. Çünki sözügedən şəxs rəhbərlik etdiyi xəstəxananı özünün biznes sahəsinə çevirib. Bu barədə Bolgexeber.com-a məlumat verən mənbə bildirir ki, Balakən rayonundakı Mərkəzi Xəstəxana bu yaxınlarda istifadəyə verilmiş, modern və gurşad bir binadan ibarətdir. Tibbi və texniki avadanlıqlara gəldikdə isə buradakı personalın tayı-bərabəri olmadığı deyilir. Amma baş həkim Hacıömər Nuriyev bu qədər üstünlüklərin üzərindən elə ustalıqla xətt çəkib ki, nəticədə, camaat narazı düzüb.

Məlumatda deyilir ki, prezident İlham Əliyev Balakəndə olarkən sözügedən xəstəxananın açılışını edib. Həmin vaxt Mərkəzi Xəstəxananın Ginekologiya Şöbəsində ən müasir USM (daha çoz UZİ aparatı kimi tanınır-red.) avadanlığı quraşdırılmışdı. Lakin prezident ayağını Balakəndən kənara qoyan kimi, baş həkim Hacıömər Nuriyev həmin USM aparatını satıb. Yerinə isə sovet dövründən qalma köhnə avadanlığı qoyub ki, o da işləmir.

Məlumatı verən şəxs deyir ki, baş həkim bunun qarşılığında Ümumi Şöbəyə qoyulmuş USM-dən istifadəni hamıya tövsiyyə edir. Məsələn, Ginekologiya Şöbəsinə müayəinəyə gəlmiş hamilə, zahı, hətta ağır vəziyyətdə olan qadınlardan tələb olunur ki, o vəziyyətlərində durub getsinlər Ümumi Şöbədəki USM aparatından keçsinlər. Səbəbi də budur ki, həmin şöbənin müdiri baş həkimin yaxınıdır və Hacıömər Nuriyev də bu hərəkəti ilə bütün pulları bir əldə, özü də etibarlı əldə cəmləşdirmək istəyir.

H.Nuriyevin olduqca maraqlı qayda və qanunları da var. Balakən Mərkəzi Xəstəxanasının baş həkimi ildə iki formada pul yığır. Onlardan biri aylıq haqqdır ki, hər bir həkim hansı işi görməsindən asılı olmayaraq, bəlli miqdarda pulu hər ay baş həkimə verməlidir. İkincisi isə ildə bir dəfə yığılır. H.Nuriyev hər ilin sonu həkimlərdən tələb edir ki, ya pul verib işlərində qalmalıdırlar, ya da onları işdən çıxarmalı olacaq.

Hacıömər Nuriyevin bir başqa «kuralları» da var. Bolgexeber.com-a çatan məlumatlara görə, Azərbaycan Tibb Universitetini bitirmiş və Balakən rayon Mərkəzi Xəstəxanasına göndərişlə göndərilmiş həkimlərin hamısının başına olmazın oyunlar açırlar. Belə ki, hal hazırda Balakən rayon Mərkəzi Xəstəxanasında göndərişlə gəlmiş 5-6 həkim var. Lakin baş həkim onların hansı şəkildə gəldiklərinə məhəl qoymur. İxtisaslı kadrlar olduqları halda onları kəndlərə ailə həkimi kimi göndərən Hacıömər Nuriyev onların ştatlarını isə başqalarına satmaqla məşğuldur. Məsələn, ATU-nu bitirmiş və Bakıda UZİ avadanlıqları üzrə təcrübə keçmiş həkimi «ailə həkimi» kimi sənədləşdirib, ucqar kəndələrə göndəriblər.

Qəribə hallardan biri də odur ki, Hacıömər Nuriyev kəndə ailə həkimi kimi göndərdiyi həmin həkimlərdən sonra tələb edir ki, Mərkəzi Xəstəxanada işləsin. Özü də başqalarının yerinə. Çünki onların yerini satdığı başqalarını xəstəxanada tapmaq çətindir. Pullarını verib ştat almış həmin «həkim»lərin əsas funksiyası ayda bir dəfə gələrək, ştat cədvəlinə qol çəkərək, maaş almalarıdır.

Baləkən rayon Mərkəzi Xəstəxanasının baş həkiminin bu hərəkətlərindən edilən şikayətlərə gəldikdə isə indiyə qədər bununla bağlı heç bir tədbir görülməyib. Hacıömər Nuriyev isə hamıya deyir ki, onun arxası möhkəmdir və yığdığı pulları da yuxarılarla, yəni Səhiyyə Nazirliyi ilə bölüşdürür. Ona görə də, kimsə ona bir şey edə bilməz.

P.S. Bildirək ki, bu yazdıqlarımız Balakən rayon Mərkəzi Xəstəxanasında baş verənlərin çox cüzi bir hissəsidir. Yaxın günlərdə Hacıömər Nuriyevin digər əməlləri ilə bağlı geniş bilgi verməyə çalışacağıq.