BolgeXeber.Com » Gündəm » Məhbuslar aclıq elan edib

Məhbuslar aclıq elan edib

18-01-2011, 10:15
Oxunub: 6 501 Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu ilin aprel ayının 30-da baş verən kütləvi qətllə bağlı təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Bolgexeber-in məlumatına görə, prosesdə əvvəlcə təqsirli bilinən Nəcəf Süleymanovun müdafiəçisi Kamil Axundov ərizəsini məhkəməyə təqdim edib. Bildirilib ki, onlar qanunsuz olaraq həbs olunub və ədalətsiz, qərəzli, sifarişli hökmün Appelyasiya Məhkəməsi tərəfindən düzgün aparılmamasına etiraz olaraq yanvarın 14-ü saat 18:00-dan aclıq aksiyasına başlayıblar.

Daha sonra dövlət ittihamçısı çıxış edərək bildirb ki, məhkəmədə sərbəst ifadə verməyənəcən onların vəsatətləri təmin olunmayacaq. Ərizələri əssasız olduğu üçün məhkəmədən təmin edilməməsini istəyib.

Hakimlərin qısa müşavirəsindən sonra hakim onların müraciətinin baxılmadan saxlanılmasını qərar verib.

Daha sonra hakim Cavidan Əmirova ifadə verməyi təklif edib.O, bildirib ki, yanvarın 14-dən aclıq aksiyasına başlayıb: “Məhkəməyə gələndə də ağzımı sapla tikmişdim.Əgər düzgün qərar çıxarılmazsa mən aksiyanı davam etdirəcəyəm”. Cavidan Əmirov və Nəcəf Süleymanov ifadəyə hazır olmadıqlarını bildirib. Hakim hazırlaşmaq üçün onlara vaxt verib.

Daha sonra digər təqsirləndirilən şəxs Nadir Əliyev ifadə verib. O, məhkəmə zalında ağlayaraq, bu hadisədə heç bir günahı olmadığını bildirib. Təqsiri varsa, edam olunmağa hazır olduğunu deyib. N.Əliyev ifadəsində bilrdirib ki, ibtidai istintaq zamanı onun Bakıya başqa səbəblə gəldiyi göstərilib. Məhkum məhkəmədən bunun araşdırılmasını istəyib. Bunun üçün o, Vəfa adlı qızdan ifadə almağı xahiş edib. Eyni zamanda o, bildirib ki, hadisə olan zaman işdə olub. Bununla bağlı işlədiyi dönərxananın müdiri İlqar Budaqovun da ifadəsinin alınmasını istəyib. Beləliklə, növbəti proses yanvar ayının 26-na təyin olunub.

Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 avqust 2010-cu il tarixli hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Xatırladaq ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub.