BolgeXeber.Com » Gündəm » Bakıda qanlı toqquşma

Bakıda qanlı toqquşma

5-10-2012, 13:50
Oxunub: 5 288 Paytaxtda son illərin ən böyük və təşkil olunmuş etiraz hadisəsi - “HİCABA AZADLIQ” – baş verib

Bu gün qeyd olunan Müəllim günündə 200-dən çox şəhər sakini Təhsil Nazirliyinin qarşısında toplaşaraq nazirliyə, eyni zamanda təhsil siyasətinə etiraz bildiriblər.
Polislə etirazçılar arasında ciddi qarşıdurma olub. Polis 70-dən artıq dindarı saxlayaraq, bölmələrə aparıb. Bu işdə polislərə FHN əməkdaşları da kömək ediblər.
Əməkdaşımızın verdiyi xəbərə görə, Təhsil Nazirliyi qarşısında baş verən aksiya dağılsa da, dindarlar onun şəhərin başqa səmtində davam etdirəcəklərini bildiriblər.

****

APA-nın məlumatına görə, dindarların keçirdiyi aksiyada Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırova xəsarət yetirilib.
S. Bağırov APA-ya açıqlamasında xəsarətinin ağır olmadığını bildirib. O, qeyd edib ki, artıq aksiya dağıdılıb.
Bakıda dindarların keçirdiyi aksiyada 3 polis əməkdaşı isə ağır xəsarət alıb. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, xəstəxanaya ağır xəsarətlə daxil olan 3 polis əməkdaşından 2-si Daxili İşlər Nazirliyinin hospitalına aparılıb. Bir nəfər isə hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır.
Qeyd edək ki, bu gün bir qrup dindar Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları hicaba qoyulmuş qadağanın götürülməsi tələbi ilə plakatlar qaldırıb, şüarlar səsləndiriblər.
Hadisə yerinə cəlb olunmuş polislər aksiyanın qarşısını almaq istəyərkən qarşıdurma yaranıb. Toqquşma nəticəsində həm polis, həm də aksiya iştirakçıları arasında xəsarət alanlar olub. Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib, yaralılar xəstəxanaya aparılıb.
Aksiyanın təşkilatçılarına yaxın olan islamazeri.az saytı bu aksiyanı “3-cü Hicaba azadlıq aksiyasında 2-ci Qanlı cümə ” adlandırıb.
Qeyd edək ki, ötən il eyni tələblərlə eyni məkanda etiraz aksiyaları keçirilmişdi.

Aksiyaya dair foto və video materialların baxışı zamanı belə aydın olur ki, etirazçılar Təhsil nazirliyinin önünə olası toqquşmalara əvvəlcədən hazır olublar. Aksiya iştirakçılarının bəzilərinin əllərində yaşıl rəngdə dəyənəklər olub. Proseslərin gedişində, polslər rezin dəyənəkləri işə salan zaman həmin dəyənəklilər də əllərindəki taxta dəyənəklərlə asayiş keçikçilərinə cavab veriblər. Nəticədə 2003-cü ildən bu yana təkrar olunmayan qarşıdurma yaranıb.