BolgeXeber.Com » Gündəm » Səhlab Bağırovdan xəbərdarlıq

Səhlab Bağırovdan xəbərdarlıq

16-11-2012, 14:50
Oxunub: 4 258 "Sabahkı aksiyaya çıxanlar yeni qanunla cəzalandırılacaq"

“Polis sabaha nəzərdə tutulan icazəsiz etiraz aksiyasının qarşısını yüksək səviyyədə alacaqdır. Biz icazə verə bilmərik ki, kimliyindən asılı olmayaraq paytaxtın mərkəzində, insanların ən sıx olduğu bir ərazidə hansısa razılaşdırılmamış aksiya keçirilsin”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov bildirib. Onun sözlərinə görə, indidən xəbərdarlıq edirlər ki, sabah heç kəs bu icazəsiz aksiyaya çıxmağa cəhd göstərməsin: “Çünki orada bir nəfərin belə hər hansı artıq hərəkətinə yol verilməyəcək”.

Rəis müavini həmçinin bildirib ki, sabah qanunsuz etiraz aksiyasına cəhd olunarsa, orada saxlanılan şəxslər yeni qanunvericiliyə uyğun şəkildə cərimələnəcək.

Qeyd edək ki, bu günlərdə prezident ”Sərbəst toplaşmaq haqqında” qanuna edilən son dəyişiklikləri bir neçə gün əvvəl imzalayıb. Həmin qanuna əsasən razılaşdırılmamış etiraz aksiyasına çıxanlara qarşı cərimənin 500 manatdan 1000 manatadək artırılması nəzərdə tutulub. Yeni sənəddə hökumətin razılığı olmadan keçirilən aksiyanın təşkilatçıları üçün 1500 manatdan 3000 manatadək cərimə nəzərdə tutulub. Təşkilatçı vəzifəli şəxsdirsə, 3000 manatdan 6000 manatadək məbləğdə cərimə olunacaq.

Təşkilatçı hüquqi şəxsdirsə 15000 manatdan 30000 manatadək cərimə tətbiq ediləcək.