BolgeXeber.Com » Gündəm » Beynəlxalq eksperlər Ermənistanın Azərbaycana vurduğu ziyanı hesablayacaq

Beynəlxalq eksperlər Ermənistanın Azərbaycana vurduğu ziyanı hesablayacaq

27-07-2012, 16:05
Oxunub: 4 921 Baş nazirin müavini: “Prezident İlham Əliyev yenidən qiymətləndirmənin aparılmasına dair tapşırıq verib, Azərbaycan qiymətləndirmə prosesini təcili başa çatdırmalıdır”
Bu gün “Dövlətlərarası münaqişələr zəminində dəyən zərər və itkilərin qiymətləndirilməsi” mövzusunda III beynəlxalq simpozium keçirilib.

APA-nın məlumatına görə, “Sosial-iqtisadi ideyalar institutu” İB və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşəbbüsü ilə keçirilən tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası İdarə Heyətinin üzvü Xanhüseyin Kazımlı vurğulayıb ki, Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ziyanın öyrənilməsi və bunun beynəlxalq qurumların diqqətinə çatdırılması işi hökumətin və həm də vətəndaş cəmiyyətinin vacib fəaliyyət istiqamətlərinə daxil olmalıdır. Onun fikrincə, Azərbaycan artıq bu prosesə start verib: “Yaxın vaxtlarda beynəlxalq ekspertlərin iştirakı ilə Ermənistan tərəfindən Azərbaycana dəyən ziyanın miqdarının dəyərləndirilməsinə dair hesabat da hazırlanacaq”.

Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, qiymətləndirmənin beynəlxalq standartlara cavab verməsi üçün dünya təcrübəsinin öyrənilməsi çox vacibdir. Ə. Həsənov qeyd edib ki, Azərbaycan qiymətləndirmə prosesini təcili başa çatdırmalıdır: “Əvvəllər bu hesablama aparılsa da, bəzi məsələlər nəzərə alınmayıb. Bu səbəbdən də Milli Məclisin deputatı Xanhüseyn Kazımlının ölkə başçısına yeni qiymətləndirmənin aparılması ilə bağlı təklifi dəyərləndirilib. Prezident İlham Əliyev yenidən qiymətləndirmənin aparılmasına dair tapşırıq verib”. Ə. Həsənov Azərbaycanda beynəlxalq qurumların iştirakı ilə bu mövzu ilə bağlı geniş konfransın keçiriləcəyini də vurğulayıb.

Xatırladaq ki, tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri İbrahim Quliyev, Rusiya Qiymətləndiricilər Cəmiyyətinin vitse-prezidenti İqor Artemenkov, həmçinin bir sıra QHT nümayəndələri iştirak ediblər.